Saat:16:50
Haqqımızda

Milli kimliyi və dövlətçiliyi birləşdirən SİYASİ LİDER – Heydər Əliyevin anım gününə

2025-12-12 14:06:06

Milli kimliyi və dövlətçiliyi birləşdirən SİYASİ LİDER – Heydər Əliyevin anım gününə

Bu gün – 12 dekabr tarixi mərhum prezident, Ümummilli lider Heydər Əliyevin anım günüdür.

Artıq 22 ildir Heydər Əliyev fiziki olaraq aramızda olmasa da, nə yaxşı ki, onun siyasəti hələ də davam etməkdədir.

Heydər Əliyev yalnız siyasi lider deyildi, dövlətçilik fəlsəfəsinin banisi, milli iradənin daşıyıcısı, strateji düşüncə sahibi və hər bir azərbaycanlının qəlbində yaşayan ümummilli lider idi. Onun dünya görüşü, xalqa qayğısı bir başqa idi. Zənnimcə, müasir Azərbaycan dövlətinin, xalqının əldə etdiyi hər bir uğurun arxasında H.Əliyevin imzası durur.

Bu gün müasir və müstəqil Azərbaycanın memarı, dövlətçilik ənənələrimizin banisi, xalqımızın yaddaşında silinməz iz qoymuş Ümummilli lider Heydər Əliyevi böyük hörmət və dərin ehtiramla yad edirik. Onun müəyyən etdiyi strateji xətti uğurla davam etdirən, ata vəsiyyətini məsuliyyətlə gərçəkləşdirən Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevin də bu gün xalqımız tərəfindən sevilməsi, böyük rəğbət bəslənilməsi xüsusi əhəmiyyət daşıyır.

Zamanında Ümumilli liderin dediyi kimi, indi hər bir vətəndaşımız azərbaycanlı olmaqdan qürür duyur. Odur ki, millətimiz, dövlətimiz yaşadıqca Ulu öndər də yaşayacaq. Onun qoyub getdiyi siyasət Azərbaycanı daha böyük uğurlara apararcaqdır.

…22 il bundan qabaq sanki Azərbaycan susmuşdu. Onun kimi bir dahinin ölüm xəbəri yeri-göyü sirkələmişdi. Dahi şəxsiyyəti itirmək, onun səsini bir daha eşitməmək xalqı dərindən sarsıtmışdı. Çünki Heydər Əliyev hər zaman vətəndaşlarla görüşən zaman hər kəsin dərdini diqqətlə dinləyirdi, sorğu-sualsız nazirlərə tapşırıq verirdi. Onun rəhbərliyi dönəmində dövlət qurumları heç bir vətəndaşı haqsısa yerə susdura bilməzdi. Buna imkan verməzdi.

Heydər Əliyevin çıxışlarını hər kəsi diqqətlə izləyirdi. O, bütün çıxışlarında milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi üçün mühüm tövsiyyələr verirdi. Təhsilə, elmə və mədəniyyətə verdiyi dəyər sayəsində Azərbaycan intellektual və mənəvi inkişaf yolunda yeni mərhələyə qədəm qoydu. Onun rəhbərliyi ilə qəbul edilən Konstitusiya və aparılan islahatlar hüquqi dövlətçiliyin əsasını təşkil etdi.

Heydər Əliyev bir lider kimi, həm daxili siyasətdə, həm də beynəlxalq arenada söz sahibi idi. Onun diplomatik bacarığı nəticəsində Azərbaycan öz maraqlarını dünyaya çatdırmağı bacardı, beynəlxalq təşkilatlarla əməkdaşlıq gücləndirildi və ölkəmiz müstəqil mövqeyini qorudu.

Onun xalqla münasibəti səmimi və doğma idi. Heydər Əliyev azərbaycanlıların qəlbində təkcə prezident və lider kimi yox, həm də xalqın ağsaqqalı, yolgöstərən bir şəxsiyyət kimi qalmaqdadır. O, milli kimliyi və dövlətçiliyi birləşdirən canlı simvol idi.

Jalə FAMİLQIZI