Saat:15:58
Haqqımızda

MİLLƏTİN TƏHQİR OLUNMASINA SUSANLAR PREZİDENTLƏ BİR CƏRGƏDƏ... - Firuz Haşımov yazır

2022-05-24 14:10:00

MİLLƏTİN TƏHQİR OLUNMASINA SUSANLAR PREZİDENTLƏ BİR CƏRGƏDƏ... - Firuz Haşımov yazır

Düşmən Şuşada yallı gedib kabab yeyəndə, bizim “qeyrətli” qələm sahiblərinin birinin səsi Egey sahillərindən gəlirdi, biri də Qəbələdə vücuduna qulluq edirdi

Yaltaq “ideoloqların” sayı-hesabı bilinmir, amma döyüş meydanında Vətən uğrunda parça-parça olmağı səadət sayan əsl ziyalımız yoxdur...

Festivallar, təntənəli konsertlər, diqqəti cəlb edən tədbirlər başlayan kimi, onu gördük ki, illər boyu milli istiqlaliyyət uğrunda mübarizədə var-yoxlarını, şirin canlarını qurban vermiş, dərd-ələmdən neçə xəstəlik tapmış anarlar, elçinlər, poladlar, fərhadlar ən gözə gəlimli yerlərdə peyda oldular. Cıdır düzündə təşkil olunmuş gözəl tədbirlərdə bu həşəmətli ağalar Müzəffər Prezidentlə bir cərgədə oturmuşdular.

Polad Bülbüloğlunun çərkəzi çuxası, daqqa papağı özgə aləm idi. Fərhad ağanın vəcdə gəlib əl-qol oynatmasına iki göz də lazım idi tamaşa eləsin, özünü əski Roma senatorları kimi təşəxxüslə aparan Anar ağa özünü elə dartmışdı ki, elə bil  Şuşanın üzərinə qələbə bayrağını o sancıb.

Bayraq dedim, çoxdan baş vermiş bir vaqiə yadıma düşdü. Ağır da olsa bunu yazmalıyam. Heydər Əliyevin ən yaxın səhabələrindən sayılan Rafael Allahverdiyev Bakının “xozeyni” təyin olunan gün qədim şəhərin qara günləri başladı. Şəhərin bağlarının, meydanlarının, sözün tam mənasında kloakaya dönməsi elə adam qalmadı ki, onu sarsıtmasın. Hər yerdə şıdırğı alver gedirdi, sellofan çadırlar altında işləyən kitabxanaların sayı-hesabı yox idi. Cənublu-şimallı Azərbaycanın yeganə salamat qalmış İç şəhəri, millətin hərəm yeri sayılan qalası əcnəbilərə qarış-qarış satıldı. Onu gördük ki, qədim şəhərimizin üzərində türk-islam dünyasının ən qatı düşmənlərinin – yunanların, italyan və fransızların bayraqları dalğalanır.

Dünyanın heç bir xalqı belə xəyanəti, belə binamusluğu bağışlamazdı, belə şeyə də dözməzdi. “İmpuls” qəzetinin 2004-cü il 43-cü sayında məqaləm də belə adlanırdı: “Heç bir xalq belə binamusluğu bağışlamazdı!”. Dözə bilməyib “Nəbz” qəzetində də bu məsələni işıqlandırdım.

Yazdım ki, İçəri şəhərdə əcnəbi ölkənin diplomatik fəaliyyəti üçün bina ayırmaq qəbahətdir, axı burada yadelli bayrağı vurulacaq. Rus imkan verər ki, kimsə onun Kremlinin ortasında yer alıb oraya bayrağını vursun? Axı siz kimsiniz ki, xalqın nüfuzunu aşağılayırsınız?

Gözləyirdim ki, şeir yazmaqdan, boş-boş danışmaqdan başqa əllərindən heç nə gəlməyən bizim qələm ərbablarının qeyrəti cuşa gələcək, cəbhədə də olmasa, burada Bakıda səsini ucaldacaq. Hamı susdu... Allah canını sağ eləsin, Seyran Səxavət mətbuat səhifələrində çox kəskin çıxış elədi, nə lazım gəldi dedi. Bütün üsuli-idarələrlə dil tapa bilən anarlar, elçinlər və bunların məiyyətində olan biveclər də ağızlarına su aldılar. Mən çoxdan demişdim ki, konformistləri özlərinə örnək bilənlərin milli şərəf barədə təsəvvürləri çox bəsitdir.

Başqalarının min əzab və əziyyətlə qazandıqları zəfərdən  məstkam olan, özlərini Qarabağlı sayan Elçinin, Fərhad ağanın yadlarına bir əhvalatı salmaq istəyirəm. Məhkəmə iclası telekanallarda da göstərilirdi. Hakimin “Əlinizdə bu qədər texnika, silahlı qüvvə ola-ola, niyə Şuşanı müdafiə etmədiniz?” sualına “Əcəb elədim!” cavabını verən general Tahir Əliyevi nə tez unutmusunuz? Şəxsən mənə onun belə azğınlığı o qədər təsir etməmişdi, nə qədər ki, əslən Qarabağlı olan bu biveclərin susmaqları. Birisinin ağzından ikicə kəlmə qəzəbli söz çıxmadı.

Şuşa işğal olunan gündə Bakının mərkəzindəki kafedə iki-iki araq açdıran şərəfsizin kim olduğunu mən də, başqa qəzetlər də yazdı. Ona da söz deyən olmadı.

“Zekalo” qəzetində hamını sarsıdan xəbər dərc olunmuşdu. Heç demə, insanlıq simasını itirmiş canilər (bir “həkim”in adı da çəkilirdi) əsir düşmüş onlarla azərbaycanlı uşağın daxili orqanlarını xaricə satmaq üçün kəsib götürürlərmiş. Heç demə, Laçında da, Şuşa da belə ağlagəlməz “eksperimentlərin” keçirilməsi üçün xüsusi kabinetlər də olub.

Sözüm sizədir Polad ağa, Fərhad ağa, heç bir haqqınız olmayan şənliklərdə iştirak etməmişdən qabaq özünüzü oda-közə vurub əsl canilərin məsuliyyətə cəlb olunması üçün niyə iki qəpiklik iş görmədiniz? Sutenyorlar cavan qızları lüt-madəriza edib “müsabiqələrə” çıxartdılar, susdunuz.

Arvadları, anaları, qohum-əqrəbası erməni olanlar milləti təhqir etdilər, aşağıladılar, susdunuz. Özəl telekanallar şamı-səhər əxlaqsızlığı, bayağılığı təbliğ edə-edə millətin gənc nəslinin evini yıxdılar, susdunuz. Tərəkəmə düşüncəsi ilə yaşayanlar hakimiyyəti qamarlamış pulgirlərin köməyi ilə gül kimi Abşeronun axırına çıxdılar, kasıb-kusubu Allahın dənizinə yaxınlaşmaq hüququndan da mərhum etdilər, susdunuz. Təhsil sistemi bərbad günə düşdü, susdunuz. Yenə də sayım?

...İkinci cahan savaşı başlayan gündən Rusiyanın elə qələm sahibi qalmamışdı ki, cəbhəyə hətta partizan dəstələrinə yollanmasın. Burada isə düşmən Şuşada yallı gedib kabab yeyəndə, bizim “qeyrətli” qələm sahiblərinin birinin səsi Egey sahillərindən gəlirdi, biri də Qəbələdə vücuduna qulluq edirdi.

Dəfələrlə yazmışam, demişəm Qafqazın tarixində istər miladdan əvvəl, istərsə də sonralar hələ görünməmişdi ki, qəsbkar məzarları yerlə yeksan edib, dünyadan köçmüş insanların sümüklərini belə oğurlasın, hara gəldi atsın. Ən binamus qəsbkar da başa düşürdü ki, heç bir xalq bunu bağışlamayacaq, qisas dəhşətli olacaq. Biz qisas da almadıq, əksinə özümüzü elə apardıq ki, guya heç nə baş verməyib. Baş verib! Ağdam məzarlığında, imarət adlanan məkanda baş verənlər bütün tariximizə qanla yuyulası ləkədir!

Mən bədbaxt da düşünürdüm ki, mobil intiqamçı qrupları vurub atəş xəttini keçəcək və Ermənistanın daxilində hər yeri oda yaxacaq, qatilləri, marodyorları bir-bir dara çəkəcəklər.

Halımıza ağlayan yoxdur, şeir yazanın, efirdə hərcayi-hərcayi danışanın, yaltaq “ideoloqların” sayı-hesabı bilinmir, amma döyüş meydanında Vətən uğrunda parça-parça olmağı səadət sayan əsl ziyalımız yoxdur.

Son hücumda erməni faşistlərini cəhənnəmə vasil edən, ağır yara alsa da yoldaşlarını qoyub arxaya çəkilmək istəməyən igid hara, Bodrumda kefə baxan simasız, arsız “ziyalı” hara?

Firuz HAŞIMOV

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR