Saat:03:59
Haqqımızda

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

2024-05-08 12:54:56

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Ötən gün Milli Məclisin iclasında millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı sensasiya sayıla biləcək açıqlama ilə çıxış etdi. Millət vəkili bildirdi ki, onun gənc dostları İrandan gətirilən spirtdən hazırlanan araqdan zəhərlənərək ölüblər. O, İrandan gətirilən spirtdən arağın necə - sexdəmi, özbaşınamı, yaxud zavodlardamı hazırlandığına aydınlıq gətirməyib və yaxud bu barədə məlumatsız olması da mümkündür. Ancaq bütün hallarda bu məsələ ciddi araşdırma tələb edir.

İslam adına iddia edən İranın Azərbaycana ixrac etdiyi narkotik növlərini bilirdik, indi buna spirtin də əlavə olunduğunu öyrəndik və bu, tam ayrı mövzudur. Maraqlı olan bunun idxal-ixrac əməliyyatlarında rəsmiləşib-rəsmiləşməməsidir: İran rəsmən Azərbaycana spirt ixrac edirmi?

DGK-nın hesabatında İrandan Azərbaycana spirtli içki idxalı ilə bağlı heç bir məlumat yoxdur. Maraqlıdır, bəs ölkəmizə “İran spirti” necə soxulur? Hansı “qapıdan” keçir?

Heç bir bəhanə ola bilməz: Azərbaycanın quru sərhədləri 4 ildir bağlıdır, kimsənin İrana səfər edərkən, qayıdanda özü ilə “yarım litr” içki gətirməsi ehtimalı yoxdur. Yüklər isə birbaşa DGK-nın nəzarətində ölkəyə daxil olur. Bəs, Azərbaycanda “İran spirti” necə peyda olur?

Digər cavab verəsi qurum isə AQTA-dır. Ötən gün “My Musik” otelində baş verən zəhərlənmənin qidadan olmadığını çox əsəbi formada tirajlayıb, bu barədə yayılan informasiyanı heç bir etik normaya sığmayan tərzdə təkzibləməyə çalışan AQTA “rəsmi cavab olmadan” belə məlumatların yolverilməzliyindən danışır. Halbuki bu cür “iddialı” açıqlamasının ardından Zaqatalada 40 nəfərin dönərdən zəhərlənməsi faktı ortaya çıxdı. AQTA isə “araşdırmaya başladığını” elan etdi. Adamlar zəhərlənib xəstəxanaya düşəndən və yaxud öləndən sonra araşdırmanı prokurorluq daha yaxşı aparır – AQTA-ya heç bir ehtiyac yoxdur. AQTA-nın vəzifəsi insanların zəhərlənməsinə qədər olan prosesdir. Nəticə varmı?

Əlbəttə var – ötən gün ən azı etiraf edilən 40 zəhərlənmə faktı!

Aradan bu qədər vaxt keçməsinə baxmayaraq, AQTA Zaqatalada baş verən zəhərlənmənin səbəbləri haqda məlumat yaymayıb.

Milli Məclisdə səsləndirilən və millət vəkillərini narahat edən məsələ haqda da heç bir açıqlama yoxdur.

Problem qaldırılıb: spirtli içki, araq necə olur ki, rayon yerlərində 3-6 manata satılır?

Millət vəkili bunun mümkün olmadığını, bu içkilərin saxtalığından şübhələndiyini ölkənin yüksək tribunasından elan edib. AQTA niyə “hərəkətə” keçib, informasiya yaymır? Niyə həmin içkilərin standarta uyğun olub-olmadığı haqda məlumat vermir?

“Bu cür hallarda rəsmi qurumla dəqiqləşdirilmədən məlumatların yayılması yolverilməzdir” kimi hədə-təhdid dili ilə sosial medianı susdurmağa gülünc cəhd edən AQTA-ya ünvanlayırıq sorğumuzu:

Millət vəkilinin Milli Məclisin tribunasından “dostların bu araqdan ölüb” açıqlamasını araşdırmamaq, ucuz araqların keyfiyyəti ilə bağlı məlumat yaymamaq yolverilməzdir, işinin öhdəsindən gəlməməkdir.

axar.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.228655