Saat:16:37
Haqqımızda

“Mikayıl müəllim ixtisar etdikləri ilə yeni açılan iş yerlərinin sayını səhv salıb” - MÜSAHİBƏ

2025-12-01 12:54:23

“Mikayıl müəllim ixtisar etdikləri ilə yeni açılan iş yerlərinin sayını səhv salıb” - MÜSAHİBƏ

Mirvari Qəhrəmanlı: “SOCAR-da 50-60 yaşına çatmış işçilərə psixoloji təsir edirlər”

“Vitse-prezident Ziba xanım əlində məktubu yellədərək şikayətçiyə deyir ki, ərizəni yaz, çıx get...”

“SOCAR-da kütləvi ixtisarlar gedir və bunu "yenidənqurma", "sağlamlaşdırma", "optimallaşdırma" adlandırırlar”

Son günlər mətbuatda və sosial şəbəkələrdə SOCAR rəhbərliyi tərəfindən işçilərə qarşı haqsızlıq edildiyi ilə bağlı informasiyalar verilir. Məsələn, 60 yaşı tamam olan əməkdaşların qanunsuz olaraq, kütləvi şəkildə işdən azad edildiyi haqda informasiyalar mövcuddur. Hansı ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı da özünün “Facebook” hesabında açıqlama yayıb. Mirvari xanımın iddiasına görə, dövlət şirkətində 60 yaşına çatan əməkdaşlar işdən azad olunur ki, onların pensiya yaşınadək necə yaşayacağı SOCAR rəhbərliyində kimsəni düşündürmür. Rəhbərliyin bu qərarını hərc-mərclik kimi təqdim edən M.Qəhrəmanlı “görəsən bu adam hansı pulla yaşayacaq” deyə onlara sual ünvanlayır. Bu və ya digər mövzu ətrafında elə Miravari Qəhrəmanlı ilə söhbətləşdik.

(Əvvəli bu linkdə: Bu komandanın etdiyi hərc-mərcliyi keçmişdə görməmişəm” - MİRVARİ QƏHRƏMANLI)

- Mirvari xanım, sizcə, SOCAR-dakı ixtisarlar işsizliyin artmasına nə dərəcədə təsir göstərəcək?

- Ölkədə işsizlik çoxdur, amma ölkə başçısına bunun 5 faiz olduğunu deyirlər. 50-60 yaşına çatmış işçilərə psixoloji təsir edirlər. Onlara imtahan hədə-qorxusu gəlməklə stress keçirmələrinə səbəb olurlar. Bunun onların sağlamlığına ciddi təsir etdiyini bilirlərmi? Yaxud bunun məsulliyyətini dərk edirlərmi? Xeyr, etmirlər. İndi SOCAR-ın “unikal sağlamlaşdırma” şüarı budur: “ya özün get, ya da imtahan!”.

- Bəs, bu qanunsuzluğa etiraz edənlər olmur?

- Sizə bu haqsızlığa müqavimət göstərən adamı nə gözlədiyi haqda danışım. Ölkəmizin Əmək Məcəlləsi var. Bilirsiniz ki, Əmək Məcəlləsinin idarə və müəsisələrdə icrasına nəzarəti Dövlət Əmək Müfəttişliyi həyata keçirir. Əmək Müfəttişliyi işçilərin bir çox səlahiyyətlərini əlindən alıb: qışda soyuğa çıxma, yayda istiyə çıxma. İnsanları məhkəməyə yönləndirirlər. İşdən qovulan adamın məhkəmənin rüsumu üçün pulu varmı? Bu, heç kəsə maraqlı deyil. Mediasiya 60 manat, vəkil tutmaq, rüsüm ödəmək 340 manat edir. Daha sonra vəkilə də əlavə xərc verilməlidir. Axı, buna imkan yoxdur. Bu səbəbdən də, kimsə məhkəməyə müraciət etmir. Düşünürlər ki, Prezident Aparatına, Ombudsmana, digər qurumlara müraciət etsinlər.

Prezident Aparatında “şlaqbaun” var, məktublar avtomatik Dövlət Neft Şirkətinə (SOCAR – müəl.) qayıdır. Halbuki, vətəndaşların müraciəti haqqında qanunun 7.13-cü maddəsində yazılıb ki, hansı qurumdan şikayət edirsənsə, məktubu həmin qurumun üstünə göndərmək qadağandır. Bu adam cəzalanmalıdır. Bəs bizdə nə edirlər? Şikayət məktubunu kimdən şikayət olunursa, elə ona göndərirlər. Vitse-prezident Ziba xanım da əlində məktubu yellədərək şikayətçiyə deyir ki, ərizəni yaz, çıx get. Hazırda SOCAR-da vəziyyət belədir.

- Məhz bunlara əsasən SOCAR-da hərc-mərclik olduğunu deyirsiniz?

- Bilirsiniz, SOCAR-ın Müşahidə Şurasının rəhbəri Mikayıl Cabbarov deyir ki, günə 200 nəfərlik iş yeri açılır. Belə çıxır ki, ayda 6 min iş yeri açılır. Demək, il ərzində 70 minə yaxın iş yeri açılır və ölkədə işsizlik yoxdur. Bu, açıq-aşkar yalandır. Mikayıl Cabbarovun o qədər vəzifəsi var ki, yəqin, bəzən rəqəmləri dəqiqləşdirməkdə çətinlik çəkir. Və bu sadaladıqlarım Mikayıl Cabbarovun rəhbərlik etdiyi Müşahidə Şurasındakı hərc-mərcliyi göstərir.

Elə bilirsiniz, bu, yalnız SOCAR-dadır? Ölkənin hasilat sənayesində kütləvi ixtisarlar gedir, ancaq bunu "yenidənqurma", "sağlamlaşdırma", "optimallaşdırma" adlandırırlar. Nəticədə isə xeyli sayda insanın hüquqları pozulur.

Məlumat alıram ki, əməliyyat şirkətlərində də yaşlı insanlara basqı müşahidə olunur. Bu hasilat sektorudur. BP-də hələ müşahidə olunmayıb. Hətta bildirim ki, dövlət dili haqqında qanuna da riayət etmirlər, bəzi ingilis sözlərindən istifadə edirlər. Onlara dövlət başçısının AMEA-dakı çıxışını xatırlatdım.

Düşünürəm ki, Dövlət Neft Şirkəti bu komandanı Mikayıl Cabbarovun əlindən almalıdır. Bu şirkət rəsmi olaraq Energetika Nazirliyinin tərkibindədir. Orada çox savadlı adamlar da var.

Mən, çox istərdim ki, ölkə başçısı müstəqil bir yoxlama aparsın. Əvvəllər şirkətin saytında hesabatlar yerləşdirilirdi. Onların nəzarətində olmayan müstəqil bir yoxlama aparılmalıdır. Ölkədə bütün hesabatların müzakirəsi getməlidir. Dəqiq  bilinməlidir ki, “6-cı kalon” kimlərdir. Öklədə insanları iqtisadi cəhətdən çökdürmə prosesi də gedə bilər.

- Bəs, bu qanunsuz ixtisarlarla bağlı Həmkarlar Təşkilatının mövqeyi necə olur?

- Öncə onu aydınlaşdıraq ki, Həmkarlar Təşkilatı var, ya yox? Qətiyyən yoxdur. Təyinatdır. Adamlar çaşıb, hamısı məndən tələb edirlər. İşçilər Həmkarlar Təşkilatına maaşlarından 1 və ya 2 faiz ödəniş edirlər. Amma şirkət rəhbərliyi bu ixtisarların və işdən qanunsuz çıxarmaların razılığını elə həmin təşkilatdan alır. Ölkəmizdə müstəqil Həmkarlar Təşkilatı yoxdur. Hazırda ən çox diqqət yetirilməli sahə elə budur. Vətəndaşların ən çox hüquqları pozulduğu sahə əmək və sosial-iqtisadi sahədir. Bu sahəyə nəzarət gücləndirilməlidir. Güclü yoxlamalar aparılmalıdır. İctimai şuralar bu məsələni qaldırmalıdır. Hesab edirəm ki, bu sahəyə diqqət yetirilməsə ölkə üçün yaxşı hal gözlənilmir. Artıq savadlı iqtisadçılar da bu haqda yazmağa başlayıblar. Məsələn, Natiq Cəfərli də bu məsələyə fikir bildirmişdi. Müstəqil sağlam iqtisadçıların yazdıqlarını oxuyuram. Cabbarovun çıxışları onları da narahat edib.

Bir neçə gün əvvəl qardaşımla danışırdım. Dedi, qonşunun yoldaşı gəlib elə ağlayır, qorxdum ki, ölən var. Soruşdum ki, nə olub? Yalvardı ki, bacına de, kömək etsin, bizi ixtisara salıblar. Ağlayırlar ki, acından öləcəyik. Belə haqsızlıq olar? İnsanları ağlayaraq müraciət edən görmək mənə çox ağır gəlir.

- SOCAR əməkdaşlarının pensiya yaşına çatmadan, yəni 5-7 il öncədən işdən azad olunması kütləvi xarakter daşıyır, yoxsa bununla bağlı bir neçə fakt mövcuddur?

- Nazir həqiqətən gündəlik 200 iş yeri açıldığını sübut edə bilər? Rəqəm göstərsin ki, filan rayonda bu qədər iş yeri açıb. Heç olmasa, rayonlarla bağlı statistika açıqlasın. Mikayıl müəllim malı mala qatıb. İxtisar etdikləri ilə yeni açılan iş yerlərinin sayını səhv salıb. Bunun günahı Mikayıl Cabbarovda yox, öncə vəzifələrinin sayında, bir də ona verilən yazını təhlil etmədən oxumasındadır.  Gülməlidir, inanmıram ki, gündəlik o qədər iş yeri açılır. Yəqin, biri yer qazıb, onu da iş yeri adlandırırlar.

Dediyim kimi, hasilat sahəsində kütləvi ixtisarlar gedir və hasilat aşağı düşür. “Yuxarıda” xeyli sayda müavin, müşavir və digər kadr yerləri açılır. Ola bilər, beynində qalıb ki, kimisə harasa müşavir, müavin təyin ediblər...

- Bəlli olduğu kimi, artıq bir neçə aydır Azərbaycan dövləti neftin hasilatını azaltmaq haqqında qərar qəbul edib. Sizcə, bu ixtisarların aparılması məlum qərarla bağlı deyil? Ümumiyyətlə, bu ixtisarlar konkret hansı tarixdən qüvvəyə minəcək?

- Artıq ixtisarlar başlayıb və davam edir. Nə vaxt dayanıb ki? Dost Agentliyinin göndərdiyi bütün işçiləri çıxarıblar. Digər işçiləri də onun kimi. Müqaviləsi bitməyənləri öz ərizələri ilə işdən azad edirlər. Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) biabırçı şəkildə işsizlərin sayı artır. Bunun məsələyə dəxli var, çünki Mikayıl müəllim SOCAR-ın Müşahidə Şurasının sədridir. Yəni sayı iyirmiyə qədər olan vəzifələrindən biri budur. Mən də deyənlərin yalançısıyam…

Söhbətləşdi: Jalə FAMİLQIZI

Hurriyyet.az