Məşhur döyüşçümüz Ukraynada necə həbs olunub? – Ermənilərin qurduğu tələ

2022-07-28 17:50:00

Məşhur döyüşçümüz Ukraynada necə həbs olunub? – Ermənilərin qurduğu tələ

Vətən Müharibəsindən sonra erməni hərbçilərinin qarşısında çıxış edərək “Qarabağ Azərbaycandır, İrəvan Azərbaycandır!” şüarı ilə fikrini yekunlaşdıran və bu videosu ilə hər kəsin tanıdığı Vətən Müharibəsi veteranı Qasımlı Misir Elman oğlu hazırda çətin vəziyyətdədir.

İşləmək üçün Ukraynaya gedən Misir Qasımlı orada ermənilər tərəfindən şərlənərək həbs olunub. Onu ittiham edən şəxs məhkəmədə iştirak etmədiyinə görə isə həmvətənlimizin həbs müddəti qanunsuz şəkildə hər ay uzadılır.

O, müxtəlif maddələrlə ittiham olunur. Ehtimal edilir ki, ermənilər onu İkinci Qarabağ müharibəsindəki roluna görə qisas alırlar.

Məsələ ilə bağlı “Yeni Sabah”ın əməkdaşı Ukraynada hazırda həbsdə olan Misir Qasımlı ilə telefon əlaqəsi qura bilib. O, başına gələnləri Azərbaycan oxucuları üçün əvvəldən axıra qədər aşağıdakı kimi danışıb: 

“2021-ci ilin mart ayının 8-də Ukraynaya gəlmişəm. İş yerimdən 3 illik icazə almışam. Yoldaşım Ukrayna vətəndaşıdır. Burada qalırdım. 

İyunun 28-də dostum ad günü keçirirdi. Məni ad gününə “Jazz Cafe”yə çağırdılar. Getdim oturdum orada ad günün qeyd etdik. Saat 2, yaxud 3 olardı, yanımıza bir ispan vətəndaşı yaxınlaşdı, atası ərəb, anası erməni. Onu sonra öyrəndik. 

Həmin şəxs mənə yaxınlaşdı və ingilis dilində  söhbət etməyə başladı. Mən dedim ki, ingilis dilini bilmirəm, başım çıxmır. “Google Translate” vasitəsilə bununla danışdım, sonra başımdan etdim ki, ingilis dilində başa düşmürəm. 

Saat 4 olardı ki, ofisiant yaxınlaşdı və dedi ki, sizin hesabınızı o adam bağlayıb. Bizim hesabımızda haradasa 12-13 min qrivna (600 manat) pul idi. Mən də çıxardım buna 15 min qrivna (700 manat) verdim ki, o nəyə görə mənim hesabımı bağlamalıdır? Adama qəribə gəlir ki, tanımadığı adam gəlir sənin hesabını bağlayır. 

Xahiş etdi ki, stolumuza otursun. Hamısı da kameraya düşüb. Saat 5 idi və biz başqa yerə istirahət etməyə getdik, bu da bizə qoşuldu. Kamerada göstərilir ki, mən qabaqda oturmuşam, dostum öz yerində oturub, maşında isə ayıq sürücü var. 

Bu da qapını açıb arxadan maşına mindi. Minən kimi, əvvəl mənimlə ingilis dilində danışan insan başladı mənimlə rus dilində danışmağa ki, “mən bilirəm, sən kimsən, nə işlə məşğulsan, harada döyüşübsən və s”. 

Dedi ki, mən bu şəhərə narkotik gətirirəm, özüm İspaniyada yaşayıram, sən mənim əlimdə işləyəcəksən, yoxsa, başın ağrıyacaq. Mən də bunu maşından qovdum. 

Evə çatdım, 1-2 saat yatdım, saat 11-12 araları yeznəm zəng etdi ki, gəl bizdən pul götür, gedək valyutadəyişməyə. Valyuta yerinə gedəndə maşının sahibi mənə zəng etdi ki, sənin maşınını və səni axtarışa veriblər. 

Valyuta yerindən çıxanda gördüm ki, dostum Quliyev Sübhan Babək oğlunu saxlayıblar. Mənim hərbidə olan şəkillərimi götərirlər ki, hanı bu hərbçi? Mən də onlara  yaxınlaşdım, dedim, nə olub? Getdik bölməyə, gördüm, heç mənə qulaq asan da yoxdur. Dostumu başqa kameraya, məni də başqa kameraya saldılar. Amma mən o ərəbi bölmədə gördüm. Orada da jurnalistlər gəldi və mən dedim ki, bu, narkobarondur və söhbət belə-belə olub. Bu ərəb də öz adından izahat belə yazmadı, içkili və hallı vəziyyətdə bölmədən çıxdı, təyyarəyə minib getdi”.

M. Qasımlının sözlərinə görə ailəsi bölmənin qabağına gələndə görüblər ki, 2 maşın erməni lobbisindən olan şəxslər prokuror və müstəntiqlə onun işi barəsində söhbət edirlər:

“Birinci, onlara əhəmiyyət vermədik, çünki heç bir şey etməmişdim. Daha sonra qaldığım evdə axtarış apardılar, hansı ki, məndən əlavə orada 6 nəfər qalır. Axtarış etdilər və evdən tapança tapıldı. Prokuror əlcəksiz tapançanı götürdü əlinə və dedi sənin tapançandır, götür, bax. Dedim ki, yox, götürəsi deyiləm. Ekspertizaya verin, əgər əl izim çıxsa, nə istəyirsiniz edin, amma bu tapança mənim deyil.

Daha sonra məni saldılar “KPZ”yə, sonra da izolyasiya edilmiş həbsə.

Birinci məhkəməyə prokuror gəldi. Hakim dedi ki, nə tapdığınız bıçaqda, nə tapançada, nə də maşında nə qan, nə də əl izi var, sübut yoxdur yəni. 

Zərərçəkmişin özü də hallı olub, kamera da çəkib ki, içkilidir. Prokuror söhbətə aidiyyəti olmadan dedi ki, yox, bu Qarabağda döyüşüb, başkəsəndir, bunu buraxmaq olmaz. 

Beləliklə də, hakim mənim həbs müddətimi daha 2 ay uzatdı. 2 ay sonra da bunlar özlərindən materiallar əlavə etdilər ki, guya zərərçəkmişin (sözügedən İspaniya vətəndaşı) qolunda 12 min dollarlıq saat olub və o, yoxa çıxıb. 

Dedim, əgər varsa elə bir saat, onun sənədini göstərin. Çünki Ukraynada belə bir qanun var ki, ölkəyə 10 min dollardan yuxarı mal girirsə, onun bəyannaməsi olmalıdır. Hava limanına sorğu göndərdik, cavab gəldi ki, belə bir saat ölkə ərazisinə girməyib. Kameralara baxdıq, gördük ki, qolunda belə bir saat yoxdur. Dedik ki, qutusunu göndər saatın, onu da çıxarıb göstərə bilmir. 3 dəfə xahiş etdim ki, zərərçəkmiş gəlsin, məhkəmədə iştirak etsin, yaxud videokonfransa çıxsın. O isə nə videoya çıxır, nə də məhkəməyə gəlir”.

Misir Qasımov deyir ki, daha sonra onun işinə daha 3 maddə əlavə olunub. Həmyerlimiz onu da qeyd edir ki, erməni lobbisi tərəfindən bir vəkil prosesə qoşularaq onu şərləyən adamın hüquqlarını qorumağa başlayıb:

“Mən prokurora müraciət etdim, o isə cavab vermədi. Yenə başladı Qarabağ məsələsini qaldırmağa ki, bu, Qarabağda vuruşub, başkəsəndir, bunu buraxmaq olmaz və s. 

Hakim də bundan sonra mənə 3 maddə daha əlavə etdi: adam oğurluğu, silah və soyğunçuluq. Qısacası, 8-dən 15 ilə qədər həbs istədi. Mən də məhkəmədə etiraz etdim ki, sübut varsa, mən razıyam. Yox, əgər siz erməni tərəfindən pul alıb məni şərləyirsinizsə, mən bunu qəbul etmirəm. Bu hadisələr də Kiyev rayon məhkəməsində olub. Mən səs-küy qaldırdım ki, bunlar erməni tərəfindən pul alırlar. Səfirliyə adam göndərdim, səfirlikdən anamı, bacımı və vəkilimi qovdular.

Daha sonra bunlar qanun pozuntularına keçdilər. Başladılar məhkəmələri mənsiz keçirməyə, tərcüməçi də olmurdu. Sonra məhkəməni Şevçenko rayonundan Obuxova köçürdülər. Mənim işimi aparan vəkil 1 ay sonra dedi ki, mən bu işdən imtina edirəm, ailəmə görə qorxuram. 4 dənə vəkilim dəyişildi. Axırıncıda prokuror dedi məndə gizli materiallar var. Hakim dedi ki, aç o gizli materialları, çünki iş məhkəməyə verilib və o materiallar açılmalıdır. 

Obuxovun prokuroru da gəldi və dedi ki, burada heç bir gizli material yoxdur. Nə sübutlar varsa, budur. Hakim də söylədi ki, bu sübutlarla heç nə ola bilməz, çünki burada nə əl, nə də qan izi var. Kamerada da göstərir ki, mən gəlib kafedə oturmuşam və Sübhanla mənə yaxınlaşıblar. 

Həyat yoldaşım gəldi məhkəməyə ki, mən Misirin yoldaşıyam, Ukrayna vətəndaşıyam, Bakıda Qaradağ rayonunda, Müşfiqabadda evlənmişik. Bu sənədləri də qəbul etmədilər. Prokuror deyir ki, yox, sən yoldaşı deyilsən. 

Yoldaşımın ana-atası da gəldi ki, biz toyda iştirak etmişik, bu da şəkillər və video. Qısacası, heç bir sənədi bizdən qəbul etmədi prokuror. Müdirim də gəldi və dedi ki, mənim iş yerimdə işləyib, bu da bizim kollektiv şəkillərimiz və s. Ona da inanmadı. Ukraynada qalmaq üçün 3 illik icazəmi də ləğv etdilər. 1 il 2 ay ərzində keçirilən məhkəmələrdən 6-sı mənsiz və tərcüməsiz keçirildi.

Sonra anam getdi XİN-ə şikayət etdi, bundan sonra səfirlik başladı işlə maraqlanmağa. Ayın 13-ü məhkəmə oldu. Hakim səfirlik nümayəndəsi ilə konsulumuzu məhkəmədən qovdu. 14-ü də məhkəməni mənsiz, Sübhansız və tərcüməçisiz keçirdi və 2 ay daha vaxtımızı artırdı, düz sentyabrın 12-nə kimi. 

Biz apelyasiya şikayəti verdik və Ukraynadakı insan hüquqları qurumları da təsdiqlədi ki, mən qanunsuz burada saxlanılıram. Başladılar apelyasiyanı uzatmağa ki, qanun pozuntuları qanunla itsin. 3 ay bundan qabaq da şikayət etdik və hakimə qarşı cinayət işi açıldı. Hakimə qarşı açılan cinayət işinin kağızını da guya bunlar itiriblər. “Kanal 13”ün əməkdaşları sonra gəldilər məhkəməyə, səs-küy saldılar və kağız tapıldı. Kağızı tapıb göndərdilər cinayət işinə, lakin hakimi işindən çıxarmadılar. Qanunla isə çıxarmalıydılar. Hakim işində qaldı və elə etdi ki, apelyasiya keçirilməsin. 

Ayın 26-sı məndə apelyasiya olmalıydı, keçirdilər ayın 2-nə. Bütün məhkəmələrə də mənimlə Sübhanı gətirmilər. Ermənilər də öz adamlarını vəkilimin üstünə göndərir ki, bu işdə iştirak etməsin, bu işdən əl çəksinlər, yoxsa başı ağrıyacaq. Vəkil də bu barədə səfirliyə bildirib, onlar da dedilər izahat götürəcəyəm, amma indiyə qədər izahat götürülməyib. Vəkil də məcbur olub mənim döyüş yoldaşlarıma, Azərbaycandakı jurnalistlərə xəbər göndərib ki, yayılsın məlumat. Mənim günahım varsa, problem deyil. Mənə lazım olan haqq-ədalət öz yerini tapsın, görülsün ki, burada heç bir sübut olmadan mən şərlənirəm. Lakin hələ də mənim işimi uzadırlar. 3 aydır səfirlik də, diaspor da işimə qoşulublar, amma heç bir məhkəmədə mən olmuram.

Mən Qarabağda döyüşdə olanda mənim “Qarabağ, İrəvan Azərbaycandır” videom yayılmışdı. Kiyevə gələndə məni hava limanında tanıyan da oldu. Məni saxlayırlar, sorğu-sual edirlər ki, sən döyüşdə olmusan, bu video da sənindir. Gələndən məni o videoyla tanıyırdılar. Məni o videoya görə şərləyirlər. 

Mən məhkəmədə də dedim ki, vətənimi qorumuşam, bu gün də qoruyaram. Mən Azərbaycan vətəndaşıyam, muzdlu deyiləm. Mənim də ixtiyarım var ki, torpağımı qoruyum. Ona görə də onlar bu səs-küyün qalxmaması üçün mərkəzi rayonda olan məhkəməni Kiyev ətrafı kənd yerinə köçürdülər.

Mən özüm də heç düşünməzdim ki, bu məsələyə görə məni ilişdirərlər. Sonra prokurorun məhkəmədə bu cür iştirakı, mülki yox, hərbi şəkillərimi göstərməsi, yanımdakıları sorğu-sual etməməsi hər şeyi göstərir. Zərərçəkmişin adından yazılan izahatı da başqası yazıb. Onun izahatına da qulaq asdım, onda belə çıxır ki, mən də istədiyim adamı şərləyə bilərəm. Hakimə bu sualı verdim. O da buna cavab vermək əvəzinə məhkəməni təxirə salır. Niyə?

Mən tutulan günü 2 maşın erməni gəlib prokuror və hakimlə söhbət etməyə. Bunlar təsadüf ola bilməz. Yaxşı, birisi təsadüf oldu, ikisi oldu, bəs o birilər? Mənim 4 vəkilim niyə işimdən çəkilib bəs? Deyir ki, mən öz həyatıma görə qorxuram.

İndi səfirlik və diaspora məhkəməyə gəlir, amma hələ ki nəticə yoxdur. Mən demirəm ki, məni buradan çıxarsın ki, çıx, get, yox, haqq-ədalət öz yerini tapsın. Mən bilirəm ki, mənim günahım yoxdur. Mən bir ildir səbr edirdim, sonra gördüm ki, mənim vəkilimə təzyiq var, onu qorxudurlar. Ona görə də bunu yaymaq lazımdır”.

Xatırladaq ki, Vətən Müharibəsi iştirakçısı Misir Qasımlı “Kəlbəcərin azad olunmasına görə medalı” ilə təltif olunub. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064803