Saat:11:47
Haqqımızda

Məşədi İbadların “Gənclər günü”

2023-02-04 20:14:00

Məşədi İbadların “Gənclər günü”

"Gənclər günü" dediniz, yadıma siyasi "rəhmətlik” Tramp düşdü. Adam ABŞ prezidenti seçiləndə məni fikir götürmüşdü ki, nədən ən güçlü universitetlər, deməli, həm də gənclər ölkəsi olan bir ölkədə insanlar qoca bir biznesmeni irəli çəkib səs verdilər. 

Yox idimi o cür intellektual elitası olan ölkədə gənc bir lider? Papağımı qabağıma qoyub ABŞ-da dərin dövlətin gizli siyasi maraqlarından tutmuş, dollar tədarükünə nəzarət edən yəhudi ailələrin korporativ arzularına, daima himayəçi axtaran kütlə psixologiyasına qədər bir necə versiyanı nəzərdən keçirdim. Axırda bu versiyanın üzərində dayandım ki, ABŞ-da gənclər üçün o qədər geniş imkanlar var ki, heç bir gənc öz azadlığını "Ağ Ev" dustaqlığı ilə məhdudlaşdırmaq istəməz. Heç bir gənc öz gəncliyini prezidentlik "qəfəsinə" salmağa meyilli deyil. Onsuz da, nə vaxtsa prezident olmaq istəsələr, yolları açıqdı. Yəni ABŞ gəncləri bizim günümüzdə deyillər ki, sadəcə, gəncliklərini alababat yaşamaq xətrinə 20-25 yaşlarında prezident, millət vəkili, cəhənnəm, su və meliorasiya idarəsinin sədri olmağa can atsınlar.

Heç birimizə sirr deyil ki, müsəlman dünyasında gənclik yaşı 40-dan, 50-dən sonra başlayır, yəni əsl nağara toydan sonra çalınır. Çünki biz müsəlmanlar dünyaya gələndə o qədər sosial problemlərin içində doğuluruq ki, uşaq yaşlarından müdrikləşməyə məhkumuq. Bizim gənc anadangəlmə müdrik olmasa, yaşamaq uğrunda mübarizədə çox tez çezər; heç kim öldürməsə də, özü-özünü öldürər. Məsələn, peyğəmbərimiz də 40 yaşına qədər zülm ayaqladı, gəncliyini səhralarda dəvə başı dartmaqla keçirdi. Elə ki bir balaca yerini bərkitdi, çoxlu xanımla evlənib nakam gəncliyini yaşamağa başladı. Əslində, hər bir müsəlman öz gəncliyini qocalığında yaşayır, şərtlər belədir. Hər birimizin içində Məşədi İbad xoşbəxtliyinə bir ümid var, bütün yollarımız bizi Məşədi İbad taleyinə aparır. Sevindirici haldır ki, bütün Gülnazlar da səbrlə bizim Məşədi İbad olacağımız günü gözləyir. 

Üzeyir Hacıbəyov "O olmasın, bu olsun" filmini hər nə qədər iki gəncin ("Sərvər və Gülnaz") sevgisi üzərində qurmağa cəhd etsə də, mövzunun ağırlıq mərkəzinin bir gəncin və bir qocanın ("Sərvər və Məşədi İbad") mental düşmənliyində olduğunu çox yaxşı bilirdi.

Və bu qarşıdurmada bütün Bakı (ya da bütün Azərbaycan) elitası günü bu gün də Məşədi İbadın tərəfindədir. Bəylər, qoçular, iş adamları, media mənsubları və s. hamısı öz enerjisini qoca Məşədi İbadın xoşbəxtliyi üçün həmişə səfərbər edib və edəcək. Dirilik alması arxetipini ifadə edən Gülnaz, yəni gənc qız Məşədi İbada çatmalıdır, gəncliyini əziyyət çəkib iş qurmağa xərcləyən, ömrünün eros dövrünü tanatos əjdahasının ağzında keçirən qocaya. Sərvər gedib götünə şalvar ala bilməyin dərdini çəkməlidir.  

Sərvərin tərəfində kim var? Özü kimi ağzıfıştırıqlı lüt gədələr, bir də həmişə bədbəxtin tərəfində olan sənət naminə Üzeyir Hacıbəyovun özü. Üzeyir bəy özü də bilir ki, Məşədi İbada gücü çatmayacaq və məsələni utopik bir yolla, güclü olanı fıştırığa basmaqla həll edir. Gənclərin əlinə fıştırıq verir və guya, modern düşüncəni simgələyən fıştırıq milli şüurun əlində olan bütün pullara, tapançalara, qələmlərə qalib gəlir. Nə şirin yalan!

Gerçək həyatda isə bu "aşk hekayəsi" həmişə belə bitir: Gülnaz uzaqgörən ailəsinin tövsiyələri ilə sevinə-sevinə Məşədi İbada ərə gedir və bir gün tacir ərindən xahiş edir ki, Sərvər adlı bir qohum gədə var, iki diplomla ortalıqda avara qalıb. Mümkündürsə, onu obyektlərindən birinə kassirdən-zaddan qoysun. 

Biz tərəfdə bu vəziyyət həmişə belə olub.

Tarixin ilk yazı qaynağı "Gilqamış" dastanında bir yer var: Qonşu ölkənin kralı Gilqamışa xəbər göndərir ki, ya öz ölkəni mənə təslim et, firavan yaşa, ya da sizi yer üzündən siləcəyik. 

Gilqamış əvvəlcə Uruk şəhərinin qocalarını çağırıb deyir: Şərəfli müharibə, yoxsa rəzil firavanlıq? Qocalar rəzil firavanlığı seçirlər. 

Bir gündən sonra eyni sual şəhərin gənclərinə verilir. Gənclər bir ağızdan deyir: "Əlbəttə ki, müharibə!"

Gilqamış düşünür: Tam əksinə olmalı deyildimi? Həyatlarının ən gözəl çağında gənclər nədən ölümü seçdilər və onsuz da ölüm ayağında olan qocalar nədən ölümdən qorxdular? 

Məncə, burada çox incə bir məsələ var ki, Gilqamış onu anlamamışdı: Qocalar firavanlığı özləri üçün deyil, gənc oğulları üçün seçmişdilər. Gənclər isə ona görə müharibə istəyirdilər ki, qoca atalarının yanında rəzil olmasınlar.  

Bu, mənim məntiqimdir. Gilqamışın məntiqinə görə, Urukun qocaları, sadəcə, var-dövlətlərini itirmək istəmirdilər. Çünki onlar bu var-dövləti qocalanda nakam gəncliklərinin əvəzini yaşamaq üçün yığmışdılar. "Məbəd fahişələri” ilə keçirdikləri orgiyalar onlar üçün vətəndən daha dəyərli idi. 

Bəs bu vəziyyəti əksinə dəyişmək mümkündürmü? 

Ortaçağ mətnlərindən kənara çıxan kimi "dili dolaşan" Umberto Eko "Gündəlik həyatdan sənətə" kitabında yazır ki, Orta əsrlərin alimləri belə düşünürdülər ki, onlar özlərindən heç nə yarada bilməzlər. Hər şeyi Avqustin, Aristotel kimi nəhənglər deyiblər. Onların işi sələflərinin yaratdıqlarını təqdir və təbliğ etməkdir. Bu düşüncə Dekarta qədər davam etdi. 

Ekonun Ortaçağ düşüncəsi dediyi bu köhnəpərəstlik bu gün bizim mədəniyyətin lokomotivdir. Yazıb-oxumağı bacaran hər kəs yeni olanın qənimidir. Hətta gənclərimiz özü də uğurlu karyera xatirinə hiyləgərcəsinə vaxtından əvvəl qocalırlar. Cəmiyyətimizdə hakim fikir budur ki, kimsə özündən Amerika icad edə bilməz, hər şey bizə qədər deyilib, biz, sadəcə, yazılanları təkrar etməli, şair demiş, "tozunu almalıyıq". Toz alanlar başımızın tacıdır!

Gəncliyimizin işi toz silmək, milçək qovalamaqdır. 

Halbuki Mete xandan tutmuş II Mehmetə, Teymurləngə, Şah İsmayıla, Nadir şaha, Atatürkə qədər bütün türk tarixində hansı uğurlu səhifə varsa, müəllifi türk gəncidir. Biz hansı dönəmdən sonra gənclərə inanmamağa, güvənməməyə, hətta gizli-gizli nifrət etməyə başladıq, onu "merak ediyorum”. 

Bu gün gəncliyin başının üzərində "tərbiyə” adlı bir Demokl qılıncı var. Kiflənmiş köhnəliyi yerindən laxladan istənilən gənc cəhd dərhal tərbiyəsizlik kimi lənətlənir. Eynən XIX əsrin Avropasında olduğu kimi, bu gün Azərbaycanda da qoca burjua əxlaqı gəncləri addımbaşı tərbiyəsizlikdə ittiham edir. Bir dənə "tırıqlı dana”nın davranışı bütün naxırın adına yazılır, məqsədli şəkildə. "Tərbiyəsiz" Floberlər, Manelər, Bodlerlər bu dəfə Azərbaycanda daş-qalaq olunur. Halbuki cəmiyyətimizdə çatışmayan şey tərbiyə deyil, əxlaqdır və çox vaxt ictimai əxlaqa pis vərdişlər məhz ailə tərbiyəsi vasitəsi ilə daxil olur. Şeyx Nəsrullah tərbiyəli, amma əxlaqsız idi. Tərbiyə qazanılan vərdişdir, əxlaq ötürülən. Çox vaxt hətta tərbiyə əxlaqın pozulması ilə nəticələnir. Qadınlara qıfıllı dəmir alt paltarları, oğlan uşaqlarına yekə kişi olana qədər qız yupkaları geyinməyi əmr edən kraliça Viktoriyanın cəmiyyəti tərbiyələndirmək iddiası bütün İngiltərəni "əxlaqsızlıq yuvası”na çevirmişdi. Əliçubuqlu sovet tərbiyə sistemi "üstü bəzək, altı təzək” insan tipi yetişdirdi. Sovet sistemi hər nə qədər kollektiv yaşayışa önəm versə də, sovet tərbiyəsi sovet insanını kollektiv rifahın oğrusu kimi yetişdirirdi. Bu gün də sağ qalan sovet insanları olduqları hər yerdə kollektiv rifahdan, ümumi olandan oğurlamaqla məşğuldurlar. Cəmiyyətin bədbəxtliyi üzərində öz xoşbəxtliklərini qurublar. Kimisi elmin, kimisi ədəbiyyatın, kimisi mətbuatın xarabalıqları üzərində öz malikanəsini ucaldıb.    

Uzun intellektual çək-çevirdən sonra Qərb sosial ölçü kimi tərbiyəni və ailəni seçmədi, əxlaqı və cəmiyyəti seçdi. Biz isə mədəni norma kimi əxlaqı deyil, tərbiyəni, sosial ölçü kimi cəmiyyəti deyil, ailəni seçdik. Ona görə Qərbdə cəmiyyətin xoşbəxtliyi önəmlidir, bizdə ailənin. Ailəcanlılığımızın səbəbi isə sevgi zad deyil, müstəmləkə instinktidir. Azadlıq istəyinə görə fərdin özünü cəzalandıran islam şəriətindən fərqli olaraq kommunist şəriəti ailəni cəzalandırırdı. Şairin özünü güllələyirdilər, arvad-uşağını isə sürgün edirdilər, acından öldürürdülər. Bu müstəmləkə instinkti bizə deyir ki, sizin fərdi bədbəxtliyiniz ailənizi də zibilə salacaq, ona görə ailəvi xoşbəxtliyimizi təmin edən hər bir əxlaqsızlığa razı oluruq. Çünki bu fərdi xoşbəxtlikdən dünyadan köçən atamıza da pay düşür, dünyaya gətirdiyimiz oğlumuza, qızımıza da.

Bu artıq milli şüur məsələsidir. 

Gənclərimiz isə ona görə "tərbiyəsiz”dir ki, onlar hələ bu milli şüurun zərbələrini dadmayıblar. Onlar ömürlərinin ən əxlaqlı dövrünü yaşayırlar. Qocaldıqca, arvad-uşaq sahibi olduqca özləri də bu əxlaqdan könüllü imtina edəcəklər. Əxlaqdan uzaqlaşdıqca tərbiyələnəcəklər. Çünki həmişə gənclərimiz əxlaqlı olub, qocalarımız tərbiyəli. 

Müharibədə qələbəmizi təmin edən də bu gəncliyin tərbiyəli deyil, əxlaqlı olması idi. Tərbiyəli gəncliyimiz çoxdan pulunu verib müharibəyə yararsız olduqlarına sənədləşdirmişdi.

Qoca Da Vinçi ilə gənc Mikelancelonun davası da buna görə qalıb tarixin yaddaşında; krallarla şərab içən elit tərbiyə görmüş qoca Da Vinçi Florensiyanın işğalı ilə, ümumiyyətlə, maraqlanmırdı. Gənc Mikelancelo isə onu söyürdü ki, adamın əxlaqı olar, ancaq öz qarnını güdürsən, qoca maymaq!

 

Aqşin Yenisey

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR