Saat:04:51
Haqqımızda

MƏRKƏZİ BANK UÇOT DƏRƏCƏSİNİ AŞAĞI SALDI – Bu, iqtisadiyyatımız üçün nə vəd edir?

2024-02-01 14:49:56

MƏRKƏZİ BANK UÇOT DƏRƏCƏSİNİ AŞAĞI SALDI – Bu, iqtisadiyyatımız üçün nə vəd edir?

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz azaldılaraq 8 %-dən 7,75 %-ə endirilməsi barədə qərar qəbul edib.

Qeyd olunub ki, faiz dəhlizinin aşağı həddi 0,25 faiz azaldılaraq 6,5 %-dən 6,25 %-ə, yuxarı həddi isə 0,25 faiz azaldılaraq 9 %-dən 8,75 %-ə endirilib. Sözügedən qərarın bu gündən qüvvəyə mindiyi, faiz dəhlizinin parametrləri haqda növbəti qərarın martın 28-də açıqlanacağı bildirilib.

Məlumat üçün bildirək ki, uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditin faiz dərəcəsidir. Bu banklar öz növbəsində həm adi vətəndaşları, həm də müxtəlif şirkət və təşkilatları kreditlə təmin edirlər. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir, çünki bu şəkildə dövriyyədə olan pul kütləsini tənzimləmək, yəni azaltmaq siyasəti həyata keçirir. Və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir. Bu halda, əhalinin banklardan kredit götürməyi asanlaşır və iqtisadiyyatda canlanma yaranır.

Maraqlıdır, Mərkəzi Bankın bu qərarının iqtisadiyyata təsiri necə olacaq?

Bu barədə iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, Mərkəzi Bankın faiz dərəcəsini aşağı endirməsinin əsas səbəbi ölkədə 12 aylıq inflyasiyanın aşağı düşməsi ilə bağlıdır: “Görünən odur ki, Mərkəzi Bank inflyasiyanın daha da aşağı düşməsində maraqlı deyil. Buna görə də manatın faiz dərəcəsini aşağı salmaqla, inflyasiyanın kəskin azalmasına mane olmaq istəyir. Həmçinin AMB faiz dərəcələrini aşağı salmaqla, ölkədə iqtisadi aktivliyi dəstəkləmək niyyətindədir. Eyni zamanda, faiz dərəcələri aşağı endirilir ki, kredit bazarında fəallıq artsın”.

Ekspert iki vacib məqama diqqət çəkir: “Dünyada ərzaq və əmtəə qiymətləri aşağı düşüb, manatın nominal faiz dərəcəsi isə artıb. Qiymətdə inflyasiyanın tempinin aşağı düməsi dünyada baş verən proseslərlə bağlıdır. Əmtəə qiymətləri indeksi ötən il ərzində 18,9 faiz aşağı düşüb. Ərzaq qiymətləri indeksi isə 10,1 faiz azalıb. Manat dollara fiks edildiyidən, dollarla birgə digər ticari partnyorların valyutasına nisbətdə 19,3 bahalaşıb. Dünyada ərzaq və əmtəə qiymətlərinin aşağı düşməsi, manatın nominal faiz dərəcəsinin artması inflyasiyanı və inflyasiya gözləntilərini aşağı salıb”.

“Ancaq təəssüf ki, hələ də Mərkəzi Bankın apardığı faiz siyasətinin tranmissiyası o qədər də sürətli deyil. AMB bir neçə aydır faiz dərəcələrini aşağı salsa da, biz ölkədəki iri kommersiya banklarının öz faizlərini artırdıqlarını müşahidə edirik. Bu kimi məqamlar Mərkəzi Bankın həll etməli olduğu məsələlərdir. Lakin ümumən sözügedən qərar iqtisadiyyat üçün pozitiv bir siqnaldır”,-deyə iqtisadçı əlavə edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.165165