Saat:14:38
Haqqımızda

"Mərkəzi Asiya borc bataqlığındadır" - ELXAN ŞAHİNOĞLU

2022-08-19 11:55:00

"Pekin Mərkəzi Asiya ölkələrinin layihələrini maliyyələşdirməklə, borc verməklə bu ölkələri Çindən asılı vəziyyətə salıb"

"Mərkəzi Asiya ölkələri Çindən borc almaqda davam edirlər. Pekin Mərkəzi Asiya ölkələrinin kredit şəklində on milyardlarla dollar verib və bu miqdar getdikcə artır. Pekin Mərkəzi Asiyada kredit fəaliyyətini 2000-ci illərdən genişləndirib. Əvvəlcə bu siyasət Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılırdı. Təşkilatın 2004-cü ildə Daşkəntdə keçirilən sammitində Çin üzv ölkələrə 900 milyon dollar kredit ayıracağını açıqladı. Təşkilatın 2009-cu il sammitndə bu rəqəm 10 milyar dollara qədər artırıldı. Pekin ayrılan vəsaitlərin idarə olunması üçün təşkilat çərçivəsində müvafiq bankın yaradılmasını təklif edirdi. Ancaq üzv ölkələrdən Rusiya bu təklifin əleyhinə çıxdı. Pekin bundan sonra ayırdığı kreditlərin ikitərəfli sazişlər yolu ilə idarə olunmasına üstünlük verdi". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq qeyd edib ki, bu siyasət Pekinə Mərkəzi Asiya ölkələrinə təzyiqi artırmaq üçün yeni imkanlar verdi: "Çin Mərkəzi Asiya ölkələrinə aşağı faizlə kreditləri 20 illiyinə verib. Bu təklifdən Mərkəzi Asiyanın bütün ölkələri faydalanıb. Mərkəzi Asiya ölkələrinin Qərbin maliyyə instutlarından kredit almaq imkanları yoxdur, şərtr ağır, tələblər çoxdur. Qərb investisiyları Mərkəzi Asiya ölkələri üçün əl çatmazdır. Ona görə də Mərkəzi Asiya ölkələri Çindən kreditlər alıblar. Çinin ayırdığı kreditlərin konkret istiqamətləri var. Çin neft və qazın daşınmasına, enerji mənbələrinin yaradılmasına, dağ-mədən çalışmalarına və infrastuktur layihələrinə kreditlər ayırıb. Bu o layihələrdir ki, Çin məhsulları üçün bazarların genişlənməsinə və zənginliklərin daşınmasına imkan verir. Digər tərəfdən, bu layihələrin reallaşmasında Çin şirkətlərinin iştirak etməsi əsas tələblərdən biridir. Yəni, Çinin dövlət kreditləri tikinti işlərini aparan Çin şirkətlərinə verilib. Tikinti işlərinə çinli işçilər cəlb olunublar. Çinin kredit ayıran 3 bankı budur: Çin Xalq Bankı, Eksimbank və Çinin İnkişaf Bankı. Bu banklar Mərkəzi Asiya ölkələrindən ən çix Qazaxıstan və Türkmənistana kreditlər veriblər. Qazaxıstan və Türkmənistan Mərkəzi Asiyanın iki ən zəngin neft və qaz ölkəsidir. Bu səbəbdən Çinin Qazaxıstanın neft sənayesində payı artıb. Pekin Mərkəzi Asiya ölkələrini dünya üzrə baş qaldıran tənəzüllərdən də qoruyur. Misal üçün Qazaxıstan iqtisadi böhranla üzləşərkən Çin bu ölkəyə 5 milyard dollar maliyyə ayırıb və bu maliyyənin təxminən, 3.5 milyard dolları Çindən əvvəlki illərdə alınan texniki avadanlılqarın borcuna xərclənib. Çin Türkmənistana verdiyi borc hesabına bu ölkənin qaz istehsalı sahəsində də paya malik olub. Pekin Türkmənistan qazının bir hissəsini həm istismar edir, həm də Çinə nəql edir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri bildirib ki, Mərkəzi Asiyanın iki kasıb ölkəsi olan Tacikistan və Qırğızıstan da Çindən kredit almaqla davam edirlər: "Bu kreditlər hesabına elektrik mərkəzləri tikilib, dəmir yolları çəkilib. Ancaq borcu qaytarmaq zamanı gəldikdə həm Bişkək, həm də Düşənbə ciddi çətinliklərlə üzləşiblər. Çünki borcu qaytarmağa gərəkən maliyyə vəsaiti yoxdur. Qırğızıstanın prezident bu borca görə, ölkəsinin hətta müstəqilliyini itirməsi təhlükəsiylə üzləşdiyini bildirib. Tacikistanın və Qırğızıstanın dövlət borcunun yarısından çoxu Çinin payına düşür. Özbəkistan Mərkəzi Asiyanın digər dövlətlərinə fərqli olaraq Çindən aldığı kreditləri iqtisadiyyatın real sektoruna cəlb etməyə çalışıb. Ancaq Özbəkistan nümunəsində də alınan kreditlər Çində istehsal olunan avadanlıqların alınmasına xərclənib".

Politoloqun sözlərinə görə, Pekin borcunu qaytara bilməyən Mərkəzi Asiya ölkələri ilə maliyyə əməkdaşlığını dayandırmır, əksinə yenə kreditlər ayırmağı planlaşdırır: "Pekinin qərarıyla xüsusi dövlət fondu yaradılıb ki, Mərkəzi Asiya ölkələrinə kredit ayırmaqla məşğuldur. Pekinin dayanmadan Mərkəzi Asiya ölkələrinə kredit verməkdə məqsədi nədir? Birincisi, Pekin bununla Mərkəzi Asiyanın geniş bazarlarında pay sahibi olub, enerji resurslarına çıxış imkanı əldə edib. İkincisi, Pekin Mərkəzi Asiyada maliyyələşdirdiyi layihələrə Çin şirkətlərini cəlb edib və beləliklə, ayrılan maliyyənin bir hissəsi Çinə qayıdıb. Üçüncüsü, Pekin Mərkəzi Asiya ölkələrinin layihələrini maliyyələşdirməklə, borc verməklə bu ölkələri Çindən asılı vəziyyətə salıb. Misal üçün Mərkəzi Asiya ölkələri Çində hüquqları pozulan türk mənşəli uyğulara dəstək vermir, beynəlxalq təşkilatlarda Çin əleyhinə sənədlərə səs vermirlər. Bu arada, Qazaxıstan prezidenti Kasım Jomərt Tokayevin avqustun 24-də Azərbaycana səfər edəcəyi xəbəri yayılıb. Tokayev iki ölkə arasında siyasi və iqtisadi əlaqələri genişləndirmək və Azərbaycanla yeni ticarət sazişi imzalamaq istəyir. Qazaxıstan Azərbaycan – Bakı-Tbilisi-Ceyhan boru xətti üzərindən dünya bazarlarına daha çox neft nəql etmək istəyir. Qazaxıstan neftin nəqlini şaxələndirmək istəyir. Qazaxıstan yalnız Rusiyadan keçən boru xəttindən asılı olmaq istəmir. Qazaxıstan-Çin iqtisadi əlaqələrində də problemlər mövcuddur. Ötən ilin sentyabr ayrında Çin Qazaxıstan mallarının idxalına və ixracına ciddi maneələr yaratmışdı. Bu Qazaxıstan istisadiyyatına mənfi təsir etdi. Bu baxımdan Qazaxıstan idxal və ixrac əməliyyatlarını da şaxələndirmək istəyir, Azərbaycan üzərindən Avropa bazarlarına çıxış imkanlarını nəzərdən keçirir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR