Mənzillərin qiymətinin kəskin bahalaşma səbəbi nədir?

2022-06-02 11:54:00

Mənzillərin qiymətinin kəskin bahalaşma səbəbi nədir?

“Yaxın zamanlarda əmlak bazarında qiymətlərin daha da artacağı proqnozlaşdırılır”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri daşınmaz əmlak bazarındakı qiymət siyasətinə təsir edən amilləri dəyərləndirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, indiki şəraitdə daşınmaz əmlak bazarında mənzillərin qiymətinin baha olması alıcılıq qabiliyyətini kəskin şəkildə aşağı salır:

“Əgər əvvəllər hər hansı bir yerdə 3-4 mərtəbəli binalar var idisə, orada həmin əhalini nəzərə alaraq yollar, səkilər çəkilmişdi. Sonralar həmin yerlərdə 16 və ya 20 mərtəbəli evlər tikildi. Bir binada yaşayan insan sayı əvvəllər həmin küçədə yaşayan əhalinin sayından çoxdur. Ona görə də bunun qarşısını almaq üçün tikinti şərtlərini sərtləşdirdilər. Bu isə qiymətlərə təsirsiz ötüşmür. Digər tərəfdən, bir şirkət eyni layihəli binanın birini paytaxtdan kənarda, o birini isə Bakının mərkəzində tikir. Şirkət paytaxtdan kənarda tikilən mənzilin kvadratını 600-700 manata, Bakıda isə 2000-2500 manata satır. Bu gün mərkəzə yaxın yerlərdə 1 sot torpağın qiyməti 100-300 min manat arası dəyişir. Əslində burada tikinti şirkətinin günahı yoxdur. Əvvəllər tikinti şirkəti mənzilin bir kvadratını 1000 manata satıb pul qazana bilirdisə, bu gün ziyana düşməmək üçün 1 kvadratını 1500 manata satmalıdır. Əvvəllər 1 hektar ərazidə tikinti şirkətləri təxminən 50, 60, 70 min kvadratmetrlik mənzil, yəni 3, 4, 5 bina tikirdilər. Bugünkü normativlərə görə isə 1 hektar ərazidə maksimum 25 min kvadratmetr, yəni əvvəlki illə müqayisədə iki, hətta üç dəfə az bina tikə bilər. Həmçinin bu tikinti sahəsinin 30 faizini yaşıllıq təşkil etməlidir, binanın yeraltı qarajı olmalıdır və s. Bütün bunlar isə xərcləri artırır. Bütün hallarda isə bu gün mənzil bazarında bahalaşma var. Növbəti ildə bu bahalaşma 20 faiz də ola bilər. Bahalaşmaya səbəb olan amillərdən biri də Rusiya və Ukrayna arasındakı gərginlikdir”.

Yeni tikilən binalarda normativ qaydalara əməl olunmadığını qeyd edən Elnur Fərzəliyev bildirib ki, bu vəziyyət gələcəkdə ciddi problemlər yaradacaq:

“Çünki gələcəkdə yeni binalardan birini qəzalı olma səbəbi ilə sökmək istəyəndə bunu etmək mümkün olmayacaq. Binalar bir-birinə o dərəcədə yaxın tikilib. Ona görə də bir bina sökülsə, yanındakı binalara da ziyan dəyə bilər. Maraqlıdır ki, hazırda sökülməkdə olan binalarda da mənzillərin qiyməti yüksəkdir. Halbuki Azərbaycandan fərqli olaraq, başqa ölkələrdə istismar müddəti bitən binalarda mənzillər daha ucuzdur. Hazırda bazarda daha çox kreditlə verilən və qiyməti 80-150 min manat təşkil edən mənzillərə tələbat yüksəkdir. Nağd alış qiyməti 200 min manat və daha çox olan binalara tələbat elə də çox deyil”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya