“Məni sürüyə-sürüyə idarədən bayıra atdılar…” - 80 yaşlı Sadıq Hüseynov qarşılaşdığı haqsızlıqla bağlı ölkə başçısına müraciət etdi

2022-04-26 01:07:00

“Məni sürüyə-sürüyə idarədən bayıra atdılar…” - 80 yaşlı Sadıq Hüseynov qarşılaşdığı haqsızlıqla bağlı ölkə başçısına müraciət etdi

Bakı şəhəri, Nəsimi rayon sakini, 20 Yanvar əlili Hüseynov Sadıq Yusif oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən S.Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) şikayətçidir. O, iddia edir ki, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi ona dövlət tərəfindən ayrılan yardımı vermir. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Nəzərinizə çatdırmaq istəyirəm ki, Sizin qayğınız nəticəsində müharibə əlillərinə dövlətin ayırdığı yardımı "sobez" yeyir, bizlərə vermir. Gedib müraciət edəndə, üç nəfər mənim üzərimə hücum etdi. Onlar məni sürüyə-sürüyə idarədən bayıra atdılar və kobud şəkildə "sənə yardım düşmür", - deyə təhdid etdilər. Onlara sual verdim ki, axı, mən 2-ci qrup 20 Yanvar əliliyəm, nə üçün yardım düşməsin, yenə də sözlərimi dinləyən olmadı. Onlara deyirəm, Prezident fərmanında yazılır ki, bu qərar bütün pensionerlərə şamildir, qeyd-şərtsiz, əhəmiyyət verilmədi.

Cənab Prezident!

Diqqətinizə çatdırıram ki, mən sovet dönəmində üç il Çelyabinskdə hərbi xidmət etdikdən sonra, 1961-62-ci ildə Bakı şəhərinə qayıtmışam. 45 il iş təcrübəsinə malik olmuşam, hazırda 80 yaşım var və çətin şəraitdə yaşayıram. Rəhmətlik Heydər Əliyev deyirdi ki, 20 Yanvar əlillərinə toxunmaq olmaz, dövlət hər zaman onların qayğısına qalmalıdır. Çox təəssüf ki, bu gün 20 Yanvar əlilləri bir sıra yarıtmaz məmurların fəaliyyəti nəticəsində çox acınacaqlı şəraitdə yaşayırlar.

Cənab Prezident!

Sizdən xahiş edirəm ki, 20 Yanvar əlillərinə, eləcə də digər vətəndaşlara qarşı bu cür kobud rəftar edən, ədalətsizliklərə yol verən məmurların, xüsusən də Nəsimi rayon “sobez”inin rəhbərliyinin cəzalandırılmasına göstəriş verəsiniz. Mən sizin köməyinizi gözləyirəm”.

Hazırladı: KƏNAN

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya