Saat:12:15
Haqqımızda

“Məni həbsdən buraxın, borcumu ödəyəcəm” - Hafiz Məmmədov

2022-01-28 20:52:00

“Məni həbsdən buraxın, borcumu ödəyəcəm” - Hafiz Məmmədov

Həbs edilən iş adamı Hafiz Məmmədov dövlətə olan borcunu ödəməyə hazır olduğunu bildirib.

H.Məmmədovun vəkili İsmayıl Kəngərli "Qafqazinfo”ya açıqlamasında bildirib ki, müvəkkilinin şirkətləri ilə bağlı hesablanmış sosial ödəniş borcu 1 milyon 462 min manatdır: "Onun da 1 milyon manat hissəsi 2013-2015-ci ilin birinci rübünə düşür. Qanunvericiliyə görə, üzərindən 7 il keçmiş ödənişlərə görə cəzaya cəlb etməyə icazə verilmir. Yəni, Cinayət Məcəlləsinə və Konstitusiya Məhkəməsinin qərarına əsasən istintaq orqanı bu məbləğlərə görə ittiham verə bilməz”.

İ.Kəngərli əlavə edib ki, H.Məmmədovun dövlətə borcu olan şirkətlərindən biri "Transgeyt” MMC daha əvvəl 2 milyon manat artıq vergi ödənişi edib: "Hafiz Məmmədov təklif edib ki, Vergi Xidmətinə ödədiyi əlavə 2 milyon manat DSMF-yə olan borcuna yönəldilsin. DSMF isə Vergi Xidmətləri ilə hesablarının ayrı olduğunu bildirərək həmin pulu çəkə bilmədiyini deyir. Vergi Xidməti isə hazırda bu məbləği Hafiz Məmmədova geri qaytara bilmədiyini, gələcəkdə yaranacaq vergi borcuna silinəcəyini qeyd edir”.

Vəkil qeyd edib ki, bu günədək 400 min manat ödəniş edilib: "Ola bilsin bu gün də əlavə ödəniş edilsin. Hafiz Məmmədovun mövqeyi belədir ki, hesablanan borcu ödəməyə hazırdır. Təklif edir ki, o, evə buraxılsın və tələb olunan məbləği toplayıb hissə-hissə ödəsin”.
Hafiz Məmmədov hesab edir ki, onun şirkətlərinin borcları əvvəlcədən düzgün hesablanmayıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR