Mənfi hissləri nəzarətə almaq üçün 6 YOL

2021-11-25 22:08:00

Mənfi hissləri nəzarətə almaq üçün 6 YOL

İnsanın əməl və danışıqları, onun nəfsindən asılıdır. Əgər nəfsi islah olarsa, insan səadət əhlindən olar.

İslam dini  kontrol etməklə bağlı bəzi yollar tövsiyə etmişdir ki, onlarla tanış olaq:

1. Təfəkkür və düşüncə. İnsanın qəflətdə olmasına və günah etməsinə səbəb olan amillərdən biri də təfəkkürdən uzaq olmasıdır. Əgər biz səhərdən axşama qədər ancaq dünya işləri ilə məşğul olsaq və Allahı yaddan çıxartsaq - şübhəsiz ki, günahlarımızın sayı da çox olacaqdır.

İmam Əli (ə) buyurur: "O kəs ki, qəlbini davamlı olaraq düşünməklə abad edərsə, əməlləri batində və zahirdə yaxşı olacaqdır".

2. Özünü tərbiyə etmək. Nəfsimizə qalib gəlməyin yollarından biri də özümüzü tərbiyə etməkdir. Əvvəlcə nəfsimizi hədələməliyik və demək lazımdır ki, mən qərara gəlmişəm ki, günah etməyəm. Əgər bu işdə mənə yardım etməsən, səni cəzalandıracağam. Misal üçün, əgər naməhrəmə baxsam, 1 gün ac qalacağam. Yaxud, 3 gün internetə girməyəcəyəm.

3. İnsani dəyərləri gücləndirmək. Əgər insan varlığının nə qədər dəyərli olduğunu dərk etsə, çalışar ki, rəzil sifətləri özündən uzaqlaşdırsın və fəzilətli sifətlərə bürünsün. Şəhvətin heyvani hiss olduğunu anlasa, daha çox insani dəyərlərə üz tutar. İmam Əli (ə) buyurur: "Hər kim nəfsini əziz tutar - şəhvətlər onun üçün kiçik və dəyərsiz olar".

4. Pis dostlardan uzaq olmaq. İnsan elə varlıqdır ki, yaxın dostlarının əxlaqı ona təsir edə bilir. Ona görə də insan çalışmalıdır ki, pis dostlardan uzaq olsun. Çünki pis dost insanı həlak edər və digər insanların gözündə etibarını aparar.

5. Haram məclislərdən uzaq olmaq. Əgər insan haram məclislərdən uzaq olsa və abid insanlarla durub-otursa - şübhəsiz ki, şəhvət gözündə kiçilər və ondan uzaq olmağa çalışar.

6. Şəhvəti təhrik edən əməllərdən çəkinmək. İnsanın naməhrəmə baxması, onda şəhvət hissini gücləndirər. Ona görə də hər kim şəhvətdən uzaq olmaq istəyirsə, gərək onu təhrik edən əməllərdən də uzaq olsun. \\Milli.Az