Saat:03:30
Haqqımızda

MƏNƏVİYYATIMIZA SAHİB ÇIXAQ - Eldəniz Quliyev yazır

2024-05-12 12:35:51

MƏNƏVİYYATIMIZA SAHİB ÇIXAQ - Eldəniz Quliyev yazır

Azərbaycan televiziyaları bir-birinin ardınca səviyyəsiz bədii seriallar çəkir, ucuz və əttökən verilişlər yayımlayır.
Bu filmlər və verilişlər  zövqümüzü, ruhumuzu  oxşamaq əvəzinə, geniş tamaşaçı auditoriyasına zövqsüzlük, pintilik və bədii tutumdan məhrum bayağı süjetlər təqdim edir. Onlar TV-nin hüdudsuz imkanlarından  istifadə edərək, əxlaqımızı, mənəvi dəyərlər sistemimizi qorumaq yerinə, bir çox hallarda açıq zorakılıq  tərbiyəsizlik və biganəlik aşılanır. Bir qayda olaraq, bu serial və verilişlərin tam əksəriyyətində ssenarilər, rejissor, operator, rəssam işi, aktyor oyunu, musiqi tərtibatı, montajı və s. özfəaliyyət səviyyəsindədir. Son zamanlar yağışdan sonra artan göbələk kimi çoxalan teleseriallar isə artıq bütün "qırmızı xəttləri" keçiblər.
Nəzərə alaq ki, əsasən qeyri-peşəkarlara həvalə olunan çoxseriyalı bu televiziya filmləri xalqın vəsaiti hesabına çəkilir. Və bu gün heç kəsə sirr deyil ki, bu başabəla filmlərdən kütləvi narazılıq kifayət qədərdi; deməli, ortada  ciddi problem var və bu problemi ictimai müzakirəyə çıxartmaq zərurəti  də qaçılmazdır...

Bir çox insanlar belə filmləri qəsdən görməzdən gəlir, soruşanda da "mən belə səviyyəsiz filmlərə, verilişlərə baxmıram" deyir. Məncə, "baxmıram", "baxa bilmirəm" və s. bu kimi başdaneləmələr çıxış yolu deyil. Bizlər, bizim pulumuza bizə pislik təlqin edən bu sayaq tele-serialların, o cümlədən TV verilişlərinin BAXIMLI və SƏVİYYƏLİ olmasını tələb etməliyik. Özü də qətiyyətlə! Buna  sadəcə, hər birimizin haqqı, hüququ var! Unutmayaq: televiziya efir məkanı hamımızındı və bu məkanını kimsə, ya kimlərsə özəlləşdirə bilməz. Hər evə, hər ailəyə icazəli-icazəsiz girən "qonaq" etik və əxlaqi qaydalara riayət etməyə borcludur. Çünki ortada xalqın mənəvi dəyərlərinin, ləyaqətli yaşam tərzi və ruhunun təcavüzə məruz qoyulması cəhdləri göz önündədir.

Bizlər  nəhayət ki, öz taleyimizin laqeyid tamaşaçısından ONUN iştirakçısına çevrilməyə məhkum olduğumuzu dərk etməli, zövqsüzlüyə, əxlaqsızlığa və aşkar şəkildə tamaşaçı hüququmuzun pozulmasına YOX deməliyik.

Eldəniz QULİYEV

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.196552