MƏN VƏTƏNİM ÜÇÜN QORXURAM... - Alçaldılmış kütlə “Saraylara müharibə, daxmalara firavan həyat!” şüarı ilə ayağa qalxarsa...

2022-05-10 11:29:00

MƏN VƏTƏNİM ÜÇÜN QORXURAM... - Alçaldılmış kütlə “Saraylara müharibə, daxmalara firavan həyat!” şüarı ilə ayağa qalxarsa...

Mən qorxuram ki, bundan sonra qrafomanlar qol-qanad açıb qələbənin yaratdığı abı-havanı murdarlasınlar. Əlləşib-vuruşub qələbəmizin şəninə ortaya abırlı bir əsər qoymaq əvəzinə, bizim başabəla qələm ərbabı illər boyu Moskva irticasına nökərlik etmiş, öz doğma millətinin gədalaşması üçün əllərindən gələni etmiş ziyanəvərləri “reanimasiya stolu”nun üzərinə qaldırırlar. Heç kim unutmasın ki, Azərbaycan əsgəri ay-ulduzlu Peyğəmbər nişanəli bayrağın altında vuruşur. Şəhadətə çatanların nəşini bu bayraqla örtürlər. İndi bəzi yaramazlar vaxtilə bu bayrağı qaldırmış, onun uğrunda ölümə getmiş kişilərin üzərinə çirkab atmış sovet yazıçılarından vətənpərvər düzəldirlər.  Hamı bilir ki, orden-medallı “korifeylərin” vətənpərvərliyi hakim Kommunist Partiyasının çəkdiyi cızıqdan çıxmırdı.

Son vaxtlar İlham Rəhimlidən tutmuş teleekrandan düşməyən Flora Xəlilzadəyə qədər beş-on nəfər elə üyüdüb tökür ki, elə bil camaat avam kütlədir, istənilən uydurmanı həzm-rabedən keçirəcək. Müqavimətə rast gəlməyən bu “ideoloqlar” öz danışıqlarından elə vəcdə gəliblər ki, qəddimizi əymiş vaqiələrin nə vaxt baş verdiyini unudublar.

Nə yaxşı ki, son illərdə baş verənlərin çox şahidi hələ həyatdadır, arxivləri tamam məhv etməyə macal tapmayıblar. Yaxşıca qorunan bəzi arxivlərə əlim çatmasa da, lazım olan məlumatları “Revolyusiya və kultura”, “İnqilab və mədəniyyət”, “Vətən uğrunda” jurnallarından, saysız-hesabsız qəzetlərdən almışam. Nə qədər qan tökülüb, ölkənin ən gözəl məkanları yerlə yeksandır. Hamımız da bilirik ki, bu fitnə-fəsadın, bu dəhşətlərin əsl baiskarı, milli düşmənimizi silahlandırıb üstümüzə qısqırdan Rusiyadır. Hələ də “Bəlkə də qaytardılar” xülyası ilə yaşayanlar ciddi-cəhdlə bədnam müstəmləkə ədəbiyyatının atılmağa layiq yazarlarını tərifləməkdən utanmırlar. Dünənləri müsavatçıları, Azərbaycanı xilas etməyə gəlmiş türk-islam ordusunu söyənlərin, Əhməd Cavada, Hüseyn Cavidə xalq düşməni deyənlərin, partiya iclaslarında qızışıb nurlu insanlarımızı təhqirə tutanların əsərlərindən indi vətənpərvərlik təbliğatı xatirinə istifadə etmək bağışlanılmaz günahdır, milli xəyanətə bərabər əməldir.

...Televizorda hərbi paltarda bir “qələm yiyəsi” dil-dil ötür və çıxışını daha təsirli etmək xatirinə S.Vurğunun hansıssa şeirindən bu misraları deyir: “Bilsin ana torpaq, eşitsin Vətən! Müsəlləh əsgərəm mən də bu gündən!”

Bu başabəla “söz xiridarına” demək istəyirəm ki, a bala, özün avamsan, başqalarını da savadsız hesab eləmə.

Yeri gəlmişkən indi aqil insanların bilib, amma bəzən dilə gətirmək istəmədikləri bir mətləbi açıqlayıram. Hamı bilir ki, ikinci dünya savaşı bir-birindən o qədər də fərqlənməyən iki anti bəşəri ideologiyanın – komminizm təlimi və nasist dünyagörüşü – çarpışması idi. Anqlosaks dünyası ilə qüdrətli sionizmin alyansı böyük məharətlə iki tiranı – Hitlerlə Stalini toqquşdura bildi. Nəticə göz qabağındadır. Yaxın Şərqdə hegemona dönən İsrail yarandı, dünyaya meydan oxuyan Almaniya diz çökdü, aradan yarım əsr keçməmiş SSRİ-nin kommunist imperiyası çökdü(İndi Putin nə qədər əlləşsə də xeyiri yoxdur, qatar gedib!).

...Moskva irticası kağız üzərində müstəqil sayılan respublikaları da müharibə girdabına saldı. 1918-1920-ci illərin qırğınlarından, 30-cu illərin dəhşətli repressiyalarından özünə gəlməmiş Azərbaycanda 700 min insan səfərbər olundu. İllər keçəndən sonra məlum oldu ki, bədbəxt vətənimiz bir milyondan çox insan itirib. Bura arxada yaralardan, üzüntülü əməkdən, aclıqdan ölənlər də salınıb.

Bəli, nasizmi bütün dünya lənətləyib, bunu başa düşdük. Bəs Azərbaycanın Almaniya ilə nə alış-verişi vardı? Azərbaycan özünün demək olar genefondunu, yeraltı, yerüstü sərvətlərini qurban verdi. Nefti ilə Rusiyanı məhvdən xilas etdi. Müharibə qurtardı, keçici bayraqlar altında dəhşətli istismar başladı.  Belə ki, S.Vurğun müstəqil, azad Azərbaycanın yox, rus-sovet imperiyasının sadiq, özü demişkən “müsəlləh əsgəri” idi. Onun hər sözünü, əstəğfürullah, Quranın ayəsinə döndərmək  cahillikdən başqa bir şey deyil. Türk-islam dünyasının ən amansız düşməni Stalinə saysız-hesabsız mədhiyyələr həsr etmiş, xalqımızın ən mənfur düşmənlərinə “mənim babam olmuş” deməkdən utanmayan, illər boyu müsəlmanların gününü qara əskiyə bükmüş gürcü knyazlarına yaxşı qulaqburması vermiş Qacar kimi şəxsiyyəti istehza hədəfinə döndərmiş S.Vurğundan gənclik hansı vətənpərvərliyi öyrənə bilər? Kommunist Partiyasına sədaqəti? Onun üçün sinov gedənlər mənə etiraz edə bilərlər ki, S. Vurğunun lirikasına söz ola bilməz. Əzizlərim, lirika məsələsində S.Vurğundan min qat üstün şairlərimiz var. Kommunist üsuli-idarəsi ona canla-başla qulluq göstərmiş, onu hər əmrinə “Ləbbeyk!” demiş S.Vurğun kimiləri reklam edib dağ başına çıxartmışdı. Bu diktatura bütə döndərdiyi subyektlərin üzərinə qorxmadan gedənləri fövrən məhv edirdi.

Fikrimi tamamlamaq istəyirdim ki, köhnə tanışım mənə baş çəkməyə gəldi. O da mənim kimi qocalıb heydən düşüb, əvvəllər boş vaxtında mütaliə edirdisə, indi onu da atıb. Xoş-beşdən sonra mənə “Yeni Müsavat” qəzetinin 72-ci sayını uzadır.

-        Firuz, al oxu, Əhməd Əhmədzadənin şücaətləri barədə yazıblar. Qələmlə işarələdiyim yerlərə baxsan kifayət edər.

Baxıram, ilahi, əmlak, mal-dövlət qazananda da belə qazanarlar! Ancaq yiyəsiz ölkədə belə qələtləri edərlər!

Tanışım sarsıldığımı görüb dillənir, bunlar üçün ömrünü-gününü məhv edib gecə-gündüz yazdın, müxalifətin yaxşısını da, pisini də yamanladın. Elə bildin bu iqtidar başını tumarlayacaq? Özün yazmamışdın  ki, ölkə ellik zəmanətlə bir-birinə bağlı olan haramzadaların əllərindədir? İndi əzabını çək! Cavab verə bilmirəm, qəzetin bu səhifəsini diqqətlə oxuyuram. Bu başıbəlalı ölkədə belə Əhmədzadələr bir deyil, iki deyil, görün ümumi tarac, talan neçə ildir gedir. Allah-təala bir əsrdə iki dəfə bizə hürr yaşamaq imkanı verdi. Birinci dəfə din və millət xainləri içəridən cümhuriyyətimizi təxribatlarla məhv etdilər. İndi də cəzasızlıqdan azğınlaşmış məmurlar, imansız hakimlər, rüşvətxor prokurorlar, qırmızı lampaslı şalvar geymiş biqeyrət generallar bu dövlətin qəsdinə durublar.

Rəzalətə baxın, kasıb əzizini basdırmaq üçün məzar pulu tapa bilmir, bu tərəfdə isə vəzifəli giyenalar saraylar tikirlər və hamıya tüpürürlər. Mən isə vətənim üçün qorxuram. Qorxuram ki, bir məşum gündə alçaldılmış, aldadılmış kütlənin səbr kasası dolsun və o, “Saraylara müharibə, daxmalara firavan həyat!” şüarı ilə ayağa qalxıb tufan qoparsın. Unutmaq lazım deyil ki, üzvlərinin sayı bir o qədər də çox olmayan bolşevik partiyası məhz belə şüarları ortaya atmaqla neçə milyonluq ordusu olan çarizmi süquta uğratdı. 

Göz qabağında ölkəni talan edib xalqı quru yerdə qoyan bir məmur, bizi görməyə gözləri olmayan min rus, erməni təxribatçısının bacara bilmədiyini edir.

Hal-hazırda dünyanı fəlakət həddinə çatdırmış Rusiyanın qoruduğu Ermənistanı diz çökdürmüş, çox qısa vaxt ərzində təsərrüfatın bütün sahələrində böyük uğurlara imza atmış, indiyə qədər hər dövlət xadiminə nəsib olmamış nüfuzu qazanmış İlham Əliyev yəni yırtıcıya dönmüş bir “zümrəni” ram edə bilməz? Özü də məhz indi imkan var, nə qədər ki, qələbə əhvali-ruhiyyəsi hələ cəmiyyətdə hökm-fərmadır xalq Müzəffər Prezidentin ən radikal, ən kəskin tədbirlərini dəstəkləyəcək. Vaxtı itirmək olmaz, qorxuram sonra gec olsun.

Firuz HAŞIMOV


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya