Saat:04:12
Haqqımızda

“Mən harada işləməliyəm?” – Nazim Süleymanov sualı eşidib “üsyan etdi”

2023-12-21 21:57:21

“Mən harada işləməliyəm?” – Nazim Süleymanov sualı eşidib “üsyan etdi”

“İrəvan”ın baş məşqçisi Nazim Süleymanovla müsahibə indi yox, aylar əvvəl baş tutmalıydı.

Lakin uzun müddət Rusiyada çalışması, Azərbaycana qayıdandan sonra işlərinin çoxluğu və danışmaq üçün uyğun vaxtının olmaması istəyimi əngəlləyirdi.

Komandasının “Araz-Naxçıvan”a 2:8 hesablı ağır yenilgisindən sonra mətbuat konfransında matçla bağlı fikirlərini səsləndirib, otağı tələsik tərk etmək niyyətindəydi.

Müsahibə barədə eşidəndə ayın sonunu mesaj verdi ki, bəs, bütün məsələlərə dekabrın 25-dən sonra aydınlıq gələcək. Sözsüz, mənə lazım olan hadisələrin bundan sonrakı axarı yox, bu günə qədər yaşananlara cavab tapmaq idi.

Çox çək-çevirdən sonra Süleymanovu sual-cavaba razı salmaq mümkün oldu.

- Mövsümün əvvəlində ən geniş heyət bəlkə də “İrəvan”da idi. Amma bu gün iştirak ərizəsində cəmi 16 futbolçunun adı yer almışdı. Oyunçularınız hanı?

- Məlum olaylardan sonra bir neçəsinin komandanı tərk etdiyini bilirsiniz. Hazırda kollektivdə olanlardan dördü zədəlidir. Ona görə də belə vəziyyət yaranıb.

- Zədəlilər kimlərdir?

- Elvin Yunuszadə, Əli Əliyev, Bəşir Ayralov, Famil Camalov. Zədəliləri çıxanda yerdə 14 futbolçu qalır. Onlardan 2-si qapıçılardır. Matça 12 meydan oyunçusu ilə hazırlaşmışdıq.

- “İrəvan”ı tərk edən futbolçuların adlarını yada sala bilərik? Mirsahib və Mirabdulla Abbasov qardaşları, Vüqar Bəybalayev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov... Sonra?

- (bir qədər fikirləşir) Vəssalam. Elə siz saydıqlarınızdır.

- Mövsümə çempionluq hədəfi ilə başlamışdınız. Hadisələrin məlum axarından sonra məqsədiniz dəyişməz qalır?

- Bu gedişlə çətin olacaq. Bir oyunda texniki məğlubiyyət aldıq, digər görüşdə meydana 9 futbolçu ilə çıxıb 1:3 hesabı ilə uduzduq. Elə həmin anda ümidlər “sındı”. Buna baxmayaraq, sonradan yenə nəsə etməyə çalışdıq. Amma görünən kəndə bələdçi lazım deyil. İndiki vəziyyətlə Premyer Liqaya yüksələcəyimiz real deyil.

- Bu gün zədəli futbolçunuza “Araz-Naxçıvan”ın həkimi yardım etdi. Birinci Liqanın oyunlarında da rəqib komandaların tibbi personalının köməyinə ehtiyac duyursunuz?

- Xeyr, “İrəvan”ın öz həkimi var. Sadəcə, iki gündür həkim xəstələnib, qripdir. Ona görə də “Araz-Naxçıvan”ın həkimindən xahiş etdik ki, kömək etsin.

- Maddi və psixoloji baxımdan sizin “İrəvan”dakı durumunuz necədir? Çoxmu əziyyət çəkirsiniz?

- Əziyyət çəkmək deyəndə ki, bunlar Azərbaycan futbolunda ola biləcək hadisələrdir. Belə vəziyyətdə ya ortaq dil tapmalı, ya da başqa yol axtarmalısan. Daha çox çalışmaq lazımdıq. Dekabrın 26-da bu ilin sonuncu oyununa çıxacağıq. Həmin görüşdən sonra rəhbərliklə oturub ətraflı danışacağıq.

- Ortaq dil tapmaq, ya da başqa yol axtarmaq hara fırladırsan-fırlat maliyyəyə söykənir. Pul olsa, komanda bu duruma düşməz. Sizin təklifiniz nədir?

- Tam doğru buyurursunuz, sıxıntı maddiyatla bağlıdır. Mənə görə iki yol var. Ya kluba yeni sponsorlar cəlb etmək lazımdır, ya da futbolçularla danışıb maaşları müəyyən qədər azaltmaq. Təbii, onlar buna razı olsalar. Bəzi şeylər var ki, bizdən asılı deyil. Futbolçudur, onun da öz ailəsi, problemləri, qayğıları var.

- Aylardır sizə ünvanlamaq istədiyim sual üçün, nəhayət, imkan tapa bildim. Sırf özünüz, adınız, imicinizlə bağlı soruşa bilərəm?

- Problem yoxdur.

- Siz futbolçu kimi möhrünüzü Azərbaycan futboluna vurmuş adamsınız. Uzun-uzadı tərifə gərək yoxdur, Rusiya karyeranız sizin vizit vərəqənizdir. Belə bir adamı sınıq-salxaq, sabahı bilinməyən, problemlər içində qıvrılan klubda çalışmağa nə vadar edir?

- Sizin mənə iş təklifiniz var? Burdan çıxsam, işləyə biləcəyim yer göstərə bilərsiniz?

- Təəssüf ki, təklif edə bilmirəm.

- Sizin təklifiniz yoxdursa, Azərbaycanda mənə ehtiyac duyulmursa, mən harada işləməliyəm? Mən də bir yerdə çalışmalıyam, öyrətməliyəm, futbolun içində olmalıyam. Nə olsun ki çətindir?

- Bu ayın sonuna qədər “İrəvan”dakı vəziyyət düzəlməsə, yanvarda yenidən Rusiyaya qayıdıb “Ximki”də işləyəcəksiniz?

- Bu sualı hələlik cavabsız saxlayaq, yanvarda yenidən qayıdarıq.

HƏBİB / SPORTİNFO.AZ

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.169884