Saat:03:13
Haqqımızda

MƏN ÇÖLƏM - Kəramət Böyükçölün “Çöl” romanı haqqında düşüncələrim

2021-09-21 09:44:00

MƏN ÇÖLƏM - Kəramət Böyükçölün “Çöl” romanı haqqında düşüncələrim

Bu, mənim xasiyyətimdir. Müəllifi ilə tanış olduğum istənilən əsəri oxuyanda onun haqqında fikirlərimi ictimayyətlə bölüşmək ehtiyacı hiss edirəm. Çünki mən müəllifin özünün də bir kitab olduğuna, onu oxuya bildiyimə və yazdığı kitabda da əslində  məhz onun öz ideal mənini ifadə etdiyinə inanıram. Başqa sözlə, mənə görə müəllif - real kitab, kitab - ideal müəllifdir.

Kəramət Böyükçöl özünün “Çöl” romanını mənə bağışlayanda da bu əsərlə baglı öz fikirlərimi bildirəcəyimə söz verdim. Zatən söz verməsəydim belə, düşüncələrimi mütləq ədəbiyyat sevənlərlə paylaşaqcaqdım.

Əvvəli bu linkdə - https://hurriyyet.az/az/post/men-colem---keramet-boyukcolun-col-romani-haqqinda-dusuncelerim-346867

Sərdar CƏLALOĞLU

***

...Tərəkəmə oturaq həyata keçməklə böyük şöldən böyük dünyaya qədəm qoyur. Romanın altıncı fəsli tərəkəmənin   qloballaşmasına həsr olunub. Bu fəsil “Koroğlunun Amerika səfəri” adlanır. İndi Koroğlu Qırat belində Toqat səfərinə yox, Boinqdə Amerika səfərinə çıxır. Məqsəd xanları, sultanları soymaq yox, Amerika ilə siyasi əlaqələr qurmaqdır. Nə etmək olar: “Biz Koroğlu nəsliyik” deyiriksə, gərək Koroğlunu müasir dövrə gətirib, Amerka ilə münasibətləri yoluna qoymaq ücün ona xüsusi missiya verək. Bu fəsil tərəkəmənin müasir dünyada gedən hadisələrə baxışını əks etdirir.

... Çölün bir tərəfi səhra, bir tərəfi meşəlikdir - demişdik. Çöl adamı olasan, meşə adamı ilə əlaqən olmasın?! Bu, heç mümkündürmü? Çöl adamının meşə adamı qonşusu “uruslar”dır. Əsərin yeddinci fəsli “Rus iyi” adlanir. Rus deyəndə adamın yadina müharibələr, inqilablar, qaçaqlar, KQB, represiyyalar, deportasiyalar, diskirminasiyalar gəlir. Əslində bütün bunlar birlikdə rus iyini təşkil edir. Tərəkəmənin hiss etdiyi rus iyi də məhz bunlardan ibarətdir. Bu, heç də xoşagələn bir iy deyil.

...Tərəkəmənin seksual inqilabı əsərin səkkizinci fəslində - “Kitabxanada seks” fəslində təsvir edilir. Seksual inqilab intim olanların intimlikdən çıxarılması, məhrəmlə naməhrəmin yerlərinin dəyişik düşməsi kimi baş verir. Hamı və hər şey soyunur. Seks çılpaq qalır. Qərbdə buna “soyuq seks” deyrlər. Yəni intimlikdən, məhrəmlikdən, romantizmdən məhrum olan seks. Zatən kitabxanada yalnız belə bir seks ola bilər. ”Kitabxanada seks” əslində kitabda seks kimi, yəni erotik ədəbiyyat kimi təsvir edilir və erotik mövzu olan bir kitabı sadə tərəkəmənin oxuması necə ola bilərsə, bu fəsildə də o təsvir olunur.

...Artıq oturaq həyata keçmiş tərəkəmə oturaq həyata xas həyat tərzi yaşamağa, siyasiləşməyə, simvollar aləmində yaşamağa məhkumdur. Əsərin doqquzuncu fəsli – “Qarğa dili və partiya” fəsli tərəkəmənin siyasiləşməsinə həsr olunub. Əlbəttə ki, qarğa dilinə xas bir dillə. Siyasi dil elə qarğa dilinin özüdür. Hər bir qrupun üzvülərindən başqa kimsənin başa düşmədiyi bir dil.

...Tərəkəmə camaatının sanki çöldə Allaha ehtiyacı olmayıb, ona görə bir o qədər dindar olmayıblar. Amma oturaq insan Allahsız bir an belə yaşaya bilməz. Tərəkəmə oturaq həyata keçdiyindən yavaş-yavaş dinə-imana gəlir. Romanın onuncu fəsli məhz bu məsələyə həsr olunub və “Toy, molla və ərəb dilində döyüş” adlanır. Bu fəsildə “kor atın kor nalbəndi” məsələsinə uyğun tərəkəmənin dini görüşləri əks olunub. Tərəkəmə xürafatla dinin məngənəsində sıxılır, çöllə şəhər həyatının arasında sıxıldığı kimi.

...At itlə birlikdə tərəkəmə həyatının ayrılmaz atributlarıdır. At tərəkəmənin nəqliyyat vasitəsi, it onun polisi, ordusudur. Biri ilə tərəkəmə hərəkət edir, digəri ilə qorunur. Onbirinci fəsil – “At cöllərin “A” hərfidir”. Yenə də “A” hərfi. Ata məhəbbət qıza məhəbbət kimidir. Biri çöldə, biri evdə. Bığ məsələsi ilə yalnız “A” hərfi əlaqəli deyil, həm də bığ məsələsi at məsələsi ilə də əlaqəlidir. “İgid odur - atdan düşə atlana”. İgidlik bığın çıxmagından başlayır. Bu fəsildə müəllif özünə məxsus şəkildə  tərəkəmənin nostalgiyalarını dilə gətirir: “Yenə o çöl olaydi...”

...Qarabağ müharibəsi - tərəkəmənin içindən keçən müharibə. Qarabağ tərəkəməsi qədər bu müharibənin acısını kimsə hiss edə bilməz. Tərəkəmənin düşmənə münasibəti də özü kimi saf və sadədir. Bu kitabın onikinci fəsilinin adı bunu bir daha sübut edir - “Biz uşağı çıraqla gəzirik, bunlar işıqda öldürürlər” uşaq qatili ermənilər. Onların türk millətinə - tərəkəməyə olan nifrəti hədd-hüdüd bilmir. Başqa yerlərə sərhədsiz həkimlər gedir. Qarabağa sərhədsiz canilər...

...On üç nəhs rəqəmdir, əsərin onüçünçü fəsli də məhz nəhs işlərə həsr olunub. “Atəşkəs pozulub” fəslində Qarabağda supergüclərin oynadığı əxlaqsız və mənəviyyatsız siyasi oyunlardan söz açılır. Tərəkəmə “atəşkəs pozulub” sözündəki  “pozulub” sözünü öz səmimi kimliyi ilə pozğunluq kimi dərk edir, həm də düz dərk edir. Bir oğlanın və ya qızın pozulması nədirsə, müharibədə müqavilə imzalayıb, sonra da ona əməl etməmək - atəşkəsi pozmaq elə bir pozğunluqdur… Nə fərqi, ya gənc bir oğlan, ya qız pozula, ya da bir millət və ya erməni-rus ittifaqı. Heç fərq etməz.

...Tərəkəmənin uzun illər məruz qaldığı ədalətsiz  müharibələr. Tərəkəməyə roman həsr oluna, amma orada müharibə fəsli olmaya?! Kəramətin romanının da müharibə fəsli yox deyil. On dördüncü fəsil, “Müharibə gərək işləsin” adlanır. Bu fəsildə müharibəyə hazırlıqsız yaxalanmış bir toplumun hərb həyatından söhbət açılır. Tərəkəmə hara, müharibə hara?!. Amma gərək tərəkəmə müharibənin nə olduğunu çox dəqiq şəkildə öyrənərdi. Müharibə işləməyə başlayanda o da döyüşdə işləyərdi. Ancaq sən saydığını say, gör sovet hökuməti nə sayıb tərəkəmələr ücün...

...Tərəkəmənin simvolu qoç, rusun simvolu xoruzdu. Evlərinin başına həmişə ağacdan düzəldilmiş xoruz heykəli vururlar. Tərəkəmənin də saatı xoruzdu. Bizdə xoruz yaxşı mənada, ruslarda rusca xoruz - “petux” pis mənada işlənir. Tərəkəmənin saatı ilə rusun xoruzunun əlaqəsindən baş açmaq çox çətindir. Kəramət bu məsələdən baş açmaq ücün romanın on beşinci fəslini - “Xoruz saat və məktubda xoruz” fəslini yazıb və bu fəsildə bir çox mətləblərə ehyamlar edib.

...Romanın “Mənə Bakının şəklini at”, ”Saz Koroğlunun cib telefonudur” fəsillərində artıq tərəkəmə kimliyinin yavaş-yavaş itməyindən söz acir. Necə deyərlər, Koroğlu demişkən, “tüfəng çıxdı, qəhrəmanlıq aradan getdi”. Tərəkəmə şəhərləşdi, tərəkəməlik əldən çıxdı. Koroğlunun qılıncını ən son mobil telefon əvəzlədi, elə Koroğlunu da, ailəsini, uşağını, vətənini sahibsiz buraxıb Rusiyaya gedən tərəkəmə gəncləri.

...İnsan öz dədə-baba torpağından, doğulduğu yerlərdən, formalaşdığı mədəniyyətdən, yaxınlarından ayrı düşəndə ilk meydana gələn hiss ruh düşkünlüyü olur. Ruh düşkünlüyü elmdə depressiya adlanir. Kəramətin romanin bir fəsli də depressiya adlanır. Burada çöl adamının bürokratik torda necə çırpındığından söhbət açılır. Dünəni itirdiyindən, sabaha ümidi qalmayan insanın halıdır - depressiya.

...İndi tərəkəmələrin çoxu Bakıya köçüb. Bunlara qaçqınlar da deyirlər. İndi tərəkəmənin böyük çölünü Bakının yanındakı böyük Xəzər gölü əvəz edir. Tərəkəmə Xəzərə bir çöl kimi baxır. Əsərin bir fəsli də məhz belə adlanır –“Xəzər dənizi cöldü”. Tərəkəmə Xəzərə baxıb çölü xatırlayır. Yalniz bir fərqi var-çöl susuzluqdan, xəzər sululuqdan əziyyət çəkir.

...Daha sonra “Versiya”, “Baglama”, “Doğanaq”, ”Cöllərin əlifbası öldü” fəsilləri gəlir. Bu fəsillərdə tərəkəmənin özündən uzaqlaşmasının ayrı-ayrı məqamlarından bəhs edilir.

...Romanın  bir fəsil həcmində olan ikinci hissəsi “O” adalanır. “O” qeyri-müəyyənlik işarəsidir. Gələcək kimi, tale-qismət kimi, ölüm kimi, tərəkəmənin sabahı kimi... Bu hissədə kənd üzərində yaşıl kölgədən sohbət açılır. Bəlkə də o meşə adamının çöl adamı üzərində olan kölgəsidir. İsa peyğəmbər demişkən, başqasının yolu ilə gedənin öz yolu olmaz. Tərəkəmə artıq başqa bir yolla gedir. O, calışır ki, bu yol onun öz yolu olsun. Hətta bu yolun başlanğıcı başqasının olubsa da.

...Roman 2009-2010-cu illərdə yazılıb. Hələ o vaxt Qarabağ işğal altında, tərəkəmələr qaçqın halında idilər və hələ o vaxt böyük bir qeyri-müəyyənlik - “bu işlərin axırı necə olacaq?” sualı tərəkəməni bir an da olsun tərk etmirdi, elə bil tərəkəmə nəhəng bir “O” qarşısında qalmışdı. Bu işlərin sonu necə olacaq? Elə Kəramətin romanının sonu da oxucuda yekə bir “O”ya cevrilir. Kəramət bu romanında nə demək istəyib?..

...Bu əsərin janrini təyin etmək min il çöl adamı olan birini iri şəhərdə milyonların arasında axtarıb tapmaq kimi bir şeydi. Həm də min il bundan qabaqkı özümüzü indiki özümüzdə görmək kimi. Əsərin sujet xətti çölçülüyün-çöl adamlarının çöldən uzaqlaşması-mədəniləşməsi və ya köçərilikdən oturaqlığa keçidin təsvirindən ibarətdir. Əsər etnoqrafik bir əsərdir. Əsərdə tərəkəmə məişəti o qədər hərtərəfli, zəngin təsvir olunub ki, əsəri oxuyanda sanki onların arasından keçib gedirsən. Müəllif öz ruhunu, öz kimliyini əsərin baş qəhrəmanı seçib. Özünün uşaqlıq xatirələrini, istəklərini, cəhdlərini, nisgilini, nostalgiyasını, ruhi yüksəliş və enişilərini əsərində etnoqrafik məlumatlarla elə sintez edib ki, kəndlə şəhərin, keçmişlə indinin sərhədlərinin necə itdiyini aydın şəkildə oxucuya çatdıra bilir.

Əsər yalnız tərəkəmələr haqqında deyil, həm də bir tərəkəmənin əsəridir. Bu əsərdə çöl haqqında çöl adamı öz düşüncələrini sərgiləyir. Əslində çöllə çöl adamı birləşir, harda hansının başladığını, hansının qurtardığını təyin etmək mümkün olmur. Mən bu əsəri çöl adamının çöl haqqında, yəni özünün özü haqqında  xatirələri adlandırardım.

Əsər öz müəllifi kimi orjinaldır, özünəməxsusdur, dəyərlidir, lazımlıdır, ipə-sapa yatmayan - janra uygun gəlməyən bir əsərdir. Əsərin əsas məziyyəti İsmayıl Şıxlının “Dəli Kür”ündən başlanan türk kimliyini özündə davam etdirməsidir.

Əsər romanlara xas ciddilikdən uzaqdır. Bu əsər romandan daha çox, romantikadan ibarətdir. Əsər nə faciəvi, nə də komik janrdadır.

Kəramət özünə sadiq qalaraq yazdığı bu əsərdə roman janrının bütün tələblərindən imtina edib, öz yaradıcılıq azadlığını bu janrın çərcivələrindən çıxmaqla ifadə edib.

Kəramət sanki bu əsərində özünü dünyaya təqdim edir-gəlin tanış olaq - “Mən türkəm-mən çöləm-Kəramət Böyükçöləm”.

Uğurlar sənə, Kəramət Böyükçöl! Bundan başqa heç bir əsər yazmasan da bu əsərin səni bir yazıçı kimi ədəbiyyatımızda yaşatmağı bacaracaq, necə ki, fiziki cografiya minillərdi çölü öz sinəsində yaşadır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR