Saat:13:05
Haqqımızda

MƏN ÇÖLƏM - Kəramət Böyükçölün “Çöl” romanı haqqında düşüncələrim

2021-09-14 09:34:00

MƏN ÇÖLƏM - Kəramət Böyükçölün “Çöl” romanı haqqında düşüncələrim

Bu, mənim xasiyyətimdir. Müəllifi ilə tanış olduğum istənilən əsəri oxuyanda onun haqqında fikirlərimi ictimayyətlə bölüşmək ehtiyacı hiss edirəm. Çünki mən müəllifin özünün də bir kitab olduğuna, onu oxuya bildiyimə və yazdığı kitabda da əslində  məhz onun öz ideal mənini ifadə etdiyinə inanıram. Başqa sözlə, mənə görə müəllif - real kitab, kitab - ideal müəllifdir.

Kəramət Böyükçöl özünün “Çöl” romanını mənə bağışlayanda da bu əsərlə baglı öz fikirlərimi bildirəcəyimə söz verdim. Zatən söz verməsəydim belə, düşüncələrimi mütləq ədəbiyyat sevənlərlə paylaşaqcaqdım.

Burada bir haşiyə çıxım ki, hazırda Azərbaycan ədəbiyyatı özünün böhranlı dövrünü yaşadığı kimi, ədəbi tənqid də tam böhran içindədir. “Kor atin kor nalbəndi olar”, - deyərlər. Səbəb çox sadədir. Bədii təfəkkürümüz nə yazıq ki, siyasi təfəkkürümüzdə baş verənlərlə ayaqlaşa bilmir. Müstəqil Azərbaycanın azad ədəbiyyatı nə yazıqlar ki, hələ də doğulmayib. Yaradıcı şəxslər daxili senzuranın əsirliyindən xilas ola bilmir. Bir çoxu isə kecmişin xiffətini çəkə-çəkə günü yola verir.

Azərbaycanın son yüzillikdə nəhəng ədəbi tənqidi formalaşmışdı. Bizim ədəbi tənqidçilər yalnız müasir yox, həm də klassik ədəbiyyatın dərk edilməsində nəhəng işlər görmüşdülər. Hətta Avropa ədəbiyyatını belə, Azərbaycan oxucusunun dərk etməsinə böyük yardımlar göstərmişlər.

Əslində ədəbi tənqid müasir dövrdə Avropada inkişaf edən  Hermenevtika elminin vəzifələrini yerinə yetirir. Ədəbi tənqidçilər bədii mətnlərin - temanın arxasında duran həqiqi mənanın - remanın aşkarlanması işini görürlər. Bu mənada ədəbi tənqid yalnız oxucuya yox, hətta bədii fikir sahiblərinin özlərinə belə yazdıqları əsəri anlamaqda çox böyük yardımçı olurlar. Cünki yazarlar ilhamla yazır, tənqidçilər isə əsərləri şüurla təhlil edirlər. İlham-qəlb, şüur-beyin işidir. İlham hissiyatla, şüur ağılla bağlıdır.

Bu gün Məmməd Arifin, Həmid Araslının, Cəfər Xəndanın, Abbas Zamanovun, Əziz Mirəhmədovun, Bəkir Nəbiyevin, Məmmədcəfər Cəfərovun və neçə-neçə nəhəng ədəbi tənqidçinin yeri boş görünür. İndi nə sanballı əsərlər meydana çıxır, nə də sanballı tənqidçilər. Qeyd etdiyim kimi, “kor atın kor nalbəndi” prinsipilə Azərbaycan ədəbiyyatı durğunluq dövrünü yaşamaqda davam edir.

Keçək mətləbə. Kəramətin romanını oxuduqca, əsər haqqında düşünməyə başladım.

...İnsan xarakteri yaşadığı coğrafiyanı özündə əks etdirir. Buna görə də elmi ədəbiyyatda meşəlik zonada yaşayanlar obrazlı olaraq “meşə adam”, dağlıq zonada yaşayanlar “dağ adam”, səhrada yaşayanlar “səhra adam”, çöllükdə yaşayanlar “çöl adam” adlandırılır... Bunları siz irq kimi də təsəvvür edə bilərsiz. Məsələn, ag, sarı, qara, qırmızı irq. Amma bu heç nəyi dəyişmir. Zatən hər bir coğrafi zonanın öz rəng simvolu var. Meşənin rəngi yaşıl, dagın rəngi qonur, səhranın rəngi sarı, çölün rəngi bozdur.

Haşiyə çıxım ki, Qurani-Kərimdə dərilərin rənglərinin müxtəlifliyinin Allahın dəlili olduğu bəyan edilib...

Çölün rəngi bozdur. Çöldə hər şey boz rənglə bağlıdır. Boz rəng ən sadə rənglə ən mürəkkəb rəngin, yəni ağla qaranın qızıl ortasını təşkil edir. Çöl adamı da qızıl orta insandır. Buna görə, insanlığın etalonudur çöl adamı. Çölün heyvan simvolu - boz qurd, bitki simvolu - boz yovşandır. Çölün çox yeri  şoranlıqlardan təşkil olunur və buralarda yalnız bozaq (şoranlıq bitkisi) bitir. Çöldə bərbəzəkli erkək qırqovul bir anda öz  bozundan (dişisindən) ayrılmır. Çölün havası çox vaxt boz olur. Çöl adamının qoyununun ,oxu bozaq (kobud yunlu qoyun) növündəndir. Çölün bəzi yerləri bozqırdan (susuz, otsuz cöl) ibarətdir. Çölün bozqırlarını bozaqgülü bəzəyir. Qalan yerləri bozalaqlar (alaqotu) örtür. Çöldə səhər bozarantı ilə açılır. Çöl adamı kababın bozarmasını, xörəyin bozportunu,  bozbaşını, bozartmasını, bozlamacla (sacda bişən cörək) yeməyi xoşlayır. Çöl adamı ölüsünü bozlamağı (uca səslə, oxşaya-oxşaya ağlamaq) sevir.

Dağ adamı hirsələnəndə qaralır, meşə adamı göyərir, səhra adamı qızarır, çöl adamı bozarır. Çöl adamı yerini bilməyən nadanı bozardır, mübahisə edəndə bozalaşır, düşməninə hirslənəndə bozarır.

Çöl adamının sürüsü də uzaqdan bozarışır. Çöl otları bozarandır, yəni tez açıb, tez də solur.

Çöl adamının atının adı çox vaxt boz at, qoyun sürülərini boz qurddan qoruyan itinin adı bozdar olur. Çöl uşaqlarının ən çox xəstələndiyi dəri xəstəliyi havanın və küləyin yaratdığı boz xəstəliyidir. Çölün boz ayı var, cöl kimi hər şeyin yoxsullaşdığı ay.

...Çöl nə meşə kimi zəngin, nə səhra kimi yoxsuldur. Hər şey çöl adamın zəhmətindən asılıdır. Ona görə çöl adamı calışqan, dözümlü, cəsarətli olur. Çöl adamı təbii səyyahdır. O, yaşadığı vətənin bu başından o başına durmadan səfər edir, heyvanlar öz areallarını işarələdiyi kimi, çöl adamı da vətəninin hər qarışına öz izini buraxır. Bununla sanki düşmənlərinə “bura mənim vətənimdir, bura ayaq basma” deyə mesaj verir.

...Çöl adamının əsas məşğuliyyəti qoyunçuluqdur. Bir qayda olaraq çöl adamları erkək əti yeməyi sevirlər. Buna görə özlərini  qoça oxşadırlar. İgidə-qoç, igidliyə-qoçuluq deyirlər. Qoçuluq etməyi sevir, qoç kimi kəllə-kəlləyə gəlməyi xoşlayır çöl adamı.

...Çöl mərdlik sevir, çöldə nə qacıb gizlənmək, nə də gizlicə xəyanət etmək mümkün deyil. Hər şey kişisayagıdı çöldə. Üz-üzə, göz-gözə. Çölün genişliyi çöl adamının qəlb genişliyinə yansıyır. Çöl adamı çöl kimi çox sadə və səmimi olur. Bəlkə də buna görədir ki, Türk sözü həm çölün sahibi olan millətin adı, həm də “sadə”mənasına malikdir.

...Çöl adamı öz məişətində özünü davam etdirir. Çöl adamının məişətinin məcmusu böyük bir çöl deməkdir. Hansı ki, cöl adamının beynindən və zövqlərindən keçərək meydana çıxır.

...Çöl adamı vaxtı təbii saatla ölçür. Onun saatı xoruzdur, heyvanın susaması, acması, örüşə getməsi, örüşdən qayıtmasıdır. Çöl adamının şüuru çox aydındır, çölün aydınlıq gecələri kimi.

...Kəramətin “Çöl” romanının baş qəhrəmanı çöl adamı - tərəkəmədir. Tərəkəmələr görəsən kimdir?! Tərəkəmə və ya  Qarapapaqlar Şimali Qafqazda Dərbənd, Gürcüstanda Kvemo-Kartli (Borçalı), Azərbaycanda Qazax, İranda Sulduz və Türkiyədə isə ümumi olaraq şimal-şərqi Anadoluda yaşayan Azərbaycan türklərinə bağlı bir tayfadır.

Tərkəmələr əsasən qoyunçuluqla məşğul olurlar. Azərbaycanda yayı müvəqqəti olaraq Dağlıq Qarabağ və ətrafı rayonlarda, digər fəsilləri isə əsasən Aran ərazilərdə yaşayırdılar.

Hətta tərəkmənin öz marşı, özünün çöl himni var:

Yeminq (yəmin) etdim bir olmağa, tafınmışam (tapınmışam) mən Allaha.

Qarapapağ türküyəm mən, duysun hamı qoy bir daha.

Soyum Qıpçağ, Oğuz türkü, qardaşımdı Krım xanı,

Tərəkəmə deyənlərə, göstərmişəm adı-sanı.

Öz elimdə dustağ qaldım, çox qıydılar iyid cana,

Qardaşlara Salam söylə, yolun düşsə Dağıstana.

Qaraçöpdür yurdum mənim, Borçalıdır doğma vatan,

Türk elinin iyidlərin, tanıyıfdır (tanıyıbdır) bütün cahan!

 

...Kəramət  sanki “Çöl” romanını məhz bu marşın ruhuna uyğun yazıb - tərəkəməni bütün türkə və dünyaya tanıtmaq üçün.

...Sosial həyat məişətdən başladığı kimi, Kəramətin romanı da məişət təsvirindən başlayir. Kitabın birinci fəsli “Ustadnamə” adlanır. Kəramət bununla sanki yazdığı romanı aşıq  yaradıcılığına uyğunlaşdırıb. “Ustadnamə”də müəllif  tərəkəməni onun məişətindən təqdim edir. Tərəkəmə məişəti tərəkəmə həyat tərzinin güzgüsüdür. Bu güzgüdə tərəkəmə əks olunur. “Ustadnamə”ni oxuduqca böyük Şəhriyarın “Heydərbaba” şeri yada düşür. Kəramət Şəhriyarın şerlə dediklərini nəsrlə ifadə edib. 

 ...Romanın ikinci hissəsi - “Koroğlunamə” tərəkəmənin bədii təfəkküründən söz açır. Bu fəsildə tərəkəmənin öz Koroğlu dastanından bəhs edilir. Tərəkəmə Koroğlusu necə ola bilərdi?!. Kəramət bu fəsildə məhz tərəkəmə Koroğlunun obrazını yaradır. Bu tərəkəmə mənəviyyatı ilə tanışlığa imkan yaradır. Sosial həyat məişətdən başladığı kimi mənəviyyatda da başa çatır. Bu fəsildə Koroğlu tərəkəməliyin başa çatmasının simollaşdırılmış obrazı kimi çıxış edir.

Romanın uçuncü hissəsi “İt çölün səsidir” adlanır. Bu fəsil çöl adamının sədaqət haqqındakı düşüncələrini özündə əks etdirir. İt sədaqət simvoludur. Qoyunçuluq itsiz təsəvvürə gəlmədiyi kimi, çölü də it səsi olmadan təsəvvür etmək mümkün deyil. Boz çölün bozdarı - tərəkəmənin dostu - canavarların düşməni. Bu fəsildə müəllif tərəkəmə ilə itin münasibətlərinə aydınlıq gətirməyə çalışır. Tərəkəmə iti adi it deyil. Tərəkəmənin öz əlləri ilə formalaşdırdığı itdir.

...Roman ola, orada məhəbbətdən söhbət getməyə?! Kəramətin romanının da eşq məcaraları dördüncü fəsildə başlayır. Bu fəsil əslində tərəkəmənin duyğularını özündə əks etdirir. Fəsil ““A” hərfi, bığ məsələsi” adlanır. Bu ada müəllif həddi-buluğa çatmış və şəhər həyatı ilə tanış olub, öz tərəkəmə bakirəliyini itirmiş tərəkəmə gəncin hələ şəhərin pozucu havasını almamış bakirə tərəkəmə qızı arasında yaşanan eşqin əlifbasından söz açılır. Gəncin təzəcə çıxan bığı sanki kişiləşmə əlifbasının “A” hərfidir. Bığ kişiliyin başlanmasından, “A” hərfi əlifbanın başlanmasından, ilk məhəbbət isə eşq həyatının başlanmasından xəbər verir.

...Kəramət əsərinin beşinci fəslini “Halaypozan” adlandırıb. Bu fəsildə nəhayət ki, tərəkəmə halının pozulması, tərəkəmənin köçərilikdən oturaq həyat tərzinə keçidi Halaypozan obrazı ilə təsvir edilir. Müəllif bu fəsildə tarixiliklə müasirliyi sintez edir. Koroğlu dastanını bazar iqtisadi şərtlərində yenidən yazır. Əgər Koroğlu indi olsaydı, bu iqtisadi rəqabatdə necə qəhrəmanlıq edərdi? Bəs, bədxah qoşumuz ermənilərlə necə ticarət qurardı? “Halaypozan“ fəsli bu barədədədir. Tarixi dəyərləndirərkən tarixə yenmək nə qədər vacibdirsə, tarixi ruhu müasirləşdirmək indiyə bir o qədər nüfuz etmək tələb edir. Koroğlu mobil telefonla Halaypozana zəng edib yaranmış problemi həll etməyə cəhd edir. Komik və bir o qədər də orjinal yanaşmadır.

...Tərəkəmə oturaq həyata kecməklə böyük cöldən böyük dünyaya qədəm qoyur. Romanın altıncı fəsli tərəkəmənin   qloballaşmasına həsr olunub.

(Ardı var)

Sərdar CƏLALOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.207058