Saat:01:34
Haqqımızda

“Mən bu gün xoşbəxt aktyorlar sırasındayam…” – ƏKBƏR ƏLİZADƏ

2022-05-26 22:11:00

“Mən bu gün xoşbəxt aktyorlar sırasındayam…” – ƏKBƏR ƏLİZADƏ

“Əlimi əlimin üstə qoyub otura bilmərəm ki, mənə nə vaxtsa Hollivuddan təklif gələcək…”

“Düşünürəm ki, bir aktyor hansısa şairdən bir bənd də olsa şeir bilmirsə, bu onun kasadlığıdır”

Müsahibimiz Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Azad Azərbaycan Televiziyasının aparıcısı, Respublikanın Əməkdar artisti, Prezident mükafatçısı Əkbər Əlizadədir. Onunla 45 illik yubileyi ərəfəsində sənət və yaradıcılığı haqda söhbətləşdik.

- Əkbər müəllim, ilk olaraq yeniliklərdən danışaq. Hazırda sənətinizdə nə kimi yeniliklər var?

- Hal-hazırda “Bəxtiyar” televiziya filminin teatr versiyasını səhnələşdiririk. Filmi teatr səhnəsinə gətirmişik. Bilirsiniz ki, “Bəxtiyar” filmi 1955-ci ildə çəkilib. İndi də Cavid İmamverdiyevin quruluşunda “Bəxtiyar” bədii filmini teatrda tamaşa kimi səhnələşdiririk. Mən “Yusif” obrazıyla iştirak edəcəm. Bu obraz tamaşaçılara mənfi obraz kimi qələmə verilib, amma mən “Yusif”i tamam başqa cür oynayacam. Çünki Saşa Yusifə demir ki, səni sevirəm, ya sevmirəm. O sözü Bəxtiyara da demir, yaxud təkzib də etmir. Ona görə, baxmayaraq ki, mən Bəxtiyarla dostam, Saşayla onun uşaqlıq dostuyuq, sevgim uğurunda belə mücadilə aparıram. Yəni obrazıma belə bəraət qazandırıram. Yenilik hələ budur.

- Sənətçilərin çoxu vaxt azlığından gileylənirlər. Teatrda tamaşalar, seriallar, üstəlik də ATV-də "Gündən Günə" verilişini aparırsınız. Bütün bunları bir araya sığışdırmaq çətin deyil?

- Bilirsiniz, necədir, düşünürəm ki, ilk növbədə sənəti sevmək lazımdır. Əgər sənəti sevirsənsə, bütün bu komponentlərin öhdəsindən gələ bilirsənsə, istər aktyorluq, istər aparıcılıq, istər studiyada mahnıların yazılışı (Bilirsiniz, mən musiqiyə bağlı olduğum üçün ara-sıra mahnılar da ifa edirəm), istər serial çəkilişləri olsun, vaxtı ayarlamağı bacarmalısan. Sadəcə olaraq bir əldə iki qarpız tutmamalısan. Əgər vaxtı nizamlamağı bacarırsansa, demək, çatdıra biləcəksən.

- Gərgin iş qrafiki ilə çalışan Əkbər müəllim ailəyə də yetərincə vaxt ayıra bilirmi?

- Mən düşünə bilirəm ki, vaxt ayıra bilirəm. Bilirsiniz, nə üçün? Mənim nə köməkçim, nə sürücüm, nə prodüsserim, nə də menecerim yoxdur. Nə olursa olsun, axşam evə gec gəlmiş olsam da səhər səkkizə işləmiş oyanıram, uşaqları dərsə aparıram. Düzdür, həyat yoldaşım da əlimdən tutur, biz bu sarıdan bir-birimizə kömək edirik. Amma uşaqları hazırlığa aparıram, idmanla məşğul olurlar, idmana aparıram. Ailədə növbələşirik ki, çətinlik yaranmasın. İstirahətimiz də öz yerində. Vaxt ayırmağa çalışıram ki, mənimlə bərabər uşaqlar da istirahət etmiş olsunlar.

- Necə düşünürsünüz, yaradıcılıq baxımından bu gün bir aktyor olaraq sizi həmkarlarınızdan hansı xüsusiyyətlər fərqləndirir?

- Deyirsiniz, indi mən özümü tərifləyim(Gülür)?! Düşünürəm ki, məni hər şeydən də əlavə, aktyor olaraq fərqləndirən tamaşaçıların, izləyicilərin dediyinə görə səmimiliyimdir. Yəni sözü hülqumumda saxlamıram, düz söz gəldisə, onu deməliyəmsə, qarşı tərəf düşünürsə ki, mən onu deməklə bəlkə də kəskin göründüm, amma sözümü deyirəm. Səmimilik - istər xoş, istər naxoş. Əgər səhnədə mən özüməmsə - Əkbərəmsə, nə “Jenifer Yılmaz”ı nə, “Mister Bin”i təqlid eləmirəmsə, pisimlə-yaxşımla əgər özüməmsə, öz keyfiyyətlərimdir, öz cəhətlərimdir, düşünürəm ki, tamaşaçı o halda aktyoru da, aparıcını da çox asanlıqla qəbul edir, həzm edir. Həm onun oynadığı oyununu, rollarını, həm də onun dediklərini. Amma bir qədər də haşiyə çıxmış olsam, düzdür, teatrda istedadsız insan çalışa bilməz, sadəcə, kiminsə istedadı başqasının istedadından doza baxımından artıqdır, düşünürəm ki, istedadım da mənim karıma gəlir. Bəzi aktyorların səsi var, plastikası yoxdur. Plastikası var, rəqs etmək qabiliyyəti yoxdur. Rəqs etmək qabiliyyəti var, aktyorluq keyfiyyətləri baxımından əziyyət çəkir... İndi o qədər özünə “peşəkar sənətkar”, “peşəkar aktyor” deyən var ki. Məsəl üçün, “k”-ya “ç”, “g”-ya “c” deyir. Hətta dublyajda rastıma gəlir, ləhcəylə danışırlar, ətim tökülür. Mənə maraqlıdır ki, görəsən, onlar özlərini eşitmirlərmi? Əgər özlərini eşitmiş olsaydılar, yəqin diksiya üzərində çalışıb təkmilləşərdilər.

- Necə düşünürsünüz, hansı obrazınız sizin "vizit kartı"nızdır?

- Balakişi. Bilirsiniz, teatr tamaşasıyla tanınmaq, sevilmək, populyar olmaq çox çətindir. Sən gərək seriallara, televiziya tamaşalarına çəkiləsən. Teatr tamaşasıyla tanınmaq çox müşküldür.

1997-ci ildə Akademik Milli Dram Teatrında Səməd Vurğunun "Fərhad və Şirin" tamaşasında Cənnət xanım Səlimovanın quruluşunda Şiruyyə rolunda oynamışdım, Həsən Məmmədov, Mikayıl Mirzə, Hicran Nəsirova, Məleykə Əsədova və Rafiq Əzimovla. Əfsuslar olsun ki, zamanında o tamaşanı lentə aldırmadım, yazdırmadım. Amma xatirə olaraq məndə şəkilləri var. 1994-cü ildən 2000-ci ilə qədər Xalq artisti Cənnət Səlimovanın rəhbərlik etdiyi Bakı Kamera Teatrında aktyor kimi Jan Botis Molyer "Skapenin kələkləri” - Leondr, Cəlil Məmmədquluzadə "Məkkəyə yol” - Zəvvar, Vilyam Şekspir "Otello” - Lodaviko, Mirzə Fətəli Axundzadə "Xırs quldurbasan” - Mister Fok, Mirzə Fətəli Axundzadə "Dərviş Məstəli şah” - Qulaməli, Mirzə Fətəli Axundzadə "Lənkəran xanın vəziri” - Ərizəçi kimi rollarda oynamışdım. Amma "Bankir adaxlı" tamaşasında Balakişi mənim vizit kartım oldu. Hacıbaba müəllimlə, Ofelya Aslanla tərəfmüqabilliyimiz, Naibə xanımın özü, Gülşən Qurbanova anamı oynayırdılar tamaşada. O tamaşadan danışanda xatirimdə çox gözəl, nostalji hisslər yaşanır.

- “Bankir adaxlı”da Balakişi obrazının “vizit kartınız” olduğunu qeyd etdiniz. Bəs, sizi tamaşaçılara çox sevdirən, tanıtdıran hansı obrazınız oldu?

- Mənim bəxtim onda gətirdi ki, Cənnət Səlimovanın yaratdığı Kamera Teatrında uzun illər işlədim. Afaq Bəşirqızının özünün yaratdığı Bəşir Teatrında çalışdım. “Parni iz Baku” Teatrında 8 il çalışdım. Akademik Milli Dram Teatrında çalışdım. 28 ildir, artıq 29-cu ilə keçir ki, mən Akademik Dövlət Musiqili Teatrında fasilə vermədən çalışıram. İnsanlar var, 10 il bir yerdə işləyirlər, 8 il evdə otururlar, qayıdandan sonra deyirlər ki, mən 18 ildir sənətdəyəm. Mən 1 il belə fasilə verməmişəm. Hələ əsgəri xidmətdə olanda da hazırda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, keçmiş mədəniyyət nazirimiz Polad Bülbüloğlunun tapşırığı ilə məni əsgəri xidmətdən gətirdilər ki, “Bankir adaxlı” tamaşasını oynayım. Həm də bəxtim onda gətirdi ki, silsilə rollar oynadım, həmin rollar tamaşaçıların yaddaşında qalıb. Əli Əmirlinin “İtkin ər” tamaşasında Afaq xanımla Heydər Əliyev sarayında tərəf müqabili olduq. Mən onun qardaşı Zəka rolunda oynadım. Sonra “Space TV”-də silsilə “Afaq gülür, güldürür” tamaşaları göstərildi. Orda bir neçə buraxılışlarda çıxışlar elədim. Sonra Qayınana serialına çəkildim, Ümidi oynadım. “Üç bacı” serialında Qəniməti oynadım. Qənimət rolum da məni tamaşaçılarıma çox sevdirdi. Serial “Space TV”-də 2 il sərasər nümayiş olundu.

- Siz eyni zamanda indi ATV-də yayımlanan məşhur "Qız atası" serialında Alik obrazını çox gözəl yaratmısınız. Bu rola görə tamaşaçıların sizə reaksiyası necə olur?

- "Qız atası" serialında Alik obrazı tamaşaçılar tərəfindən çox yaxşı qarşılandı, çox böyük ajiotaj doğurdu. Bilirsiniz, niyə? Mən orda xəsis, simic, bir balaca da hülqumsuz ailə başçısı rolunu oynayıram. Bu keyfiyyətlərin heç biri məndə yoxdur. Mən düşünürəm ki, aktyor hansı rol oynayırsa, o rol ona bəraət qazandırmalıdır. İndi mən Əkbər Əlizadə olaraq Alik obrazına elə bəraət qazandırıram. Əgər Səbişa lazım oldu-olmadı paltarları alıb şopinq edirsə, Alik necə əsəbləşməsin?! Pulu ehtiyatla xərcləmək lazımdır, büdcənin dəyərini, pulun qədrini, qiymətini bilmək lazımdır. Pulu xərcləmək asandır, amma qazanmaq çətin. Bir də biz bir damın altında yaşayırıqsa, Səbişa evdəki mebelləri dəyişmək istəyirsə, anam bundan necə xəbər tutmaya bilər?! Anam görməyəcək ki, evə təzə mebel gəlib?! Deməliyəm də anama. O demirsə, mən deməliyəm. Bu kimi məqamlar tamaşaçılarda yaxşı fikrə gətirib çıxarır. Axı, bunun özü də bir komediyadır. Ciddiyyətin içində komediya var. Əgər mən onu sırf ciddi oynamış olsaydım, onda bəlkə də tamaşaçıların fikri başqa səmtə dönərdi.

- Aktyorun öz sənətinin bütün incəliklərinə sahib olması üçün onun mütaliə etməsi zəruridir. Sizin mütaliəyə vaxtınız qalırmı?

- Aktyorun mütaliə etməkdən də əlavə, müşahidə etmək qabiliyyəti gözəl olmalıdır. Əgər sən oxuyursansa, mütaliə edirsənsə, oxuduqlarında fantaziyanı işlədə bilmirsənsə, təxəyyülünü işə sala bilmirsənsə, oxuduqlarını səhnədə canlandırmaq üçün həyatda müşahidə aparıb kiminsə hərəkəti, kiminsə danışıq manerası sənə hopmursa, sən onu səhnədə təbliğ edə bilməyəcəksən. Səhnədə olan aktyor isə mütləq ağıllı olmalıdır, mütaliə etməlidir, düşünməyi bacarmalıdır. Rejissor kulisdən çıxdı gəldi, qrafindən suyu süzdü, içdi, bunu necə etdi, aktyor bunları bilməlidir. Çünki o məqamda, ondan əvvəl nəsə baş verdi, həyəcanlandı, boğazı qurudu, dili damağına yapışdı, su içmək məcburiyyət qarşısında qaldı. Əgər aktyor bunu dolğunlaşdırmırsa, mütaliəni nə qədər etmiş olsa da çifayda.

- Klassik və müasir yazarıarımızdan daha çox kimin əsərlərini oxumağı sevirsiniz?

- Əli Əmirlinin, Salam Qədirzadənin, İlyas Əfəndiyevin, Anar müəllimin əsərlərini. Yəni yazıçılarımız çoxdur. Yazıçılarımızın əsərləriylə yanaşı, sizə deyim, həm də şairlərimizin şeirlərini oxuyuram. Mən düşünürəm ki, bir aktyor hansısa şairdən bir bənd də olsa şeir bilmirsə, bu onun kasadlığıdır. Dünya ədəbiyyatın da oxumalıyıq. 18-19 yaşlarımda incəsənət universitetində oxuyanda böyük Braziliya yazıçısı Qliyermo Fiqeredunun "Ezop" əsərində Ezopu oynadım. Cənnət xanım Səlimova deyirdi, baxma ki, Ezop 60 yaşlarındadı, aranızda yaş fərqi var, sən Ezopun yaşadıqlarını bir aktyor kimi hiss elə, o mənə bəsdir, çünki sabah sən teatrda işləyəndə, rollar veriləndə sənin üçün onlar su içmək kimi olacaq. Mən görürəm ki, bu doğrudan da belədir. Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" pyesində Nəcəf bəyi oynamışamsa, siz indi təsəvvür edin, ondan sonra oynayacağım rollar mənim üçün o qədər də çətin olmamalıdır.

- Aktyorların bir qrupu ailəsini dolandırmaq məqsədiylə toylarda tamadalıq da edirlər. Siz buna necə baxırsınız?

- Yaxşı baxıram. Çox aktyorlar deyir ki, mən toylara getmirəm, onların toy aparmaq qabiliyyətinə şübhə edirəm. Bəyəm toy aparmaq eyib sayılır? Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Əlibaba Məmmədov kimi nəhəng muğam ustadları məclislərdə ifa ediblər, iştirak ediblər. O məclislərdə muğam xiridarları onları necə də diqqətlə dinləyiblər. Muğamdan onların anlayışları olub. Rəfael Dadaşovun özü də, Yaşar Nuri də, Telman Adıgözəlov da toylarda, el şənliklərində aparıcılıq ediblər. Sadəcə olaraq, bunun öhdəsindən gəlmək lazımdır. Amma tamaşaçıların gözündə adiləşməyəsən deyə, düşünürəm ki, filmlər çəkilsə, elə o vaxtımı filmlərə sərf edərəm. Televiziya tamaşaları çəkilsə, televiziya tamaşalarına çəkilərəm. Mütəmadi olaraq festivallar olsa, festivallara gedərəm. Amma aktyorun hər bir günü onun üçün qızıldır. Fürsətdən istifadə etmək lazımdır. Mən əlimi əlimin üstə qoyub otura bilmərəm ki, mənə nə vaxtsa Hollivuddan təklif gələcək. Yəni yaşananlarla kifayətlənmək lazımdıe. Mən bu gün xoşbəxt aktyorlar sırasındayam ki, Prezidentimiz tərəfindən 30 yaşımda Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşəm. Uzun illər əhəmiyyətli tədbirlərin aparıcısı olmuşam. On ilə yaxındır ki, fasilələrlə də olsa Prezident təqaüdünə layiq görülmüşəm. Bu gün də Prezident mükafatçısıyam və bununla da fəxr edirəm.

- Bir aktyor kimi, Azərbaycan seriallarının səviyyəsi sizi qane edirmi?

- Bilirsiniz, təzə- təzə başlayanda büdrəmələr var idi. O büdrəmələr nədən ibarət idi: görürdün ki, aktyorlar özlərini doğrulda bilmirlər. Ələlxüsus da dramatik janrlarda çəkilən seriallarda. Amma bu gün Rövşən İsaqın çəkdiyi seriallar istər "Pərvanələrin rəqsi" olsun, istər "Yuxu kimi" serialı olsun, görün, nə dərəcədə tamaşaçını ardınca çəkib aparmaq qüvvəsinə malikdir. Həm də çəkildiyim "Qız atası" serialından aktyor olaraq çox razıyam. Bilirsiniz, niyə? Həm sujet xətti, həm yazılan ssenari, həm də aktyorların oyun tərzi. Tərəfmüqabillərim məni, mən də onları qane etdiyim üçün çox razıyam. Tamaşaçılardan da bu sözləri eşidirəm. Bilirsiniz ki, tamaşaçı gözü tərəzidir. Nə xoşa gəlmirsə tamaşaçılar onu söyləyəcəklər, onu deyəcəklər. Şükürlər olsun ki, bəyənilir.

- Maraqlıdır ki, bəzi tamaşaçılar 10-20 manat verib teatra bilet almırlar, amma KVN-lərə 100-200 manat xərcləyirlər. Bu problemin kökünü nədə görürsünüz?

- Reklam, reklam, yenə də reklam. 21 mayda - mənim ad günümdə 45 illiyimlə bağlı "Qızıl toy" tamaşası oynanılacaq. Neçə tamaşaçılar mənə dedilər ki, "İticket.az" saytına daxil olduq ki, biletlər əldə edək, hələ də biletlər satılmır. Reklam olmalıdır. Bilirsiniz ki, reklam çox böyük xüsusiyyət daşıyır. Reklam olmadısa tamaşaçı hardan bilsin ki, teatrın repertuarında hansı tamaşa, hansı vaxtda oynanılacaq?! Ya gərək gedib teatrın qarşısından keçsin, ya da “İnstagram” səhifəmizə nəzər salsın. Amma televiziyalarda mütəmadi olaraq çarxlar çəkilsə, təqdim olunsa mən düşünürəm ki, bunun mütləq şəkildə müsbət nəticəsi olacaq. Siz KVN-i vurğuladınız. Bir fərqi də deyim sizə. Tutaq ki, mən "Qızıl toy" tamaşasında oynayıram. Bu ay tamaşaya gələ bilməyən tamaşaçı öz-özlüyündə yəqin edib, güman edib ki, mən gələn ay gedə bilərəm. Gələn ay gedə bilmədim, o bir ay gedə bilərəm. Amma adını çəkdiyiniz KVN tamaşaları ildə bir dəfə oynanılır. Bir dəfə də oynanıldığı üçün tamaşaçılar da arzulayırlar ki, o konsertə düşsünlər. Bunun da bir fərqi var.

- Aktyor, müğənni, yoxsa aparıcı Əkbər? Sizə ən çox hansı doğmadır?

- Əlbəttə ki, aktyorluq. Çünki mənim ilk peşəm aktyorluqdur. Aktyorluq sənəti çox çətin peşədir. Təsəvvür edin ki, müğənnilərimizin sırasında bir neçəsi filmlərdə, teatr səhnəsində aktyorluq da, aktrisalıq da etdilər. Onlar özləri də etiraf etdilər ki, aktyorluq qat-qat çətin peşədir. Bilirsiniz ki, teatr sənəti incəsənət peşələri arasında çox ağır sənətdir. Və nə baş verirsə anında, məqamında tamaşaçının gözü qarşısında baş verir. Bu film deyil, bu serial deyil, bu televiziya tamaşası deyil ki, bir dublda çəkilsin, ikinci, üçüncü dubl da çəkilsin, rejissor aktyordan istədiyini ala bilsin. Sən necə oynadınsa bəlkə də o tamaşaçı ömründə bir dəfə gəlir tamaşaya. Bəlkə ondan sonra daha heç gəlməyəcək tamaşaya baxmağa. Sən rolu necə oynadınsa tamaşaçının da yaddaşında o cür qaldın. Ona görə də səhnəyə çıxan hər aktyor, hər aktrisa hər tamaşada özünü isbatlamalıdır, tamaşaçılar qarşısında sübut etməlidir. Tamaşaçılar da görməlidir ki, aktyor, aktrisa nəyə qadirdir. Musiqili teatrda işlədiyimdən bizdə ifaçılıq, musiqi də öndədir. Aktyorluqla paralel, sən ifa etməyi də bacarmalısan. Bir az əvvəl də söylədim, əgər ifa edə bilmirsənsə, ələlxüsus da tək ifa etməklə deyil, sən oynadığın obrazın xarakterini mahnıda göstərməyi bacarmalısan.

Aparıcılığın özü də bir fitri istedaddır, müştəbehlikdən uzaq olsun. Ələlxüsus da canlı proqramı aparmaq. Bəzən elə məqamlar yaşanır ki, görürsünüz, qonaq sənin sualına başqa bir fikirlə cavab verir, onun fikri haçalanır, fikri ikiyə bölünür. Sən onu təzədən o relsə qoymalısan, hansı sözdə fikri yayınmışdısa onu həmin yerə qaytarmalısan. Elə sualla ki, ona o suallar aydın olsun.

Bilirsiniz ki, təqvimdə bizim 20 yanvarla bağlı, Xocalı günü ilə bağlı proqramlar da təqdim olunur. Baxmayaraq ki, mənim verilişim musiqili, əyləncəli verilişdir, mən o cür verilişlə də çıxış edirəm. Mən bir yerdə dayanmağı xoşlamıram. Aktyor təkcə komik rollar oynamamlı, həm də dramatik rollar oynamalıdır. Mən dram, kino fakultəsini bitirdiyimə görə bir az əvvəl də vurğuladım, Akademik Milli Dram Teatrında da, Cənnət xanımın yaratdığı Kamera Teatrında da çalışmışam, cürbəcür rollar oynamışam, bundan sonra da təklif etsələr, böyük məmuniyyətlə faciəvi janrda tamaşalarda oynayaram.

- Əkbər müəllim, siz eyni zamanda müğənniləri parodiya edirsiniz. Nə vaxtsa bunun üçün sizdən inciyənlər olub?

- Qətiyyən. Əksinə, Mirzə Babayev, Brilliant Dadaşova, Nadir Qafarzadə, Qədir Rüstəmov, Zeynəb Xanlarova, Sevda Ələkbərzadə çox yaxşı qarşılayıblar. Bilirsiniz, parodiya edəndə onu karikatura şəkilində təqdim etməməlisən, onu gülüş hədəfinə çevirməməlisən. Mən onların öz səsləriylə oxumağa cəhd göstərmişəm. Onların səsləri üstündə parodiya etməmişəm. Onların səsini parodiya etmişəm. Əgər sən onların özünü göstərməyə çalışırsansa, əlbəttə, xoş gələr. Yox, inciyən olmayıb. Allah rəhmət eləsin, Zöhrə Abdullayevanı parodiya etmişəm. Sonra Manananı parodiya etmişəm(Gülür.) Bir-bir yadıma düşür.

- İllərdi ki, Akademik Dövlət Musiqili Teatrda aparıcı səhnə ustalarından birisiniz. Özünüz bir teatr qurmaq istərdinizmi?

- Özüm tamaşa qurmaq istərdim, teatr yox. Teatr yaratmaq çətindir. Bilirsiniz necədir, şahidi olmuşuq, bir teatrı, tamaşanı əldə saxlamaq üçün kadr arxası çox çətinlikləri olur. Amma tamaşa qurmaq istərdim. Fikrimdə də var. Düşünürəm ki, bir aktyor olaraq mən özüm obrazın sətiraltı, şüuraltı məqamlarını üzə çıxara bilirəmsə, özümdən savayı tərəf müqabilim məndən nə istəyir, tələbləri nədir və yaxud mənim ona münasibətim, bir də Cənnət xanımın mənə dörd il ərzində dərs deməsi mənim çox köməyimə çatıb. Çünki o, aktyorlara dərs deməklə yanaşı, həm də bizimlə eyni kursda paralel olaraq rejissorlara da dərs deyirdi. Cənnət xanımdan çox şeyləri görüb-götürmüşəm. İnşallah, qismət olar, günlərin birində arzum reallaşar.

 

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Hurriyyet.az

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR