“MƏN ARADA ÖZÜMÜ AKADEMİYAYA VERMİŞDİM...” – "Heç vaxt burnum keçməyən yerə başımı soxmaram”

2022-05-23 16:14:00

“MƏN ARADA ÖZÜMÜ AKADEMİYAYA VERMİŞDİM...” –

Deputat Eldar Quliyevdən maraqlı açıqlamalar: "Mən elə bir adama pulla orden sataram?"

Bir müddət əvvəl deputat, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Türkmənistanın sabiq prezidenti Qurbanqulu Berdıməhəmmədova “Fəxri ağsaqqal” Qızıl ordeni təqdim etməsi sosial şəbəklərdə geniş müzakirələrə səbəb olmişdu. Sözügedən təqdimetmə mərasimini Türkmənistan mediası işıqlandırmışdı. Eldar Quliyevin gurultulu alıqşlarla tez-tez kəsilən çıxışı azərbaycanlı blogerlərin tənqid və lağlağı obyektinə çevrilmişdi.

Ağsaqqallar Şurasının sədri gundem.az saytına müsahibəsində həm bu barədə danışıb, həm də elmi yaradıcılığından bəhs edib. 

O feyk elmi titullar, diplomlarla zəngin kolleksiya sahibi olması barədə iradlara belə cavab verib: "Bu titulları mənə yazdığım kitablara görə veriblər. Kitabım Almaniyada nəşr edilib, təqdimatı Romada olub. 8 xarici ölkədən qonaqlar gəlmişdi. Əsərlərim BMT-nin Cenevrədə kitabxanasında saxlanılır. Mənə qədər orada bir nəfər də olsun, azərbaycanlı alimin kitabı olmayıb. Ora “Axundov” kitabxanası deyil. Hər kitabı qəbul etmirlər. Mənim kitabım 6 ekspertin rəyi ilə nəşr edilib. Buna görə nə onlar mənə pul verib, nə mən onlara. Bu gün dünyada ən ciddi məsələ ərzaq təhlükəsizliyi ilə bağlıdır. Mənim kitabım da bu haqda olub. Getsinlər bir dənə xaricdə kitab çıxarsınlar. Çıxara bilərlər? O qədər maneələr var ki…"

E.Quliyev Türkmənistanın sabiq prezidenti Qurbanqulu Berdıməhəmmədova “Fəxri ağsaqqal” Qızıl ordeni təqdim etməsinə də aydınlıq gətirib. Deyib ki, türkdilli dövlətlərinin parlamentlərinin (hazırda Türk Parlamenterlər Assambleyası adlanır – AzPolitika.info) fəxri millət vəkilidir: "İndi türkdilli dövlətlərin Ağsaqqallar Şurası da (əslində Türk Dövlətləri Ağsaqqallar Şurası adlanır- AzPolitika.info) yaradılıb. Binəli Yıldırım onun sədridir. Həsən Həsənov orada təmsil olunur. Qurbanqulu Berdıməhəmmədov Türkdilli Dövlətlər Birliyi təşkilatının (hazırda Türk Dövlətləri Təşkilatı adlanır- Azpolitika.info) üzvüdür. Biz 6 türk dövlətinin birliyi üçün çalışırıq və fəaliyyətimizin bütün aspektlərini mətbuata açıqlamırıq. Buna görə bizə maaş verilmir. Nə ediriksə, öz gücümüzə edirik. Mən Qaradəniz Əməkdaşlıq Şurasının Azərbaycan nümayəndəliyinin rəhbəriyəm.

Xəzərin statusu həll olunmamışdı, Qurbanqulu Berdıməhəmmədov hakimiyyətə gələndən sonra məsələ həllini tapdı... Azərbaycan Ağsaqqallar Şurasının sədri kimi mən və şuranın bir neçə üzvü bu ayın əvvəlində Türkmənistana səfər edib, Qurbanqulu Berdıməhəmmədovla görüşdük. Mən ona “Fəxri ağsaqqal” Qızıl ordenini təqdim etdim. Təsəvvür edin ki, orada zal dolu idi, hər kəs də ayaqüstə Qurbanqulu Berdıməhəmmədovu qarşılayırdı. Biz ikimiz birlikdə zala daxil olduq. Mən ona dedim ki, siz qabaqda gedin, mən arxanızca gedirəm. Qurbanqulu Berdıməhəmmədov əlimdən tutub dedi ki, yox, birlikdə gedəcəyik. Nə pul? Mən elə bir adama pulla orden sataram? Mən bayramda minlərlə adama iftar süfrəsi verdim. Mənim atam, babam imkanlı şəxslər olublar. Hacinskilərin doğma bacısı uşaqları olublar. Hər şey pulla ölçülə bilməz. Mən Əslzadələr Birliyinin üzvüyəm".

Ağsaqqallar Şurasının sədri daha sonra maraqlı iddia irəli sürüb. Bildirib ki, Türkmənistanda məlum konfransda Rusiya Federasiyası Şurasının sədri Valentina Matviyenko da iştiak edirdi. Onlar Qurbanqulu Berdıməhəmmədova “Fəxri Ağsaqqal” ordenini təqdim edəndə ruslar qıcıqlanıblar: "Ki, bunlara bax, Bakıdan gəlib burada orden verirlər və s. Üzərindən bir neçə gün keçəndən sonra Putin gənc prezident Sərdar Berdıməhəmmədovu təltif etdi. Siz Rusiyanın “podxod”unu gördünüz, indi?"

 

 

E.Quliyev müsahibədə daha sonra Qətər rəsmilərinə verdiyi məsləhətləri nəql edib: "Təklif etdim ki, torpaqlarını çınqıldan təmizləyib, soğan, kartof əksinlər. Qətər şeyxi bizdən ərzaq məhsulları istəyirdi. Dedim ki, vermək olar, amma gərək siz də nəsə əkib becərəsiniz. Mən hansı ölkəyə gedirəmsə, oranın torpağına baxıram. Azərbaycanda hazırda taxıl problem var. Bizdə məhsuldarlıq aşağıdır. Mən Vyanada olanda orada gedib taxıla baxdım. Hektardan 85 sentener buğda götürürlər. Bizdə heç hektardan 30 sentener yığmaq olmur".

Növbəti suala cavabında isə deputat AMEA-da regionçuluğun hökm sürdüyünə işarə vurub: "Elmdə ad-titul boş şeydir. Əsas odur ki, yaxşı təhsil alasan, magistratira, doktranturanı bitiriən, elmi araşdırmalarla məşğul olasan, kitab çıxarasan. Mən arada özümü akademiyaya vermişdim. Kitabım çıxmışdı. Özümü tədim edəndə dedilər ki, sən seçiləcəksən. Amma axırda gəlib Torpaqşünaslıq İnstitutuna 20 gün sədrlik etmiş bir naxçıvanlını seçdilər. Heç kitabı da yoxdur".

Ağsaqqallar Şurasının sədri AMEA-nın keçmiş sədri Ramiz Mehdiyevə rəğbətini gizlətməyib: "Mən özüm heç vaxt burnum keçməyən yerə başımı soxmaram. Ramiz Mehdiyev ağsaqqal adamdır, dövlət işində çalışıb, xidmətləri olub. Bunu danmaq olmaz. Amma elm ayrı şeydir. Mən deyim ki, güclü aliməm, bu yalan olar. Məndən də güclü alimlər var. Mən övladlarıma da deyirəm ki, əgər bir şeyi bilmirsinizsə, onunla məşğul olmayın, kimlərinsə yerini dar eləməyin".

"AzPolitika.info"


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya