Məmurların BDU-dan qovulmasının pərdəarxası: “Onlar dərs demədən maaş alırdı”

2022-08-26 15:05:00

Məmurların BDU-dan qovulmasının pərdəarxası: “Onlar dərs demədən maaş alırdı”

“Mən həmişə vəzifə tutan şəxslərin, eyni zamanda deputatların ali məktəblərdə kafedra müdiri olmalarının əleyhinə çıxmışam”.

Bu sözləri açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Etibar Əliyev deyib. Deputat BDU-da baş verən son hadisələrə münasibət bildirib.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev 2021-2022-ci tədris ilində BDU-da əvəzçiliklə işə qəbul edilmiş professor-müəllim heyətinin əmək müqavilələrinə xitam verilməsi haqqında əmr imzalayıb.

Əmək müqaviləsinə xitam verilən şəxslər arasında Baş nazirin köməkçisi Əli Əhmədov, ombudsman Səbinə Əliyeva, keçmiş təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatı, təhlükəsizlik və korrupsiya ilə bağlı komitəsinin sədri Ziyafət Əsgərov, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Vasif Talıbovun oğlu Rza Talıbov və digər tanınmışlar da var.

E. Əliyev məsələnin mahiyyətini belə izah edib:

“Çünki onlar sadəcə olaraq kafedranı zəbt edirlər, dərslərini başqası deyir, özləri dərs deməyə gəlmirlər, ayda 1 dəfə isə kafedralara gəlirlər. Bunlar kafedralardan və universitetdəki digər vəzifələrdən kənarlaşdırılmalıdırlar. Mən bunu dəfələrlə yazmışam, amma çox təəssüflər olsun ki, bu işlər çox ləng gedir və mən BDU rektorunun bu hərəkətinin tərəfdarıyam, onu dəstəkləyirəm”.

Milli Məclisin deputatının fikrincə, millət vəkilləri və vəzifəli şəxslərin kafedra müdiri vəzifələrində olmaları normal hal deyil:

“Çünki bu, həm vəzifəli şəxslərin, həm də deputatların işi deyil. Məsələn, məhkəmə, yaxud da prokurorluq orqanlarında çalışanların ali məktəblərdə dərsləri var, amma o dərsləri kafedranın müəllimləri deyir, əməkhaqqını isə bunlar alırlar, dərs deməyə gəlmirlər. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Düşünürəm ki, bundan sonra da digər ali məktəblər bu faktoru nəzərə alıb bunun qarşısını almalıdırlar”.

Müsahibimiz əlavə edib: “Digər bir tərəfdən, mən daha ciddi bir məsələni nəzərinizə çatdırmaq istəyirəm ki, kafedralarda bəzən kafedra müdirləri seçkiləri baş verəndə kənardan bir şəxsi gətirirlər. Kollektiv də hamısı rektorun göstərişi ilə ona səs verir. Bunun özü də normal bir hal deyil. Əgər kafedra universitet yaranandan fəaliyyət göstərirsə və o kafedranı idarə edə biləcək alim yetişməyibsə, deməli, bunun özü də bir qüsurdur. 

Amma buna baxmayaraq, kafedralarda neçə illər ərzində alimlik dərəcəsi alan şəxslər var, onlar da seçilməlidirlər. Çünki kənardan olan şəxslər universiteti tanımır, kafedranın əməkdaşlarını tanımır, eləcə də bir çox hallarda ixtisası uyğun gəlmir. Ona görə də bu cür halların qarşısı alınmalıdır. Universitet sırf təhsil və elm məkanıdır. Universitet kimlərinsə kənardan gəlib vəzifə tutması üçün bir məkan da deyil. Bunun da kafedralardakı mühitə çox böyük mənfi təsiri var. Bir tərəfdən də bu, həmin kafedraların əməkdaşlarının bir növ aşağılanmasına gətirib çıxarır. Burada rektorlar hansı məqsədi güdür, mən onu bilmirəm”.

“Bütün dünyada universitetin professor və müəllim heyəti yalnız tədris və elmlə məşğul olmalıdır. Yəni onların siyasi fəaliyyəti məqbul sayılmır. Sırf universitetlə bağlı olmalıdır bu fəaliyyət və hesab edirəm ki, BDU rektoru Elçin Babayev haqlı hərəkət edib. Lakin bu, kifayət qədər gecikmiş bir məsələdir və öz mənfi fəsadlarını artıq göstərib. Bu tendensiya başqa universitetlərdə də var və onlar sanki universiteti ələ salmaqla məşğuldurlar”. 

Yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060654