Saat:05:11
Haqqımızda

Məmur xalq üçün, yoxsa xalq məmur üçün çalışmalıdır?

2022-01-18 11:23:00

Məmur xalq üçün, yoxsa xalq məmur üçün çalışmalıdır?

Ölkədə qiymətlərin süni surətdə bahalaşdırılması monopolist məmurların cibini doldurmağa xidmət edir…

Nə üçnü məmurlarımız qiymət artımı, uşaqpulu məsələsində Azərbaycanın “kasıb Ermənistan”la müqayisəsinə qarşıdırlar?

Azərbaycanın özü “analoqsuz” olduğu kimi, məmurlarının da əksəriyyəti analoqsuzdur. Hər halda onların sərgilədiyi davranış, aldığı qərarlar bunu deməyə əsas verir. Gah çörəyin, gah da ətin qiymətini süni surətdə qaldırmaqla, sanki xalqa meydan oxuyurlar. Hər halda, çörəyin, ətin, eləcə də digər ərzaq məhsullarının qiymətinin bir gecənin içində ən azı 30-35 faiz bahalaşdırılmasına başqa ad vermək də olmaz. Bunun qarşılığında isə maaş və pensiyaları qəpik-quruş artırırlar ki, guya, bu artım qiymətlərin bahalaşmasını konpensasiya edir. Əslində isə, hər bir vətəndaşımız baş verən oyunların çox yaxşı fərqindədir. Hamıya gün kimi aydındır ki, maaş və pensiyaların 3-5 faiz artımı ailə büdcəsinə heç bir qatqı vermir, əksinə, qiymətlərin fantastik dərəcədə bahalaşması ilə insanların yaşayış səviyyəsi günbəgün aşağı düşür.

Ən dəhşətlisi isə odur ki, 44 günlük müharibədə şil-küt etdiyimiz Ermənistanın məmurları ilə müqayisədə, bizim əksər məmurlar daha cılız, başqa dillə desək, xalq üçün işləmək əvəzinə, xalqa düşmən münasibət sərgiləyir. Məsələn, ölkədə baş verən ardıcıl qiymət artımlarından cəmi bir neçə həftə əvvəl, şanlı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əhalinin ən müdafiəsiz təbəqəsi olan uşaqlara hansı səbəbdən uşaqpulu verilməməsi barədə bəyanatını eşitdik. Belə ki, xalqın və uşaqların dərdinə yanmayan, uşaqları dövlətin onları müdafiə vəzifəsindən məhrum edən nazir vəziyyəti belə izah etdi: "Hazırda Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Ayda 100 manat uşaqpulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə, bu müddət ərzində uşaqpulu təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur". 

Nazir daha sonra əlavə etdi: "Çünki ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük. Uşaqpulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi də çətindir. Meyarlar olsa belə, burada manipulyasiya, korrupsiya əməlləri ola bilər. Biz isə bundan qaçırıq".

Maraqlıdır ki, hər bir “inkişaf nağılı” zamanı Azərbaycanı düşmən ölkə olan Ermənistanla müqayisə edən rəsmilər, Sahil Babayevin timsalında bu dəfə belə bir müqayisəyə ehtiyac görmədi. O cümlədən, çörəyin və ətin qiymətini 30-35 faiz bahalaşdıran məmurlar bu məsələdə də Ermənistanla qiymətləri müqayisə etməkdə maraqlı olmazlar. Çünki nəinki Ermənistanda, hətta Gürcüstanda da qiymətlər bizim ölkə ilə müqayisədə iki dəfə ucuzdur. Maaşlar da, təxminən, bizdə olduğu qədər. Üstəlik, bu ölkələrdə bir sıra əlavə ödənişlər də olunur ki, bu da ailə büdcəsinə çox mühüm qatqı verir. Məsələn, uşaqpulu.

Bird aha yetkili şəxslərin diqqətinə çatdırmaq istəyirik ki, bəyənmədiyimiz Ermənistanda ailədə üçüncü uşaq üçün və üçüncü uşaq 6 yaşına çatana qədər ayda 50 min dram ödəniləcək. Qeyd olunur ki, bu qərar 2022-ci il yanvarın 1-dən sonra doğulan uşaqlara şamil edilir və 2026-cı il dekabrın 31-dək qüvvədə olacaq. Həmçinin, uşaq baxımı üçün ödənişlərin də artacağı, kəndlərdə isə əvvəlki kimi ikiqat ödəniləcəyi bildirilir. Respublikanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan hökumətin iclasında bildirib ki, ölkədə minimum pensiyanı, inflyasiya nəzərə alınmaqla, minimum ərzaq səbəti səviyyəsində saxlamaq üçün bu ildən başlayaraq 26,5 min dramdan 28,6 min dram-a qədər artırılıb. Üstəlik, kəndlərdə yaşayan analar üçün müavinət ikiqat ödəniləcək, buna görə də ananın işləməsindən asılı olmayaraq, ödəniləcək müavinət 53-dən 57,2 min dram-a (təxminən 115 dollar) yüksələcək. Bundan əlavə, 2022-ci ilin əvvəlindən üçüncü və sonrakı övladlar dünyaya gələndə onların hər birinə altı yaşına qədər ayda 50 min dram (100 dollardan bir qədər çox) pul veriləcək.

İndi gələk bizim məmurların arqumentlərinə. S.Babayev bildirirdi ki, "Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Ayda 100 manat uşaqpulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə, bu müddət ərzində uşaqpulu təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur".

Nəzərə alsaq ki, nazirin dediyi 2,7 milyon nəfər uşaqdan oğlan olanları 18 yaşından sonra əsgərliyə aparılır. Maraqlıdır, dövlət bu uşaqların böyüdülməsində iştirak etmirsə, ailələrə dəstək vermirsə, bu yük valideynlərin şəxsi büdcələrinin üzərinə düşürsə, niyə bu uşaqlar dövlətin qorunmasında iştirak etməldir? Uşağı valideyin öz gücünə, çabalayaraq böydürüsə, ona ikinci tərəf şərik ola bilməz. Yəni dolayısı ilə bizim məmurlar vətəndaşın dövlətdən incik salınmasını, dövlətə qarşı sabotajı tətikləyir. Dövlətin uşaqların böydüyülməsində öhdəliyi yoxdur? Uşağın böyüdülməsində valideyin+dövlət anlayışı işləməlidir. Yəni dövlət də çiynini yükün altına verməlidir ki, gələcəkdə həmin uşaqların da onun qarşısında olan borcunu yerinə yetirməsini tələb edə bilsin.

Dediyimiz kimi, dövlət öz öhdəliyini yerinə yetirmirsə, uşaqların və gənc nəslin yetişdirilməsində iştirak etmirsə, hansı haqla ondan onun sərhədlərini qorumağı, onun inkişafına töhfə verməyi, ondan vergi verməsini tələb etməlidir?   

İkincisi, dövlətin öz vətəndaşına verməyə borclu olduğu uşaqpulunu verməməkdə əsas səbəb bu göstərilir ki, "ölkədə demoqrafik vəziyyət yaxşıdır". Məgər uşaqpulu demoqrafik vəziyyətin yaxşı olmasına görə verilməlidir? Dövlət bunu ona görə verməlidir ki, uşağın, yəni 18 yaşından sonra onu qorumağa ehtiyacı olacaq vətəndaşının böyüdülməsində iştirak etsin. Son nəticədə uşaqlar dövlətin gələcək insan resursudur və dövlət öz resursuna sərmayə yatırmaqla özünü zəmanət altına alır.

Nazir Babayev onu da iddia etmişdi ki, "proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük". Açıq-aydın görünür ki, bizim məmurlar doğulmağa imkan vermədiyi uşaqların dünyaya gəlməsinin qarşısını almaqla milli genosidin müəllifi rolunda çıxış edir. Bəlli olduğu kimi, BMT-nin "Ümumi genosid" haqda ümumi qətnaməsində olan müddəaya görə, "Hər hansı bir qrupun sayının artmasına qarşı yönəlmiş sosial-iqtisadi siyasət genosiddir".

Eləcə də Azərbaycanın da qoşulduğu Beynəlxalq Uşaq Hüquqları Konvensiyası mövcuddur. Həmin Konvensiyaya görə, bu konvensiyanı qəbul edən dövlətlər öz ölkəsində uşaqlara yönəlmiş sosial siyasət aparmalıdırlar. Bura uşaqlara müavinətin, yeməyin, məktəb ləvazimatının verilməsi, pulsuz tibbi xidmətin göstərilməsi, geyim və s. daxildir. Konvensiyada olan maddəyə görə, hər hansı bir dövlət daxili resursları hesabına uşaqlar üçün nəzərdə tutulmuş sosial siyasəti apara bilmirsə, BMT-yə müraciət edib, başqa donor dövlətlərdən pul alıb uşaqlara sosial müavinət verməlidir.

Heç şübhəsiz, Azərbaycan xalqı yaxşı yaşamağa layiqdir. Ən azı 44 günlük müharibədə göstərdiyi şücaətə görə. Bunu isə dövlət, yaxud dövləti idarə edənlər təmin etməlidir ki, hələ də bunu görmürük.

Dövlətin Təhsil naziri məktəblərdə yığılan pulların leqallaşdırılmasından danışır ki, bu, dolayı yolla məktəblərdəki şagird kontingentinin varlı və rəiyyət sinfinə bölünməsinə gətirib çıxaracaq. Sosial müdafiə naziri əlli min üsul icad edir ki, uşaqlar onların halal haqqı olan uşaqpulu almasınlar. Hələ, üstəlik qiymətləri də kəllə-çarxa qaldırıblar ki, insanların vəziyyəti daha da pisləşsin. Niyə? Ona görə ki, monopolist məmurlar daha yaxşı yaşasın? Ona görə ki, bu ölkədə məmur vətəndaş üçün yox, vətəndaş məmurun daha çox varlanması üçün çalışmalıdır? Nədir, xalqa qarşı bu düşmənçiliyin səbəbi?..

Ülviyyə ŞÜKÜROVA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR