Məktəblilər “yarış atı”na döndərilib - çıxış yolu

2022-07-28 10:07:00

Məktəblilər “yarış atı”na döndərilib - çıxış yolu

Bir gündə 4 məşğələ, yuxusuz gecələr və saysız testlər - uşaq xəstə düşəndən sonra onun savadlı olması kimə lazımdır?

İndi yay fəslidir və məktəb dönəmi bitib. Uşaqlar dərs ilinin yükünü yavaş-yavaş çiyinlərindən götürüb. Baxmayaraq ki, bəzi valideynlər uşaqlarını zəif olduqları fənlər üzrə hələ də məşğələlərə göndərirlər. Bayırda qızmar günəş, uşaq məşğələlərdə, zəif olduğu fənnin incəliklərini müəlliməsinin evində öyrənir. Bir çox hallarda valideynlər uşaqlarından daha çox oxuyur, stres keçirir və onları az qala “yarış atı” kimi görür. Xüsusən də sonuncu siniflərdə, ali məktəbə qəbul imtahanları zamanı: bir gündə 5 məşğələ, yuxusuz və istirahət saatı olmadan dərs oxumaq və bəzən də əzbərçilik...

“Mənim oğlum 6-cı sinifdə oxuyur. Həftənin 6 günü mən onu individual məşğələyə göndərirəm. Tək günlər ingilis dili  və rəqs, cüt günlər riyaziyyat və Azərbaycan dili, ədəbiyyat. Hiss edirəm ki, uşaq çox yorulur. Amma mən buraxılış sinfinə çatana qədər onun hazırlıqlı olmasını istəyirəm. Məktəbin ümidinə qalsaq, çox əziyyət çəkəcəyik...”

Bunu 12 yaşlı Rəşadın anası Şəfayət Əliyeva deyir. Onun üçün hazırda ən vacib məsələ övladının hazırlıqlı olması, abituriyent yaşına çatana qədər müəyyən baza toplamasıdır. Qarşısına qoyduğu əsas vəzifə oğlunu ali məktəb tələbəsi görməkdir: “Mən onun məktəbdə lazımi səviyyədə bilik alacağına inanmıram. Azərbaycan müəllimləri dərsdə şagirdə can yandırmır. Onları da başa düşürəm. 200-300 manat maaş alan müəllimə mənim uşağımın ingilis dilini və ya riyaziyyatı mükəmməl bilməsi üçün özünü oda-közə vurmayacaq ki?”

Müsahibimiz deyir ki, oğlu orta məktəbdən gələn kimi tez-tələsik naharını edib məşğələlərə yollanır. Məşğələdən sonra isə sabahkı dərs yükü onu “qarşılayır”: “Hiss edirəm ki, yorulur. Bəzən məşğələdən gələn yolda yuxulayır. Amma mən nə edirəmsə, onun yaxşılığı üçün edirəm. Gələcəkdə buna görə mənə təşəkkür edəcək”.

Valideyin-məktəb əlaqələri daha güclü olmalıdır » Newscenter.az

Təranə Mehdiyeva 

Psixoloq Təranə Mehdiyeva bu məsələdə fərqli düşünür. Onun fikrincə, müasir valideynlər dəb xatirinə, bəhs-bəhsə girib, individual məşğələlərlə, kurslarla uşaqlarını yorurlar: “Uşaq beyninin informasiyanı qəbul etmə potensialı var. Ondan artıq yüklənmə sağlamlığa, qavrama qabiliyyətinə mənfi təsir edir. Gündə ən azı 20 test edən, üstəgəl məktəb yükü, yol gərginliyi ilə yüklənən məktəblidən uğurlu nəticə gözləmək olmaz. Əksinə, uşaq çox tez bir zamanda məktəbdən də, təhsildən də, dəftər-kitabdan bezə bilər”.

Müsahibimizin fikrincə, məktəb illərindəki uşaqlar keçid dövrünü yaşadıqları üçün bu məqama xüsusi önəm vermək lazımdır. Belə ki, həmin dönəmdə olanlar onsuz da qarışıq duyğular, emosiyalar içində olurlar. Bu məqamda valideynlər onlarla daha çox vaxt keçirməli, məktəbdəki, öz dost çevrəsindəki problemlərlə maraqlanmalıdır: “Amma bu halda uşaq bütün gününü məşğələlərdə, belə demək mümkünsə, ”yad adamların" yanında, yolda keçirir. Onlar da uşağa ancaq nəyisə öyrədir, bəzən danlayır, uğurlu nəticə tələb edirlər. Bu halda uşaqlarda ciddi psixoloji yüklənmə baş verir. Onlar özlərini az qala “yarış atı” kimi hiss edirlər: daim uğurlu nəticə əldə etmək, valideynlərinin tərifini eşitmək yarışı. Məktəbli uşaqlar bəzən çox kiçik bir problemi faciə kimi qarşılayırlar. Amma bu məqamda valideyni onun yaşadığı o problemdən daha çox dərsi maraqlandırır. Müasir valideynlərdə elə təsəvvür var ki, əgər uşaq yaxşı dərs oxumursa, uğur qazana bilmirsə, onun gələcəyi məhv olacaq. Halbuki ciddi mənəvi problemi olan, məktəbdə həmyaşıdları ilə ünsiyyət problemi yaşayan uşaqlar gələcəkdə ən pis vərdişlərin daşıyıcısı olurlar. Odur ki, bizim valideynlərə hər zaman bir tövsiyəmiz olur - uşaqlarınıza kompüter, yarış maşını kimi yanaşmayın. Onları yükləməyin, çox tələbkar olmayın. Nəzarəti əldən qoymayın, amma “qamçı”nı əldən qoyun".

Təhsil Nazirliyi ekspertləri isə dəfələrlə mediaya açıqlamalarında bildiriblər ki, məktəblilərin dərs yükünü azaltmaq üçün dərsliklərlə bağlı islahatlara əl atılacaq. Məsələn, iki il əvvəl nazirliyin 6-cı siniflər üçün nəzərdə tutulan riyaziyyat dərsliyinin səhifələrini 20-25 vərəq azaldacağı ilə bağlı vəd verilsə də, nəticədə dərs proqramı da, kitablar da ağırlaşdı.

Məlumat üçün xatırladaq ki, V-VII siniflərdə həftəlik tədris yükü 56 saata qədərdir. Yalnız tədris fəaliyyətinə və onun statistik komponentlərinin öyrənilməsinə məktəblinin sərbəst vaxtının təxminən 68 faizi sərf edilir, yəni əlindən alınır. Bu qədər informasiya yükünün altına girmək isə hər bir yeniyetmə üçün uğurlu nəticə vəd etmir.

Daha bir detal isə bu ağır dərs yükü ilə yanaşı, məktəblilərin çiyninə düşən ağır çanta yüküdür. Mütəxəssislərə görə, çantanın çəkisi uşağın çəkisinin 14-15%-ni keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər.

Və müasir azərbaycanlı şagirdin vazkeçilməzi, amma ən qatı düşməni olan kompüter... Normativlərə görə, birinci siniflər kompüterlə 10 dəqiqə, II-V siniflər 15, VI-VII siniflər 20, VIII-IX siniflər 25, X-XI siniflər birinci dəfə 30, müəyyən fasilədən sonra 20 dəqiqə məşğul ola bilərlər. I kursda oxuyanlar bir saat, yuxarı kurs tələbələri 2 saat 15-20 dəqiqəlik fasilələrlə kompyuterdən istifadə edə bilərlər. Halbuki indi müasir şagirdlərin kompüter qarşısında keçirdiyi vaxtla normativ arasında ikiqat fərq var. 

Ailem.az xatırladır ki, dünyanın ən inkişaf etmiş ölkələrində ibtidai sinif uşaqlarına ev tapşırıqları verilmir. Kitablar çox vaxt sinifdə qalır. Kurikulumun tələblərinə görə keçilən mövzu elə dərs prosesində öyrədilir.

Dünyanın əksər ölkələrində birinci növbədə gənclərin sosial müdafiəsi üçün 12 və ya 13 illik orta təhsil sistemi həyata keçirilir. Məsələn, Böyük Britaniyada təhsil müddəti 10-13 il, Fransa, İspaniya, Polşa, Yaponiya, Litva, Latviya, Estoniya və Moldovada 12 il, İtaliya, İsveçrə, Almaniyada 13 ildir. Ölkələrin yalnız 25 faizində orta təhsil 10-11 illikdir ki, Azərbaycan da bu qrupa daxildir. Tədris illəri artırılsa, mütənasib olaraq hər ilə düşən yük, hər günə düşən saatlar da azalar. Saat az olduqda, təbii ki, çantaya yığılan dərsliklər, iş dəftərləri, dərs vəsaitləri və ləvazimatlar da ixtisara düşər.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061855