Məktəblilər arasında intihar halları niyə artıb?

2022-05-10 12:30:00

Məktəblilər arasında intihar halları niyə artıb?

Kamran Əsədov: "Orta məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxş deyil"

Paşa Yaqub: "İnsana ötürülən neqativ enerji onun qəlbində olan sevgi hissini silir, onu dünyaya bağlayan bağ qırılır"

Gülşən Rüstəmova: "Valideynlərin övladları ilə ünsiyyəti “dərslərini oxumusanmı"dan o yana keçmir"

Aynur Hacıyeva: "Onlar özlərinə qarşı diqqət cəkməyin və mövcud problemlərin həllinin rahat yolunu intihar cəhdlərində görürlər"

Son zamanlarda azyaşlı və yeniyetmələr arasında intihar halları çoxalıb. Artıq son 1 həftə ərzində 2 məktəbli qız hündür mərtəbəli binadan özünü yerə ataraq intihar edib. Səbəblər sırasında imtahanda zəif nəticə və valideyn təzyiqi göstərilir. Xüsusən, imtahan ərəfəsində artan bu rəqəmlərin kökündə hansı səbəblər yatır? Günahı kimdə axtarmalıyıq?

Azyaşlı intiharlarının əsas səbəblərindən biri də valideynlərin imtahanları gözündə böyütmələridir. Son günlər intiharların ən çox məktəblilər arasında olmasını nəzərə alsaq deyə bilərik ki, məktəblərdə şagirdlərə olan psixoloji dəstək də çox aşağı səviyyədədir.

Təhsil eksperti Kamran Əsədov "Hürriyyət"ə açıqlamasında qeyd edib ki, orta məktəbdə psixoloji xidmətin zəif olması bir çox səbəblərlə bağlıdır: “Son illər bununla bağlı bir çox tədbirlər görülür. Görülən bu tədbirlər nəticəsində, artıq orta məktəblərdə bu sahənin adı var, bircə qalır doğru-dürüst fəaliyyəti. Təəssüf ki, orta məktəblərdə direktor və psixoloq bu sahəyə hələ də dırnaqarası yanaşır. Araşdırmalarıma görə, orta məktəbdə psixoloji xidmətin zəif olması bir çox səbəblə bağlıdır. Birincisi, bu sahənin yeni olmasıdır. Yəni orta məktəbdə psixoloq ştatı hələ tam oturuşmayıb və cəmiyyət tam şəkildə maariflənməyib. Valideyn hələ tam fərqinə vara bilmir ki, psixoloqun orta məktəbdə işi nədən ibarətdir. Ona görə də, düşünürəm ki, maariflənmə işi daha da geniş formada aparılmalıdır.

İkinci bir tərəfdə psixoloq ştatının olması, ancaq psixoloqların psixoloji işi aparması üçün şəraitlərinin olmamasıdır. Çünki heç kimə sirr deyil ki, bir qisim orta məktəbdə psixoloqlar konkret əvəzçiliklə dərs demək və belə deyək də, öz işləri ilə yanaşı, başqa işləri də yerinə yetirmək durumu ilə üz-üzə qalırlar. Bir də psixoloqun ştat vahidinin müəyyən olunması psixoloji işin daha yaxşı görülməsində bir motivasiya vasitəsi olacaq. Orta məktəbdə çalışan psixoloqun aldığı əmək haqqı müəyyən qədər digər müəllimlərin aldığı məvacibə bərabər tutulmalıdır. Bax, bu işlərin həll olunması və eyni zamanda, düşünürəm ki, orta məktəbdə çalışan psixoloqların təlimləri, treninqləri mütəmadı olaraq keçirməsi vacibdir. Çünki orada uşaqlarla yanaşı, yeniyetmələr də mövcuddur. Və onların da içərisində elə uşaqlar var ki, konkret olaraq psixoloji rahatsızlıqları ilə yanaşı, həm davranış, ünsiyyət problemləri, həm də çətin tərbiyə olunan uşaqlar var" .

Təhsil eksperti hesab edir ki, orta məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi üçün dünya təcrübəsinin tətbiqinə ciddi şəkildə ehtiyac var: "Orta məktəb psixoloqları da bilməlidir ki, nə formada işləmək lazımdır. Onlar bu haqda bilgilənməlidir. Həmçinin, valideynlərin məsuliyyətini bir az da qabartmaq lazımdır. Hər şeyi də psixoloqdan gözləmək düzgün deyil. Yenə də qeyd edirəm ki, psixoloq yeni sahədir və orta məktəbdə çalışan psixoloqların bir qismi ixtisas dəyişəndən sonra, bu psixoloji xidməti yerinə yetirməsində biz onlara vaxt verməliyik. Onların təkmilləşdirilməsi istiqamətində əlimizdən gələni etməliyik. Son illər ərzində Təhsil Nazirliyi tərəfindən orta məktəb psixoloqlarına xüsusi qayğı göstərilir. Təlimlər keçirilir, indi də davam etdirilir. Məsələ burasındadır ki, ştat vahidinin verilməsi bir az zaman alan məsələdir. Təəssüf ki, bizim insanlarda hələ psixoloqa ödəniş etmək yanaşması tam formalaşmayıb. Bizim insanlar yarım saat oxuyan müğənniyə 5 min manat pul saya bilirlər, lakin psixoloq bir saat məşğul olur və istər uşağın, istər ailənin, istər də yeniyetmənin problemini həll edir, 25 manat, maksimum isə 30 manat ödənişə baha deyirlər. Biz cəmiyyət olaraq məktəbdə psixoloqu qəbul etmirik və çox pis baxırıq. Övladlarımızın təkcə fiziki inkişafı üçün yox, həm də psixoloji cəhətdən inkişafı üçün işlər görməliyik. Amma ümumilikdə orta məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxş deyil. Hesab edirəm ki, orta məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsinə, dünya təcrübəsinin tətbiqinə ciddi şəkildə ehtiyac var”.

İntiharların qarşısını almaq üçün nələr etmək lazımdır?

Psixoloq, elmi lədun üzrə mütəxəssis Paşa Yaqub intihar edən şəxsin ürəyi və beyninə sanki kompüterə düşən virus kimi yad bir proqramın yazıldığını bildirir. O, insanları intihardan necə xilas etməyin yollarını açıqlayıb: "Son vaxtlar cəmiyyətimizdə intihar halları xeyli artıb. Artıq orta məktəb şagirdləri də intihara meyllidirlər. Əslində sosial vəziyyətindən aslı olmayaraq bütün təbəqələrdə intihar hallarına rast gəlinir. İnsan hər zaman çətinliklər çəkir. İnsan bu çətinliklərdən bezə bilir. Allah insanın çətinliyə dözməsi üçün insana sevgi hissini verir. Sevgi hissi insanı bu dünyada məşəqqətlərə dözməyə vadar edir. Nəticədə yaxınların olan sevgi hissi formalaşır. Sevgi insanı dünyaya bağlayır. Araşdırsaq görərik ki, intihar edən insanların sevgi hissi olmur. Buna görə də o həyata bağlana bilmir. Bir az çətinlik görən kimi intihara meylli olurlar. Bəzən, insana ötürülən neqativ enerji onun qəlbində olan sevgi hissini silir. Bu vaxt insanı dünyaya bağlayan bağ qırılır. İnsan özünə qapanır, sevdikərindən uzaqlaşır, hətta doğmalarını belə görmək istəmir. Bilməliyik ki, insan qəlbindəki məhəbbət hissi kompyuterdəki fayl və proqramlara bənzəyir. Virus kompyuterdəki fayl və proqramları necə silirsə, neqativ enerji də insnın qəlbindəki sevgi və inam hissini eləcə silir. Bundan sonra insan depressiyaya düşür və sevdiklərindən uzaqlaşır. Qəlbində onu dünyaya bağlayan bağ (sevgi, məhəbbət) olmadığından intihar haqda düşünməyə başlayır. Belə insanlarda ilk növbədə həyəcan, qorxu, diksinmələr, qarabasmalar və s. baş verir. Daha sonra özünə qapanır, sevgisiz, həvəssiz olur; səbəbsiz ağrıları, qəlbində sıxılmaları olur; yuxuya gedərkən ayağı sanki boşluğa düşür, yaxud yüksəklikdən yıxıldığını hiss edərək oyanır; bəzi xəstələrdə gecələr tez-tez sidiyə çıxma, həzm problemləri olur; bəzilərində isə, hallüsinasiya (ətrafında kölgə görmə, boş otaqdan səs eşitmə) baş verir. İnsan səbəbsiz əsəbləşir və səbəbsiz ağlayır. Bütün bunlar aradan qaldırılmadıqca, içindəki dəhşətli sıxıntı onu intihara sövq edir. Xəstənin dini inancı olduqa, bu factor intiharı bir qədər ləngidir. Çünki cəhənnəm qorxusu onu bu fikirdən bir qədər daşındırır. Lakin intihar fikri hələ də beyindən çıxmır".

Paşa Yaqubun fikrincə, belə xəstələrə fizikanın qanunlarına əsaslanan müalicə metodu ilə bir neçə seans kifayətdir ki, düşdükləri depressiv vəziyyətdən çıxıb, cəmiyyətə qaynayıb-qarışsınlar: "Orqanizmə düşən neqativ enerji güclü olduqda isə, nə dini inanc, nə də övlad sevgisi insanı intihar fikrindən daşındıra bilmir. Yuxarıda qeyd etdik ki, intihar fikrində olan insanda bir qayda olaraq, övladlarına və yaxınlarına qarşı sevgi hissi olmur. Bu hiss onların qəlbindən silinmiş olur. Bu səbəbdən heç kəsi sevmir, əks cinsə məhəbbət hissi olmur, hamıya şübhə ilə baxır. Yaxınlarının hər bir xoş hərəkəti onu əsəbləşdirir. Belə pasiyentlər nevroloqlara və psixatrlara müraciət etdikdə, bu cür xəstələrə əsasən əsəbsakitləşdirici, psixotrop dərmanlar yazılır. Bu dərmanlar onu bir qədər sakitləşdirsə də, narkotik təsirli olduğundan, asılılıq yaradır və beynin fəaliyyətini getdikcə zəiflədir. Nəticədə beyin keyləşir, əmək qabiliyyəti itir, əks cinsə həvəs olmur. Bu cür dərmanların qəbulu intihar fikrini bir qədər ləngitsə də, onları qəbuletmədikdə təkrar narahatlıq və intihar fikri yaranır. İnsan da enerji (ruh) daşıyıcısıdır. Onun enerjisi nə qədər ki sabitdir, heç bir problem baş vermir. Elə ki, insanın üzərinə neqativ (qara) enerji yönləndirilir, ilk növbədə ondakı enerjinin növü dəyişir. Sabit cərəyan "dəyişən cərəyan" formasına keçir. Beləliklə, orqanizmdə sabitlik pozulur, halı tez-tez dəyişir – gah yaxşı, gah da pis olur. Belə şəxslərin fikirləri də halları kimi dəyişkən olur, qərar verə bilmirlər. Uzun araşdırmalardan sonra kəşf etdim ki, kompyuter insanın alt kopyası olaraq yaradıldığı kimi, tester cihazı da insanın alt kopyası olaraq yaradılıb. Yəni testerdə olan bütün funksiyalar əslində insanda da var; sadəcə indiyədək kəşf edilməyibmiş. Elmi-lədun (elmin alt qatı) üsulu ilə bu sirləri kəşf etdikdən sonra, nə qədər qəribə də olsa, artıq xəstələr üçün özüm tester funksiyasını yerinə yetirməyə başladım. Yəni onlara əlimi vurduqda həm ağrının harada olduğunu, səbəbini təyin edə, həm də insanda dəyişən cərəyanı, sabit cərəyana çevirə bilirəm.  İntihar etmək istəyən adamlar öz planlarını əsasən ən sakit yerdə və sakit vaxtda həyata keçirirlər. Əsasən gecə, yaxud səhərə yaxın, insanlar yuxuda olarkən intihar etməyə çalışırlar. Ona görə də bu cür adamları tək qoymaq olmaz. Çalışmaq lazımdır ki, bu cür özünə qapanan xəstələrin olduğu otağın havası tez-tez dəyişilsin (özləri buna etiraz etsə də), paltarları tez-tezdəyişilsin və ətirlənsin, tualetə telefonla girməsinlər, axşamüstü hamama girməsinlər. Belə xəstələrə fizikanın qanunlarına əsaslanan müalicə metodu ilə bir neçə seans kifayətdir ki, düşdükləri depressiv vəziyyətdən çıxıb, cəmiyyətə qaynayıb-qarışsınlar. Əgər xəstəni gətirmək mümkün deyilsə, onda yaxınları gəlib bizimlə məsləhətəşsələr, fərdi qaydada verdiyimiz tövsiyyələr insanın depressiyadan çıxmasına və intihar fikrindən daşınmasına səbəb olur".

Klinik psixoloq Gülşən Rüstəmova isə qeyd edir ki, yeniyetmələrin və gənclərin intiharında ilkin səbəb ünsiyyətsizlikdir: "Bu gün çox təəssüf ki, uşaqların və yeniyetmələrin intiharı faktı çoxalıb. Bunun bir sıra səbəbləri var. Burda individuallığı nəzərə alsaq, yaş faktoru, mühit, genetik faktorlar, yaşayış yeri, ailə və sair faktorlar vardır. Bunlara ayrı-ayrı nəzər salmaq imkanımız olmadığından vəziyyətə umumi nəzər salmalı olacağıq. Ümumi analiz edərkən mən deyərdim ki, yeniyetmələrin və gənclərin intiharında ilkin səbəb ünsiyyətsizlikdir. Bu gün valideynlərdən soruşanda ki, övladınla ünsiyyət qurursanmı, hamı müsbət cavab verir. Amma təəssüf ki, bu "ünsiyyət" “dərslərini oxumusanmı?", "yemək yemisənmi?"dən o yana keçmir. "Övladınla ətraflı hal-əhval tutursanmı" sualının cavabında da əksər valideynlər “mən övladımla dostam” cavabını verir. Bu ifadə kökündən yanlışdır. Valideyn vəzifəsi ayrıdı, dostun vəzifəsi ayrı... Dostluqda tərəflər bərabərhüquqludu, bölüşmə qarşılıqlıdı. Valideyn-övlad münasibətində isə bir tərəf yetişkindi, bir tərəf azyaşlı. Bir tərəf məsuliyyət daşıyır, o biri tərəf yox. Gəlin görək, neçə valideyn hər səhər övladına sabahın xeyir deyir, onun kefini soruşur, onu sevdiyini hiss elətdirir?... Biz düşünürük ki, uşağımız üçün işləyib pul qazanırıqsa, oxuduruqsa, hər ehtiyacını qarşılıyırıqsa, işimiz bitmiş hesab olunur. Hətta bunun qarşılığında onlardan yaxşı oxumaq, yaxşı davranmaq, ağıllı olmağı tələb edirik. Övladımız da bizim tələblərimiz çərçivəsində bizimlə ünsiyyət qurur, bizim xoşumuza gələcək şeyləri bizimlə paylaşır. Qalanlarını gizlədir. Və övladla valideyn arasında uçurum yaranır. Çünki uşaqlar üçün maddi təminat kifayət deyil, bu onunçün xoşbəxtliyə əsas vermir".

Klinik psixoloq valideynlərə yeniyetməlik dövründə mütəxəssisə müraciət etməyin vacibliyini vurğulayıb: "Uşaq öz daxili sarsıntılarını valideynə bildirə bilməlidir. Öz qorxularını ifadə eləməlidir. Valideyn ona "qorxaq" damğası vurmayacaq yeganə varlıq olmalıdır. Valideyn hiss etdirməlidir ki, təkcə yaxşı hərəkətlərində deyil, səhv hərəkətlərində də övladının yanındadır. Uşaq sevildiyini, güvəndə olduğunu bu şəkildə hiss edir. Ona görə də ünsiyyət prosesi uşaqlarımızın daxili aləminə sirayət etməlidir. Uşaqlarımız bizə öz qorxularından, dezinformasiyalarından söhbət açmalıdır. Biz isə onlardan ancaq yaxşı şeylər gözləyirik deyə övladlarımız bizim gözləntilərimizə uyğun hərəkət edir. Ancaq yaxşı qiymətlərini deyir, aldığı pis qiyməti gizlədir, qorxularını, sarsıntılarını gizlədir və bu divarı övladımızla aramıza biz hörürük. Deməli, birinci səbəb övladla valideyn arasında adekvat ünsiyyətin qurulmamasıdır. Nəticədə ikinci mərhələ başlayır, yeniyetmə sevgisizlik hiss edir, dünyada heç kəs tərəfindən istənmədiyini düşünür və çarə olaraq olduqları yeri tərk etməyə qərar verirlər ki, bununsa yolunu intiharda görürlər. Burda da bizim cəmiyyətin səhv yönləndirməsi özünü göstərir. Uşaqlar böyüklərdən tez-tez bu tip cümlələri eşidirlər: "Öləndə qədrimi bilərsiz" və yaxud ölənlər haqda həmişə xoş şeylər danışmaq və sair uşaqlarda belə qənaət yaradır ki, öləndən sonra daha çox seviləcək və daha təqdir olunacaqlar. Çox təəssüf ki, uşaqların və gənclərin bu düşüncələrinə mane olmaq mümkün olmur və nəticədə dəhşətli intihar faktları ortaya çıxır. Ona görə də valideynlərin üzərinə böyük məsuliyyət düşür. Onlar övladlarının daxili aləminə nüfuz etməyə çalışmalı, bu mümkün olmayanda, xüsusilə, yeniyetməlik dövründə mütəxəssisə müraciət etmək lazımdır".

          

Sosioloq Aynur Hacıyeva isə intiharların əsas səbəbini sosial mediada görür. O qeyd edir ki, sosial şəbəkələrdən həssas, psixi pozuntulardan əziyyət çəkən insanlar, yeniyetmə və uşaqlar heç bir məhdudiyyət olmadan rahatlıqla istifadə edirlər. Nəticədə olnlar aldıqları informasiyalar sayəsində özlərinə qarşı diqqət cəkməyin və mövcud problemlərin həllinin rahat yolunu intihar cəhtlərində görürlər: "Son günlərdə gündəmdə intiharla bağlı xəbərlərə daha cox rast gəlirik. Biz buna görə çox psixoloji sarsıntı yaşayırıq. Yaşlı insanlardan tez-tez "Bizim gəncliyimizdə intiharların sayı az idi. İnsanlar daha rahat firavan yaşayırdı. Cinayət halları nadir hallarda baş verirdi" və s. bu kimi fikirlər eşidirik. Həqiqətənmi bizdən əvvəlki gənc nəsil daha sağlam ruhda idi? Problemləri müsbət tərəfdən itkisiz, zərərsiz hell etmək bacarığına malik idilər? Yoxsa o zamanlar cəmiyyətdə baş verənlər az sayda mövcud olan televiziya kanalları və bir neçə qəzet buraxılışları tərəfindən, yalnız süzgəcdən keçirilmiş xəbər formasında, daha yetkin yaş qrupuna daxil olan insanlara çatdırılırdı? Bəs müasir dövrümüzdə cəmiyyət və mediya əlaqələri necədir? Nə qədər əlçatandır? Texnalogiyanın, sürətli internetin inkişaf etdiyi dövrdə demək olar ki, media cəmiyyətin özüdür. Xəbər hazırlanması və cəmiyyətə təqdim olunması bir az peşakar media əhatəsindən çıxıb. Çox hallarda xəbərlər media nümayəndələrinə çatmamış sıravi vətəndaşlar tərəfindən sosial şəbəkələrdə hər bir çılpaqlığına qədər, bəzən də şişirdilmiş formada cəmiyyətə təqdim olunur. Diqqət etsək görərik ki, son zamanlar intihar xəbərləri mediada xüsusilə sosial şəbəkələrdə xəbər səhifələrində gündəmdədir. Xəbərlə yanaşı video görüntülər, şəkillər geniş şəkildə paylaşılır. Sosial şəbəkələrdən isə həssas, psixi pozuntulardan əziyyət çəkən insanlar, yeniyetmə və uşaqlar heç bir məhdudiyyət olmadan rahatlıqla istifadə edirlər. Onlar aldıqları informasiyalar sayəsində özlərinə qarşı diqqət çəkməyin və mövcud problemlərin həllinin rahat yolunu intihar cəhdlərində görürlər. Bəzən bu cəhdlər həyatın sonlanması ilə nəticələnir. Bu səbəbdən bu tipli xəbərlərin cəmiyyətə təqdim edilməsi yalnız peşakar media nümayəndələrinə həvalə olunmalıdır. İntihar və ya bu kimi insanların həyatı və psixologiyası üçün təhlükə yarada biləcək xəbərlərlədən gündəmdə qalmaq üçün yox, problemlərin başqa həll yolları olduğunu, insanlara onların problemlərini həll etməyə köməklik göstərə biləcək təşkilatlar və mütəxəssislərin mövcudluğu haqqında marifləndirici məlumatlar vermək üçün istifadə edilməlidir".

 

Hazırladı: Elşən YƏHYAYEV


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya