Məktəbli çantaları ÇOX AĞIRDIR - AKTUAL

2022-08-30 15:08:00

Məktəbli çantaları ÇOX AĞIRDIR - AKTUAL

“Ağır məktəbli çantalarının azyaşlı uşaqlarda yaratdığı fəsadları nə məktəb rəhbərliyi, nə müəllimlər, nə də valideynlər nəzərə alır. Çantalarla bağlı normativlər var, amma heç kim bunlara əməl etmək istəmir”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlayan pediatr-həkim Vaqif Qarayev şahidi olduğu bir hadisəni diqqətə çatdırdı:

“Məktəbli ləvazimatları satılan bazarda ana 6-7 yaş arası bir uşaq üçün ağır və uşağın boyuna çatan çanta seçir. Mən də kənardan müşahid edirəm, baxıram ki, onu bu çantanı uşağın necə daşıyacağı deyil, görüntüsü maraqlandırır. Əslində, çantanın çəkisi elə olmalıdır ki, uşaq onu daşıya bilsin. Bu misal onu göstərir ki, belə məsələlərdə təkcə məktəb deyil, valideynlər də günahkardır. Buna görə də onlara müraciət edərək deyirəm ki, azyaşlı övladları üçün yüngül, sadə və ucuz çanta seçsinlər. Böyük, ağır və allı-güllü çanta almağın mənası yoxdur”.

Təhsil işçilərinə isə uşaqları əlavə dərsliklərlə yükləməməyi tövsiyə edən V.Qarayev bildirdi ki, bu amil çantanın ağırlaşmasına səbəb olur:

“Uşaq onu çətinliklə daşıyır, bu isə əlavə fəsadlara yol açır. Təhsil işçisi bu barədə düşünməlidir. Dərslərin başlamasına bir neçə gün qalmış direktorlar valideynlərə əlavə dərs vəsaitlərinin siyahısını verib, bunların mütləq alınmasını tələb edəcəklər. Dərs müddətində onların sayı bir az da artacaq. Bu da həm dərs yükünün artmasına, həm də çantanın ağırlaşmasına səbəb olacaq. Hər zaman olduğu kimi, yenə də Elm və Təhsil Nazirliyi (ETN) qanunvericilikdə belə tələblərin olmadığını, ibtidai siniflər üçün konkret kitabların və dərs vəsaitlərinin müəyyən edildiyini bildirəcək və valideynlər əlavə xərcə düşməməyi tövsiyə edəcək”.

Həkimin sözlərinə görə, ağır çantalar uşaqların fiziologiyasına və böyüməsinə çox pis təsir edir:

“6-10 yaşlı uşaq hələ böyümə prosesindən keçir. Buna görə də onurğa sütununa bu qədər yük qoymaq düzgün deyil. Onlarda skaliyoz (onurğa sütünunun yana əyriliyi) deyilən xəstəliyin yaranmasına səbəb olur. Şagirdlərin çoxu məktəbə gedərkən çantanı bir çiyninin üstünə aşırır. Bu zaman ağırlıq həmin tərəfə düşür və zamanla onurğanın birtərəfli əyilməsinə gətirib çıxarır. Buna görə də uşaq çantanı iki tərəfli taxsın ki, ağırlıq hər iki tərəfə düşsün. Elə uşaq da var ki, çantanı əlində daşıyır ki, bu zaman da ağırlıq bir tərəfə düşür. Bəzi travmatoloqlar bunu inkar edir, ağır çantanın onurğa sütununa təsir etmədiyini deyir. Fəqət tanıdığım valideynlərin bir çoxu məktəbli uşağın çiyninin birtərəfli əyildiyini bildirirlər”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063939