Məktəblərimizdə təhsil əzaba çevrilir... - çıxış yolu nə?

2022-04-30 12:02:00

Məktəblərimizdə təhsil əzaba çevrilir... - çıxış yolu nə?

İctimaiyyət nümayəndələri, ekspertlər təkcə təhsil ocaqlarını suçlu saymırlar...

Bir neçə gün öncə Bakı metrosunda (“20 Yanvar”) yeniyetmə yaşında iki bacının intihara cəhd etməsi haqda məlumat yayıldı. Bacıların Sumqayıt şəhər sakinləri və 10-cu sinif şagirdləri olduğu bəlli olub. Əvvəl yayılan məlumatda bildirilirdi ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onlarla söhbət zamanı qızlar məhz intihar məqsədi ilə paytaxta gəldiklərini deyiblər.

Məlum olub ki, bacıları belə radikal addıma vadar edən səbəb məktəbdə bəzi videogörüntülərin yayılması olub. İstehza obyektinə çevrilməmək üçün bacılar intihar etmək qərarına gəliblər. Daha sonra yayılan məlumatda isə deyilir ki, qızlar qatar gələn anda tunelə düşməklərini “TikTok” sosial şəbəkəsində paylaşmaq üçün video çəkmək istədikləri ilə əlaqələndiriblər. Hər halda, iki yeniyetmə məktəblinin hansı səbəbdən bu cür təhlükəli addım atdıqları suallar doğurur.

Bu hadisədən cəmi bir gün qabaq - aprelin 26-da isə Bakıda 8 yaşlı oğlan uşağı sinifdə mütəmadi üzləşdiyi təhqirlərə dözməyərək intihar edib. Məlum olub ki, bu haqda o, anasına danışıbmış. Həmçinin ötən həftə Ağdam rayonun Böyükbəyli kəndində 11-ci sinif şagirdi yaşadığı evdə özünü asaraq intihar etmişdi.

Məktəblərimizdə nə baş verir? Nədən təhsil almaq əzaba çevrilib? Bu olaylarda məktəb rəhbərliyinin, məktəb psixoloqlarının günah payı nə qədərdir?

Ceyhun məmmədov | Banker.az

 Ceyhun Məmmədov 

Millət vəkili Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Burada həm məktəblərin, həm də ailələrin, valideynlərin üzərində məsuliyyət var. Hesab edirəm ki, məsələ ilə bağlı kütləvi maarifləndirmə işləri aparılmalı, tədbirlər görülməlidir. Bir çox hallarda təhsil, imtahan, gündəlik problemlərlə bağlı övladlarımıza psixoloji təzyiqlər göstəririk ki, bu da birmənalı olaraq öz təsirini göstərir. Bu gün nəinki məktəblərdə, bir çox sahələrdə intihara meyil var. Bunun da qarşısını almaq üçün daha geniş maariflənmə aparmağa çalışmalıyıq. Məktəblərdə direktorlar şagirdlərlə işləməlidir, həmçinin valideynlər öz növbəsində övladları ilə dostluq etməyi bacarmalıdır. Bir sıra hallarda təzyiqlərdən, sərt münasibətlərdən uşaqları, yeniyetmələri başa düşməməyimizdən bu cür hallar baş verir. Ona görə də təkcə maarifləndirmə ilə deyil, həm də düzgün tərbiyə metodu seçməliyik ki, bu cür problemlərin qarşısı alınsın”.

Millət vəkili əksəriyyət məktəblərdə yaşanan psixoloq problemindən də söz açıb: “Çox təəssüf ki, bu gün məktəblərdə kifayət qədər psixoloq yoxdur. Bu, problemin birinci tərəfidir. İkinci tərəfi isə ondan ibarətdir ki, hələ də məktəblərimizin əksəriyyəti psixoloq nəyə lazımdır, onu başa düşmür və bilmir, bu sahəyə o qədər də önəm vermir. Əgər ölkədə 5 minə yaxın orta məktəb varsa, bir o qədər psixoloq yoxdur ki, bu da ciddi problemdir. Təəssüf ki, olan psixoloqların da bir qismi peşəkar deyillər. Beləliklə, məktəblər bir çox hallarda psixoloq məsələsinə faktiki olaraq ciddi yanaşmır, bəzən də peşəkar olmayanları işə götürür ki, bu da birmənalı olaraq təhsildə öz təsirini göstərir”.

Psixoloq Elnur Rüstəmov - YouTube

Elnur Rüstəmov 

Psixoloq Elnur Rüstəmov bu məsələyə bir çox aspektlərdən yanaşmaq lazım olduğunu qeyd etdi: “Mütəxəssislər də bunu bir neçə aspektdən izah edirlər. Xüsusən də ”zed" nəslin uşaqlarının psixoloji vəziyyəti, həyata baxışı, fərqli olması ilə bağlı müxtəlif  araşdırmalar aparılır. Bu nəsil daha çox informasiya texnalogiyalarından asılıdır, daha ox informasiya alır, özünə çox özünə qapanır. Eyni amanda heç kimə sirr deyil ki, bu gün ailədaxili konfliktlər, boşanmalar artıb və tərəflər arasındakı mübahisə və münaqişələr daha çox uşaqların, yeniyetmələrin psixologiyasına təsir edir. Bu halda yeniyetmə və uşaqlarda bir çox hallarda depressiya, ünsiyyət problemi, bir sıra narahatçılıqlar müşahidə edilir. Bütün bunlar da özünü daha çox məktəbdə büruzə verir. Narahat uşaq məktəbdə narahatçılıq yaradır və bu narahatçılıq müəllim və yaşıdları ilə ünsiyyətdə ortaya çıxır. Əlbəttə ki, burada “buldinq” də olacaq, zorakılığın başqa formaları ortaya çıxacaq, necə ki, çıxır da".

Psixoloq qeyd edib ki, mövcud problemlə bağlı qabaqlayıcı tədbir görmək üçün ilk növbədə orta məktəblərdə psixoloji xidməti yüksək səviyyədə  təşkil etmək lazımdır: “Ümumtəhsil müəssisələrində psixoloji xidmət ən yüksək səviyyədə təşkil olunmalıdır ki, uşaq və yeniyetmələr ilkin psixoloji dəstək ala bilsinlər. Ümumiyyətlə, məktəblərdə psixoloji vəziyyət normal halına gəlməlidir ki, problem qismən öz həllini tapsın. Bu gün Azərbaycanda 1 milyon 600 min nəfərə yaxın şagird məktəblərdə təhsil alır. Bu da əhalinin az qala beşdə biri deməkdir. Əlbəttə ki, birdən-birə bütün məktəblərdə psixoloji xidmətin təşkil olunması çətin məsələdir. Amma bu istiqamətdə addımlar atılır. Burada ən vacib məsələlərdən biri də kadr potensialının hazırlanması və psixoloji xidmətin təşkili ilə bağlı məsələlərin həll edilməsidir.

Xatırladım ki, 2018-ci ildə  “Psixoloji yardım” haqqında qanun qəbul olundu. 2018-ci ildə isə “Təhsil haqqında qanun”da dəyişiklik olundu. Eyni zamanda 2020-ci ildə aprelin 30-da Nazirlər Kabineti tərəfindən təhsil  müəssisələrində psixoloji xidmətin təşkili ilə bağlı qaydalar təsdiq olundu. Yəni, ümumtəhsil müəssisələrində psixoloji xidmətin təşkili ilə bağlı qanunvericilik müstəvisində demək ola ki, hər şey öz həllini tapır,  sadəcə qalır bu prosesin həyata keçirilməsi. Necə ki, təhsil fasiləsiz bir mərhələyə keçib, eləcə də psixoloji yardım da fasiləsiz mərhələyə keçməlidir. Çünki günün reallığı bunu tələb edir. Bir az əvvəl qeyd etdiyim kimi, kadr potensialını da artırmaq lazımdır. Yəni, kadrların bir qismi ali məktəblərdə hazırlanır, bir qismi yenidən hazırlanmalı, ixtisas artırma təlimlərinə cəlb olunmaqla hazırlanıb təhsil müəssisələrində fəaliyyətini həyata keçirmək lazımdır".

Psixoloq onu da qeyd edib ki, bu cür məsələlərdə valideynlərin özləri də aktiv olmalıdırlar: “Yəni, övladında hər hansı narahatçılıq müşahidə edərsə, tədbirlər görməli, xüsusən  məktəb ilə sıx əməkdaşlıq etməlidir. Təhsil əslində əzaba çevrilməyib, sadəcə təhsil alanlar orada baş verən proseslərdən əziyyət çəkir. Bura  xüsusən şantaj halları, buildinqin olmasıdır”.

Elşən Qafarov: Sinif otaqlarının soyuq olması təhsil müəssələrində ciddi  fəsadlar yaradır

Elşən Qafarov

Təhsil eksperti Elşən Qafarov isə mövzuya bu cür şərh bildirdi: “Son vaxtlar şagirdlərin canlarına qiyması, intihar hadisələrinin artması ilk növbədə şagirdlərin ailələrdə tam nəzarət olunmaması ilə bağlıdır. Xüsusən də şagirdlərin sosial şəbəkələrdə daha çox vaxt itirməsi bu səbəblərdən biridir. Daha bir səbəb, bəzən yuxarı sinif şagirdlərinin universitetə hazırlaşması, gecə saatlarınadək dərslə məşğul olması onları bezdirir. Ümumiyyətlə, ölkənin təhsil sistemi ideoloji xətt üzərində qurulmalıdır. Təəssüf ki, Azərbaycanda bu yoxdur və bu da öz təsirini göstərir. Hesab edirəm ki, uşaq və yeniyetmələrin intihar hadisələri daha çox övladla valideyn arasında olan soyuq münasibətlər olan ailələrdə baş verir. Buna görə də valideyn öz övladına daha çox vaxt ayırmalı, nəzarət etməlidir. Hadisə baş verəndə də məktəbi günahlandırırlar. Əlbəttə ki, məktəblərimizdə psixoloji xidmət lazım olan səviyyədə deyil. Lakin qeyd etdiyim kimi, bu cür hadisələr daha çox ailədən qaynaqlanan problemlər üzündən baş verir”.

Kəmalə Ağazadə: Elə küçə uşağı olurdu ki, pul qarşılığında mənim nömrəni  bir manata satırdı - MÜSAHİBƏ

Kəmalə Ağazadə

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə qeyd etdi: “Hər şeyi məktəbin üstünə atmaq doğru deyil. Uşaq evdən çıxıb məktəbə gedir. Əgər uşaq evdən nəyisə gizlədirsə, bu artıq ailənin problemidir. Demək ki, ailənin uşaqla ünsiyyət qurmasında problem var, çətinlik çəkir. İki gün öncə iki bacının Sumqayıt şəhərindən Bakıya gəlib metroda reyslərin üstünə çıxması məsələsi də sual olaraq qalır. Əvvəl bir versiya ortaya çıxdı ki, qızlar intihar etmək istəyib. Çox yaxşıdır ki, bu versiya öz təsdiqini tapmadı. Əgər qızlar məktəbdə həqiqətən şantaj olunursa, yenidən həmin məktəbdə oxuması əlbəttə ki, onlar üçün problem ola bilər. Bu məsələnin  ictimailəşməsini düzgün hesab etmirəm. Lakin məsələni ört-basdır da etmək olmaz. İcra hakimiyyətlərində yetkinlik yaşına çatmayanlarla iş qrupu var, onlar fəaliyyətlərinin intensivləşdirməlidirlər.

Bəzən məktəblərdə şagirdlərlə görüşür, seminarlar aparırıq. Amma sonra müşahidə edirik ki, uşaqlar bizə yaxınlaşıb soruşurlar, “olar ki, hansısa problemlə bağlı sizə sosial şəbəkədən yazım?” Bu onu göstərir ki, biz elə bir şərait yaratmalıyıq ki, artıq uşaqlar sosial şəbəkələr üzərindən hara müraciət edəcəklərini bilsinlər. Lakin qeyd etdiyim kimi, daha çox ailələrə fokuslanmalıyıq".

“Yeni Müsavat”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya