Məktəblər, universitetlər açıldıqdan sonra böyük tıxaclar olacaq - Qurumlar nə iş görür?

2022-09-12 10:14:00

Məktəblər, universitetlər açıldıqdan sonra böyük tıxaclar olacaq - Qurumlar nə iş görür?

Təhsil ilinin başlamasına bir neçə gün qalır. Tədris prosesi başladıqdan sonra paytaxt yollarındakı vəziyyət necə olacaq? Ekspertlər yollarda böyük tıxacların olacağını proqnozlaşdırırlar.

Hurriyyet.az-ın məlumatına görə, avtomobil sahəsi üzrə ekspert Elməddin Muradlı Trend-ə açıqlamasında bildirib ki, məktəblər, universitetlər açıldıqdan sonra nəqliyyatın hərəkəti baxımından Bakını heç də yaxşı vəziyyət gözləmir.

"Hələ indi nəqliyyatın hərkətində sıxlıq müşahidə olunur, məktəblər, ali təhsil müəssisələri açıldıqdan biz bunun daha artığını müşahidə edəcəyik. Çünki yol infrastrukturunu, ictimai nəqliyyatı inkişaf etdirə bilməmişik, əksinə ictimai nəqliyyat geri gedib. Yanacağın qiyməti bahalaşandan sonra dövlət tərəfindən sahibkarlara edilən dəstək bir çoxuna çatmır, çünki sahibkarlar işlərini qanuni formada qurmayıb, sürücülər ilə rəsmi əmək müqaviləsi bağlamır və nəticədə dövlət dəstəyindən yararlana bilmir. Bir sıra şirkətlər bu dəstəkdən faydalana bilir, ancaq onlar da narazıdır ki, ya bu gediş haqqının qiyməti bahalaşmalıdır ya dövlət tərəfindən dotasiyalar olmalıdır.

Ona görə də, həm “Baku Bus” MMC, həm də özəl daşıyıcı şirkətlər xəttə çox az avtobus buraxırlar. Düşünürəm ki, ictimai nəqliyyatla bağlı ciddi addımlar atılmalıdır. Ya dövlət tərəfindən dəstək göstərilməlidir, ya gediş haqqı bahalaşacaq, bu artıq zərurətə çevrilib. Digər tərəfdən avtobusların sayının artırılması üçün addımlar atılmalıdır. Bakı şəhərində bu tıxacın qarşısının alınmasının yeganə yolu ictimai nəqliyyatı inkişaf etdirməkdir”, - deyə o qeyd edib.

Bəs aidiyyatı qurumlar yeni dərs ilinə hazırlıq məqsədilə hansı işləri görürlər? DİA.AZ-ın məlumatına görə, Dövlət Yol Polis İdarəsinin (DYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli Trend-ə açıqlamasında bildirib ki, tətil mövsümünün bitməsi və yeni tədris ilinin başlanması ərəfəsindəı yollarda sıxlığı və tıxacları qaçılmaz edir.

"Hər zaman olduğu kimi, əməkdaşlarımız gücləndirilmiş qaydada, xüsusi təsdiq edilmiş plan üzrə xidməti davam etdirəcək. Vətəndaşlarımızın vaxtında evinə və ya işinə çata bilməsi üçün əlimizdən gələni edəcəyik.

Tıxacların qarşısını almaq üçün Bakı Şəhər Dövlət Yol Polisi ilə yanaşı, aidiyyəti dövlət orqanları ilə də bir sıra tədbirlər davam etdiriləcək. Ümumi vəziyyəti tənzimləmək məqsədilə Dövlət Yol Polisi müəyyən təklifləri aidiyyatı qurumlara çatdırıb. Əlavə tədbirlər planları hazırlamaqla, dərs ilinin ilk günündə və sonrakı günlərdə həmin istiqamətdə işimizi gücləndirəcəyik.

Vətəndaşlara tövsiyəmiz yol hərəkəti qaydalarına qarşı daha ciddi və məsuliyyətli olmalarıdır. Hər kəs yolda məsuliyyət sahibidir. Ehtiyac olmadığı zaman şəxsi avtomobillərdən istifadə etməyi, xüsusən də şəhərin mərkəzi istiqamətinə hərəkəti doğru tövsiyə etmirik. İctimai nəqliyyata, xəstəxanaya gedən təcili tibbi yardım işçilərinə, yanğınsöndürənlərə, bir sözlə, vətəndaşların xidmətində duran qurumların fəaliyyətinə maneə yaratmamağıda vacib hesab edirik. Eqoistlik nümayiş etməsək, yol hərəkəti qaydalarına və təhlükəsizlik məsələlərinə “mən” baxış bucağından baxmasaq, sıxlıqların əhəmiyyətli dərəcədə azalmasına şahid olacağıq”,- deyə o əlavə edib.

Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev isə Trend-ə açıqlamasında bildirib ki, yeni tədris ilinin başlanması ilə əlaqədar müntəzəm sərnişindaşımalara tələbatın artacağını nəzərə alaraq əvvəlcədən qabaqlayıcı tədbirlər görülür. Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara sərnişin sıxlığının minimuma endirilməsi və vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatdırıması üçün tapşırıqlar verilib. Bildirilib ki, gündəlik xəttə çıxarılan avtobus sayının və avtobuslar arası intervalın sərnişin axınına uyğun tənzimlənməli, eləcə də tələbat olan xətlər üzrə avtobus sayı artırılmalıdır. Sürücülərin hərəkət cədvəlinə, yol hərəkəti və sərnişindaşıma qaydalarına riayət etməsinin zərurililiyi diqqətə çatdırılıb.

Sərnişindaşımaların düzgün və səmərəli icra olunması üçün hərəkət iştirakçılarına o cümlədən fərdi avtomobil sürücülərinə anlayışlı olmağı, yol hərəkəti qaydalarına xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik. Övladlarını şəxsi nəqliyyat vasitəsi ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Çünki bu cür hərəkətlər ictimai nəqliyyat istifadəçiləri üçün əlavə çətinliklər yaradır.

Qeyd edilənləri nəzərə alaraq vətəndaşlarımızı mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə və ictimai nəqliyyata üstünlük verməyə çağırırıq", - deyə o əlavə edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055277