Saat:18:59
Haqqımızda

Məktəbdə psixoloqlar niyə var? - PSİXOLOQ SUALLARA AYDINLIQ GƏTİRİR

2024-09-30 23:14:43

Məktəbdə psixoloqlar niyə var? - PSİXOLOQ SUALLARA AYDINLIQ GƏTİRİR

1 ayda cəmi 3 dəfə məktəbə gələnlər, sadəcə yoxlama zamanı gəlib uşaqları “öyrədən” psixoloqlar da var

Psixoloq  Gülnar Orucova: “Məktəb psixoloqları işlərini düzgün qursa, uşaqlar arasında bu qədər mübahisə olmaz”

Təhsil həyatına ilk addımları məktəbdə atırıq, yazıb-oxumağı məktəbdə öyrənirik. Kitablarla dostlaşıb, onlardan faydalı məlumatlar öyrənirik. Bilik tükənməz bir xəzinədir. Məktəb isə bizlərə bu xəzinəni bəxş  edən elm-təhsil ocağıdır. Dahi bir kəlamda necə də gözəl deyilib: “Müəllim bağbana, məktəbsə bağa bənzər. Ən gözəl çiçəklər və meyvələr, onun zəhmətinin barıdır”.

Əvvəlki müəllimlər indiki müəllimlərin arasında çox fərq var. Əvvəllər, yəni təxmini 2005-ci illərədək qadın müəllimlər orta məktəbdə şagirdlərə həqiqətən də ana olurdular. Uşağın anası bilmədiyi problemini müəllim bilirdi və həll edirdi. Məhz elə bu səbəbdən də ölkədə qanunsuzluq, narkomaniya, cinayət faktları az idi. Çünki müəllimlər bizə təkcə təhsil yox, həmçinin həyatı öyrədirdilər. Onlar bu peşəni bizlərə o qədər sevdirirdilər ki, müəllimliyin dünyada ən gözəl sənət olduğunu düşünmədən deyə bilərdik.

Ümumiyyətlə, məktəblər təkcə övladlarımıza təhsil vermir, həm də onların təlim və tərbiyəsi ilə məşğul olur. Əvvəllər 45 dəqiqə dərs vaxtının 10-15 dəqiqəsini təlim-tərbiyəyə sərf edən müəllimlərimiz vardı. Amma müasir təhsil ocaqları təlim-tərbiyə məsələsini nisbətən arxa plana atıb. Görünür, elə bu səbəbdən də bəzi gənclər pis vərdişlərə, kriminala meyl edirlər.

Belə bir deyim var ki, gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir. Ən yaxşı mühəndislər, həkimlər, memarlar məhz müəllimlərin  əsərləridir.

Bəs məktəbdəki psixoloqların işi nədir?

Dəfələrlə bu mövzuda yazılar vermişik, təəssüf ki, indiyədək bu sahədə heç bir tədbir görülməyib. Bəllidir ki, məktəbdəki psixoloqların əksəriyyəti ya direktorun, ya da müavinin qohumu, tanışıdır. 1 ayda 3 dəfə məktəbə gələnlər, sadəcə yoxlama zamanı gəlib uşaqları “öyrədən” psixoloqlar da var. Məsələn, Gəncə şəhəri, Nizami Aydın adına 18 nömrəli məktəbdə 11-ci siniflərə yoxlama gələn zaman uşaqların tanımadıqları, adını bilmədikləri, özünü psixoloq kimi təqdim edən bir müəllim gəlib onlarla tanış olub, daha sonra bildirmişdi ki, soruşan olsa, mən ayda 1 dəfə sizlərlə söhbət edirəm. Görün, indi məktəblər nə gündədir ki, psixoloqun özü uşaqları yalan danışmağa sövq edir. Əlbəttə, bu kimi hallardan çox danışa bilərik.

Xoşagəlməz bir fakt da odur ki, son vaxtlar intihar edənlərin əksəriyyəti məhz orta məktəb şagirdləridir. Əslində, bunun psixoloqun fəaliyyəti ilə birbaşa yox, dolayısı ilə əlaqəsi var. Məktəb rəhbəri və müəllimlər öz öhdəliklərini tam yerinə yetirə bilsələr, bu kimi hallar azalar.

Daha bir fakta diqqət edək. Məktəbdəki psixoloqların çoxu formal fəaliyyət göstərdikləri, sadəcə maaş üçün işlədikləri üçün, şagirdlər arasında narkotik istifadə edənlərin sayı da çoxalıb. Üstəlik, erkən nigahlar, ən əsası da savadsızlıq həddindən çox artıb. Yəqin ki, psixoloqlar normal fəaliyyət göstərsələr, məktəblilər arasında pis vərdişlərə meyl edənlərin sayı da azalar.

“Bu sistemin düzgün qurulmamasında psixoloqları günahlandıra bilmərik”

Məsələ ilə bağlı psixoloq  Gülnar Orucova ilə həmsöhbət olduq:

“Ümumilikdə onu deyim ki, məktəblərdə siniflərin sayı çoxdur. İbtiadi siniflər və yuxarı siniflər var. Bu siniflərə görə 1 psixoloqun olması çox azdır. Bir məktəbdə minimum 3 psixoloq olmalıdır.

Son zamanlarda  inklüziv təhsilin təşviqi ilə bağlı qərarlar çıxıb. Hər sinifdə hansısa sindromdan əziyyət çəkən uşağı cəmiyyətə adaptasiya etmək məqsədi ilə 2 uşaq yerləşdirirlər. Bu uşaqlar dərsdə hər hansı bir davranış pozuntuları ortaya çıxara bilirlər və bu davranış pozuntularına görə də, sinifdə hər hansı problemlər - istər valideynlərlə, istər də müəllimlərlə - ortaya çıxa bilər.

Əlbəttə, bu gün məktəb psixoloqlarının işi heç də bəyənilən deyil. Amma bu sistemin düzgün qurulmamasında biz məktəb psixoloqlarını günahlandıra bilmərik. Bunun düzgün qurulmamasında cavabdeh sırf aidiyyəti qurumdur. Bəziləri universiteti bitirdikdən sonra gəlib məktəblərdə psixoloq işləyirlər. Müəllimlər və psixoloqlara aid olan imtahandan keçdikdən sonra iş fəaliyyətinə başlayırlar. Mənim özümə də maraqlı olan bir sual var: heç bir terapiyanı bilmədən, yalnız nəzəriyyə ilə işə necə başlayırlar?

Misal üçün, mən universiteti bitirəndən sonra öz hesabımı bir neçə proqram və kurslar keçmişəm. Bu proqramların sayəsində də işimi qurmuşam.

Bu proqramların bəziləri 4 moduldan ibarət olur. Hər modulu 400-600 AZN olan proqramlar var. Məktəb psixoloqunun əmək haqqı isə 480 manatdır. Bu zaman belə bir acı gərçək də ortaya çıxır ki, məktəb psixoloqu bu ödənişi necə etsin? Beləliklə də heç bir proqram öyrənə bilmirlər. Bu halda da heç bir  proqramla iş apara bilmir, ancaq öz şəxsi təcrübələrindən istifadə edirlər. Şəxsi təcrübə də o qədər böyük nəticə verə bilməz”.

Gülnar Orucova hesab edir ki, məktəb psixoloqları işlərini düzgün bilsə, proqramlardan dövlət hesabına faydalanmaq imkanı olsa, müsbət nəticə əldə oluna bilər: “Azərbaycanda və yaxud da xaricdə dövlət hesabına kurslar təşkil olunmalıdır. Bu gün biz özəl sektor olaraq qazanırıq və bunun hesabına inkişaf proqramlarına, eləcə də xəstələrimiz üzərində işləyə biləcəyimiz hansı proqramlar lazımdırsa, onu əldə edirik. Hətta onlayn olsa belə, bu proqramlara qatılmaq, öyrənmək mümkündür.

Məktəb psixoloqları işlərini düzgün qursa, uşaqlar arasında bu qədər mübahisə olmaz. Son dönəmdə belə hallara rast gəlirik ki, uşaqlar bir-birilərini alçaldırlar, döyürlər və söyürlər. Bununla ürəyi soyumayıb, video çəkənlər var. Məktəb psixoloqları bu kimi problemləri aradan götürə bilmir. Onlar ancaq keçmişdə qalan bəzi testləri edirlər. Bunlar da çox keçmişdən qaldıqları üçün yararsız hesab olunur.

Bu gün xüsusilə 9 -11 ci siniflərdə “stress test” aparılmalıdır. İmtahan həyacanını ortadan qaldırmaq üçün bu test vacibdir. Hansı ki, bu problemlə bağlı valideynlər bizə tez-tez müraciət edirlər. Misal üçün, özəl sektorlar, yəni litseylər öz müəsisələrinə bizi dəvət edirlər. Narkomaniya, alkoqolizm və s. mövzularda bir çox litseylərdə bizim seminarlarımız olub.

Bu gün psixoloqlar sadəcə məktəbdə davamiyyəti yoxlayır, uşaqları tədbir zamanı harasa aparır və oradan gətirir. Daha sonra boş dərsləri əvəz edirlər və s. Görün, nə acınacaqlı məqamdır. Əslində isə psixoloqun işi bu olmalı deyil. Bunun günahkarı da həmin məktəblərin direktorudur.

Ümumiyyətlə, bu gün məktəbdə çalışan psixoloqların özgüvəni qırılır. Direktorlar hər dəqiqə ona edə biləcəyi və bilməyəci tapşırıqlar verir. Daha sonra da xırda bir səhvdə onu danlamağa başlayır. Psixoloq psixoloji dəstək verməlidir, “al-apar, gəl-götür” işini görməməlidir. Bu zaman isə psixoloqların özləri gərgin vəziyyətə düşürlər. Bütün bunlar düzgün deyil. Litseylərdə və özəl sektorlarda psixoloqlar həqiqətən də öz işlərini layiqincə görürlər, amma məktəblər haqqında bunu deyə bilmərik.

Psixoloq öz işi ilə məşğul olmaldır. Təhsildə psixoloqlara önəm verilməlidir, onlara saat ayrılmalıdır. Məktəb direktorları hörmətlə yanaşmalıdır. Əgər bu gün məktəb direktoru psixoloqu hər kəsin qabağında alçaldırsa, tənqid edirsə, bu zaman psixoloqun məktəbdə uşaqların yanında heç bir hörməti ola bilməz”.

Jalə FAMİLQIZI

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.262982