Məktəb direktorunun ittihamlarına - TƏHSİL NAZİRLİYİNDƏN VƏ RAYON TƏHSİL ŞÖBƏSİNDƏN CAVAB

2021-10-14 16:53:00

Məktəb direktorunun ittihamlarına - TƏHSİL NAZİRLİYİNDƏN VƏ RAYON TƏHSİL ŞÖBƏSİNDƏN CAVAB

Lənkəran rayonu, Velədi kəndində yaşayan Orucova İlhamə Fərhad qızı "Hürriyyət"ə müraciət edərək, qərəzli şəkildə 10 il direktorluq etdiyi məktəbdən işdən kənarlaşdırıldığını deyib. 23 il pedoqoji stajı olan İlhamə Orucova  2010-cu ildən Lənkəranın Yuxarı Nüvədi kənd tam orta məktəbinə direktorluq vəzifəsini icra edib.

Belə ki, 2020-ci il 21 fevral tarixində Təhsil nazirliyinin iki əməkdaşı yoxlama aparmaq məqsədilə sözügedən məktəbə üz tutublar. İlhamə Orucova ezamiyyə vərəqəsini müxtəlif bəhanələrlə təqdim etməkdən boyun qaçıran şəxslərin kim olduğunu dəqiqləşdirmək üçün Lənkəran rayon Təhsil şöbəsinin müdiri ilə əlaqə yaradır. Təhsil şöbəsinin müdiri cavabında "işin yoxdur, qoy onlar öz işlərini görsünlər" deyə bildirib. Məktəbə gələn nümayəndələr əvvəlcə davamiyyətə baxmaq istədiklərini deyiblər. Lakin, həmin vaxt məktəbdə "beynəlxalq ana dili" günü ilə bağlı tədbir qeyd edildiyi üçün şagirdlər də tədbirdə idilər. Məktəb direktoru onları tədbirə baxmağa dəvət etsə də, nümayəndələr bununla razılaşmayıblar. Təhdil nazirliyinin nümayəndələrinin gəlişindən iki həftə sonra Lənkıran rayon Təhsil Şöəbəsinin baş mühasibi İlhamə Orucova ilə əlaqə saxlayaraq 4612 manat pul köçürməli olduğunu deyib. Vətəndaşın şiklayəti qəzetimizdə və saytımızda dərc edilib. 

Məsələylə bağlı Təhsil Nazirliyindən "Hürriyyət"in sorğusuna cavab verilib. Nazirlikdən qeyd edilib ki, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Lənkəran rayonunun bir sıra məktəblərində Daxili nəzarət şöbəsi tərəfindən yerində araşdırma aparılıb:

"Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən Lənkəran rayonunun bir sıra məktəblərində Daxili nəzarət şöbəsi tərəfindən yerində araşdırma aparılmışdır. Araşdırma zamanı Yuxarı Nüvədi kənd tam orta məktəbində dərnək və dərsdənkənar məşğələlər tədris olunmadığından bu məqsədlə ödənilən 4607,75 ( dörd min altı yüz yeddi manat yetmiş beş qəpik) manat vəsait dövlət büdcəsinə bərpa edilmişdir. Məktəbin tarix müəllimi Qurbanova Elnarə və Azərbaycan dili və ədəbiyyatı müəllimi Məhərrəmova Zülalə 2017/2018-ci və 2018/2019-cu dərs ili boyunca işə çıxmamışlar və 16.09.2019-cu il tarixdən təhsil müəssisəsinin maraqlarının ziddinə öz hesabına məzuniyyətə buraxılmışdırlar. Bütün bu dövr ərzində Z.Məhərrəmovanın təqdim etdiyi xəstəlik vərəqələri Gəncə və Göygöl şəhərlərinin poliklinikalarından təqdim edilmişdir. Əslində Z.Məhərrəmova  Gəncə şəhərinə köçməsinə baxmayaraq onun adı məktəb direktoru İlhamə Orucova tərəfindən mövcud qaydalara zidd olaraq müəllim kontingentində saxlanılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Qurbanova Elnarə 15.11.2018-01.12.2018, 25.01.2019-01.02.2019, 16.06.2019-23.11.2019 tarixlərdə üzrsüz səbəbdən işə gəlməmiş  və həmin dövrdə ona ümumilikdə 440,61 (dörd yüz qırx manat altmış bir qəpik) manat əmək haqqı ödənilmişdir. E.Qurbanovanın adı da eyni qayda ilə müəllim kontingentində saxlanılmışdır. 15 saylı ƏMHM-nin keçirdiyi monitoringlər zamanı təhsil müəssisəsində 6-cı və 7-ci saat dərslərin tədris edilmədiyi müəyyənləşmişdir".

Daha sonra Lənkəran rayon Təhil şöbəsi ilə əlaqə saxladıq. Rayon Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva "Hürriyyət"ə deyib ki, İlhamə Orucova 4500 manat vəsaitin mənimsənilməsi faktına görə işdən azad edilib:

"2020-ci ilin fevral ayında mən Lənkəran rayon Təhsil şöbəsinin müdiri işləməmişəm. Aprel ayından sonra təyin edilmişəm. Təbii ki, direktorla bağlı orda araşdırma aparılıb. Daxili nəzarət məktəbdə çox ciddi maliyyə pozuntusu aşkar edib. Təhsil nazirliyinin qərarına əsasən işdən azad olunub. Maliyyə vəsaitinin mənimsənilməsi faktı olduğuna görə, ərazi maliyyə idarəsi tərəfindən vəsaitin dövlətə köçürülməsi təmin edilib. Vəsait köçürülüb. 4500 manat vəsaitin mənimsənilməsi faktına görə işdən azad edilib. Təhsil nazirliyinin qərarı belədir. Mən araşdırma prosesində iştirak etməmişəm. Sizin suallarınıza tam cavab verə bilməyəcəm. Daxili nəzarət direktorun yoxlamasını aparıb. Faktlar aşkar edildikdən sonra, ərazi üzrə maliyyə şöbəsinə göndərilib".

Müraciətdə ittiham edilən Təhsil Şöbəsinin maliyyə bölməsinin aparıcı məsləhətçisi Fariz Mahmudovla da əlaqə saxladıq. Fariz Mahmudov onunla bağlı səsləndirilən iddiaları qəbul etməyib:

"Bunu Təhsil nazirliyi yoxlayıb. Nazirliyin daxili nəzarət şöbəsinin yoxlaması əsasında pulu ödətdiriblər. Xanımın mənim haqqımda dedikləri yalandır. Yoxlamanı birbaşa nazirlik aparıb. Biz ona hesab vermişik ki, zərəri dövlət büdcəsinə bərpa etsin. Yoxlamanı mən aparmamışam ki, onu pul ödəməyə məcbur edim...Məcbur eliyə də bilmərəm. Sadəcə məsləhət verə bilərm ki, dəymiş zərər dövlət büdcəsinə ödənilsin".

Hər halda redaksiya olaraq bütün tərəfləri dinlədik və olduğu kimi dərc etdik. Kimin haqlı, kimin haqsız olacağını isə zaman göstərəcək.

YƏHYA