Məktəb direktoru haqqında öz işçisindən sensasion iddia
Zülfüqar Məhərrəmov: “Seymur Qurbanov dedi ki, Prezident televizora çıxıb, ağzına gələni danışır…”
“Cənab Prezident, Təhsil Nazirliyi şikayətə baxmır, Sizdən xahiş edirəm ki, Müdafiə Nazirliyinə göstəriş verin, Azərbaycan Ordusu bizim məktəbimizi işğaldan azad etsin”
Şəmkir rayon sakini Məhərrəmov Zülfüqar Daşdəmir oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Məktubu olduğu kimi dərc edirik:
“2017-ci ilin iyun ayından Şəmkir rayonunda yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində gözətçi vəzifəsində çalışıram. Bura məktəbdən çox kolxoz bazarına oxşayır. Məktəbin direktoru Qurbanov Seymur 2018-ci ildə mənə dedi ki, bir aylıq maaşını ver, səni məzuniyyətə buraxım. Mən onu başa salmağa çalışdım ki, Azərbaycan Respublikasının qanunlarına görə bütün işçilər ildə 21 gün məzuniyyətdə olmalıdırlar. O isə dedi ki, “bura Azərbaycandır və bütün işlər pulla həll olunur”.
Direktor istədiyi pulu ona vermədiyim üçün məni 2018-ci ildə məzuniyyətə buraxmadı. Bu haqda Təhsil Nazirliyinə şikayət ərizəsi yazdım, qəbiristanlıqdakı ölülərdən səs çıxdı, ancaq Təhsil Nazirliyindən səs çıxmadı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Baş Prokurorluğa ərizə yazdıqdan sonra direktor gedib mənim qohumlarıma yalvarmağa başladı ki, “Zulfüqara deyin mənim haqqımda şikayət ərizəsi yazmasın, mən rahat pulumu qazanım”.
Mənim məktəbdə iş qrafikim 2017-ci ilin iyun ayından 2021-ci ilin mart ayına qədər gecə saat 12-dən səhər saat 8-ə qədər olub. Həftənin yeddi günü işləmişəm. Direktora dəfələrlə şifahi dedim ki, qanunla gözətçilər növbə ilə işləməlidirlər, yəni bir ay mən, bir ay digər gözətçi gecə növbəsində işləməliyik. Direktor isə dedi ki, “bu məktəbdə mənim qanunlarım işləyir”.
2020-ci ilin sentyabr ayında poçt vasitəsi ilə direktora ərizə göndərdim ki, “möhtərəm direktor, artıq mənim iş qrafikimin dəyişməyin vaxtı çoxdan çatıb”. O, mənə dedi ki, “sənin iş növbəni dəyişməyəcəm, hara şikayət edirsən et, əgər mən sənin iş növbəni dəyişsəm kişi deyiləm”.
Direktora dedim ki, yenə gedib mənim dostlarıma, qohumlarıma yalvaracaqcan.
Azərbaycan Respublikasının Ombudsmanı Səbinə xanım Əliyevaya direktorun qanunsuz əməlləri barədə ərizə yazdım. Həmin ərizədən sonra direktor mənim iş qrafikimi və iş növbəmi dəyişdi.
Qeyd etdiyim kimi, mən 2017-ci idən 2021-ci ilin fevral ayına qədər, həftənin yeddi günü səkkiz saat işləyirdim. Səbinə xanım Əliyevaya yazdığım ərizədən sonra həftənin yeddi günü yeddi saat işdə oluram. Əmək haqqımda heç bir dəyişiklik olmadı. Səkkiz saat işləyəndə də, yeddi saat işləyəndə də eyni maaşı alıram. Demək ki, mən qanunsuz olaraq 45 ay hər gün bir saat artıq işləmişəm.
Qurbanov Seymur 2020-ci ilin yay aylarında digər gözətçidən 200 manat alıb ki, məktəbi təmir etdirirəm, mənə iki yüz manat ver, maaşlar keçəndə müəllimlərdən yığıb sənin pulunu qaytaracam. 2021-ci ilin mart ayında gözətçi direktordan iki yüz manatı istəyəndə qırğın başlayıb, direktor az qalıb gözətçini öldürsün. Axırda iş getdi Prokurorluğa çıxdı.
Direktorun özü tarix müəllimidir, məktəbdə ondan başqa bir nəfər tarix müəllimi də var.O, vakansiyanı gizlədərək, tarix dərslərini qeyri-ixtisas müəllimlərinə verir.
Mən həftənin yeddi günü işdə oluram, bayram günləri də işləyirəm. Direktora deyirəm ki, cənab Prezidentimiz İlham Əliyev dəfələrlə deyib ki, bütün işçilər həftənin şənbə və bazar günləri istirahət etməlidir və yaxud həmin günlər işləyirlərsə, əlavə pul almalıdırlar. O isə deyir ki, “Prezident televizora çıxıb ağlına gələni danışır, onun dediklərinin sənə aidiyyatı yoxdur”.
Mən Azərbaycan Respublikasının vətəndaşıyam, cənab İlham Əliyev də Azərbaycan Respublikasının Prezidentidir. Mən başa düşə bilmirəm, nəyə görə səs verib seçdiyim Prezidentin dediklərinin mənə aidiyyatı yoxdur?
2021-ci ilin iyul ayında mən işdə ola-ola məktəbin təsərrüfat müdiri Əliyev Müşviq Maarif oğlu mənim əmək haqqımı yazmayıb. Səbəb isə məlumdur, mən direktorun və onun haqqında şikəyət ərizələri yazıram. Allahın köməkliyi ilə məhkəmədə görüşərik. El arasında belə bir deyim var, "altda qalanın canı çıxsın".
Təsərrüfat müdiri çox savadsızdır. O, məktəbdə işçilərin işə davamiyyəti üçün tabel quraşdırıb. Həmin tabeldə işçilərin adını yazanda bir neçə səhv buraxır.
Şəmkir rayon Təhsil şöbəsinə müraciət etdim ki, zəhmət olmasa araşdırın, görək bu Müşviq hansı ali məktəbə neçə balla daxil olub, hansı ali məktəbi bitirib. 01.03.2021-ci ildə həmin vaxt Şəmkir rayon Təhsil şöbəsinin müdir əvəzi olan Pənahov Hafiz mənə bir gülməli məktub göndərdi ki, bəs demərsənmi, Müşviq ali təhsillidir. İndi bu Pənahov Hafiz Şəmkir rayon Təhsil şöbəsinin müdir müavinidir. Hər dəfə onu görəndə ürəyimdə deyirəm ki, Allah sən özün Azərbaycan xalqına və təhsilimizə kömək ol.
Mən cənab Prezidentimizdən xahiş edirəm, göstəriş verin bizim məktəb kökündən yoxlanılsın, bu məktəbdə çoxlu qanun pozuntuları var.
Cənab Prezidentdən onu da xahiş edirəm ki, Dövlət İmtahan Mərkəzinə sorğu göndərsin ki, Əliyev Müşfiq hansi ali məktəbə, neçə balla daxil olub…
Cənab Prezident!
Təhsil Nazirliyi şikayətlərə baxmır. Sizdən xahiş edirəm Müdafiə Nazirliyinə göstəriş verin, Azərbaycan Ordusu bizim məktəbimizi işğaldan azad etsin”.
Hazırladı: KƏNAN
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.