Məktəb direktoru haqda rüşvət ittihamı

2022-06-14 13:00:00

Məktəb direktoru haqda rüşvət ittihamı

Onun hər uşağı 600 AZN-ə "satmasını" ictimailəşdirən müəlliməyə necə töhmət verdirdi…

Binəqədi rayon sakini Xəyalə Abdullayeva redaksiyamıza müraciət edərək, işlədiyi 3 nömrəli Xüsusi Təhsil məktəbinin direktoru Nüşabə Məmmədovadan şikayətçi olduğunu bildirir. O deyir ki, direktor evdə təhsil üçün hər uşağa görə onlardan pul alır.

Xəyalə Abdullayeva qeyd edir ki, sözügedən məktəbin direktoru bir neçə ildən sonra ona verilmiş uşaqları başqa müəllimə pul müqabilində "satır". Bu azmış kimi, valideynlər də bilərəkdən öyrədilərək, müəllimə qarşı qaldırılır:

"On beş ildir ki, Nizami rayonunda yerləşən 3 nömrəli Xüsusi Təhsil məktəbində çalışıram. İşlədiyim gündən bəri bu məktəbdə uşaqlar pulla “satılır”. Bir uşaq 600 manata “verilir”. Mənə verilən 3 uşağın hərəsi üçün 600 manat pul vermişəm. Ancaq məktəbin direktoru bütün bunlarla kifayətlənmir. Bizə “satdığı” uşağı, özünə uşaq lazım olanda və başqa müəllimə verilməsi üçün bizim adımızdan çıxarıb, başqasının adına keçirdir. Yəni bir uşağı 2 nəfərə “satır”. Bunu etmək üçün əvvəlcədən valideynlər öyrədilir. Valideynlərə tapşırıq verilir ki, müəllimi hərəkətləri ilə bezdirsin və müəllim də uşaqdan imtina etsin. Yəni müəllimi qapıda qovsun, telefonunu açmasın, sonra da desin ki, müəllim gəlmir. Müəllim bezib imtina etmədikdə isə, valideyni çağırıb şikayət ərizəsi yazdırır. Müəllimi danışdırmadan, məsələni araşdırmadan və cavab ərizəsi almadan uşağı onun adından çıxardıb, özünə lazım olan müəllimə verir.

Müəllimlər buna dözməyib, haqqını tələb etdikdə və pulunu geri istədikdə isə onu borclu çıxarmağa çalışırlar. Hətta müəllimənin o biri valideynləri də öyrədilir və müəllimədən şikayət etmək tələb edilir. Ya ələ almaq, ya da qorxuzmaq üçün hədə-qorxu gəlirlər".

Xəyalə Abdullayeva deyir ki, bu barədə aidiyyəti orqanlara da müraciət edib, lakin heç bir nəticəsi olmayıb. Məsələ ictimailəşəndən sonra direktora şiddətli töhmət verilir. Bundan hiddətlənən direktor isə ondan haqlı şikayətçi olan Xəyalə Abdullayevaya da haqsız olaraq şiddətli töhmət verir:

"Mən bütün bunlara dözməyib, işlə bağlı polisə və məhkəməyə müraciət etdim. Ancaq nə polis, nə də məhkəmə bu işə baxmadı. Yalnız direktorun məni təhqir etməsi işinə baxacaqlarını bildirdilər. Ancaq polis bu işə də baxmadı. İş məhkməyə gedəndən sonra təhqirlə bağlı polisdən mənə zəng gəldi. Artıq 15 gün keçmişdi. Polisə bildirdim ki, bu cür işə baxmaq mənə lazım deyil. Məhkəmə də direktorla bağlı iddiamı qəbul etmədi. Bakı şəhər təhsil idarəsinə bildirdim. İzahat götürüldü, sonra işə baxılmadı. Sosial şəbəkəyə veriləndən sonra Bakı Şəhər Təhsil İdarəsindən qərar gəldi. Direktora şiddətli töhmət, müəllimi də cəzalandırmaq üçün isə direktora əmr verildi. Burdan belə çıxır ki, onlar bir-biri ilə əlaqəli iş görürürlər. Hazırda direktorun sifarişi ilə mənə də əsassız olaraq töhmət verilib. Belə çıxır ki, əziyyət çəkən, təhqir olunan, pulu əlindən alınan müəllim haqqını tələb etdiyinə görə şiddətli töhmət alır. Hazırda direktor mənim ixtiyarımda olan iki valideyni də öyrədir ki, gəlib şikayət etsinlər. Hazırda əlimdə səs yazıları var. Mənə verdiklər şiddətli töhmət sənədini ay yarımdan sonra veriblər. 14.04.2022-də qəbul edilib. Mənə isə 03.06.2022 tarixndə verib qol çəkdiriblər. Mən bildirəndə ki, tarix qoymaq istəyirəm, buna icazə vermədilər".

P.S. Qeyd edək ki, artıq bir neçə həftədir məsələ ilə bağlı Təhsil Nazirliyinə göndərdiyimiz sorğunun cavabı bu günə kimi verilməyib. Görəsən, Təhsil Nazirliyinin sorğuya bu qədər gec cavab verməsinə səbəb nədir?

YƏHYA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya