MƏHSULDAR ADDIMLANAN ÖMÜR VƏ SƏNƏT İLLƏRİ - Əhsən Rəhmanlı yazır

Bakının qədim kəndlərindən biri olan Buzovnadan zaman-zaman böyük şairlər, alimlər, müxtəlif sənət adamları və musiqi xadimləri yetişərək xalqa xidməti ilə seçilib. Buradan boy atıb pərvazlanan xanəndələr və çalğı alətləri ifaçıları da sənət aləmində öz sözünü deyiblər.
Əlibəndə Məmmədhənsə oğlu Əliyev 1948-ci il martın 2-də Buzovnada dünyaya gəlib. 1955-1963-cü illərdə kənddəki 125 saylı ümuməhsil məktəbdə oxuyaraq 8-ci sinfi bitirib. 1960-cı ildə Maştağadakı 10 saylı uşaq musiqi məktəbinin kamança sininə daxil olub. İxtisasdan Validə Babayevadan dərs alıb. 5 illik proqramı yerinə yetridiyi üçün musiqi məktəbində üç il oxuyub. Məktəbdə tardən dərs deyən Novruz Aydəmirovun rəhbərlik etdiyi ansamblın fəal üzvü olub.
Ə.Əliyev uşaq musiqi məktəbləri arasında keçirilən baxış-müsabiqədə iştirak edərək Süleyman Ələsgərovun (1924-2000) “Sözsüz mahnı” adlı əsərini ifa edərək fəxri fərman alıb. Qeyd etməliyik ki, musiqi məktəbinin şagirdi üçün bu əsəri kanamçada çalmaq çox çətindir. Çünki 3-cü pozisiyaya düşmək çox çətindir. Əlibəndə bu əsəri yaxşı hazırlamış və çox gözəl ifa etmişdi.
Ə.Əliyev 1963-cü ildə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinə daxil olub və 1967-ci ildə buranı xalq çalğı alətləri orkestri rəhbəri və kamança ixtisası üzrə btirib. Bu məktəb o zaman bir gənc musiqiçi kimi ona çox şey verib. Belə ki, burada musiqi sənətinə aid keçilən bütün dərslər, tələbələrdən ibarət orkestr və ansamblda çalması onu əsl milli sənət adamı, xalq musiqiçisi, kamança ifaçısı kimi yetişdirib. O zaman həmin məktəbdə xalq çalğı alətləri ansamblının rəhbəri Əvəz Rəhmətov idi, orkestrə isə Adil Babayev rəhbərlik edirdi.
Əlibəndə tələbə ikən 1964-cü ildə komsomolun xəttilə Qazaxıstanın Şevçenko şəhərində xanəndələr-Şahməddin Salayev və Raziyə Şirinova ilə sənət səfərində olub. O, bəstəkar Bəxtiyar Kərimovun DİN-də yaratdığı ansamblı tərkibində 1967-ci ildə SSRİ-nin paytaxtı Moskvada sovet milisinin yaradılmasının 50 illiyi münasibətilə təşkil olunan yubiley konsertlərində müğənnilər Elmira Rəhimova və Yaşar Səfərovu müşayiət etmişdir.
Musiqiyə olan məhəbbət, bədii kollektivlərdə çalışıb yetişmək həvəsi onu Teleradio Verilişləri Komitəsində tarzən-pedaqoq Yusif Heydərovun rəhbərlik etdiyi “Təranə” Gənclik xalq çalğı alətləri ansamblına unvanlayıb. O, 1964-1967-ci illərdə bu ansamblda gənclik eşq-həvəsi ilə ilə çalışıb. Müntəzəm radio üçün müğənniləri müşayiət etmək, AzTV-dəki çıxışlar, səhnələrdəki konsertlər Əlibəndənin əl-qolunun açılmasına, püxtəlşməsinə və tam peşəkar musiqiçi kimi yetişməsinə şərait yaradıb. Onun xatirələrindən: “1967-ci il mayın 29-da muğam ixtisasından dövlət imtahanı verirdik. Komissiya üvləri arasında ustad Əhməd Bakıxanov (1892-1973) da var idi. O, mənim ifamı bəyəndi və Teleradioda rəhbəri olduğu xalq çalğı alətləri ansamblına dəvət edi. Elə həmin gün radionun səsyazma evində xanəndə İslam Rzayevin ifasını müşayiət etdik”.
Əlibəndə Ə.Bakıxanovun ansamblında 1973-cü ilə qədər çalışıb və bu kollektivin tərkibində məşhur xanəndələrdən Tükəzban İsmaylova, Hacıbaba Hüseynov, Zeynəb Xanlarova, Arif Babayev, Yaqub Məmmədov, Mürşüd Abbasov və b. müşayiət edib. Ansambl AzTV-də Hacıbaba Hüseynovun ifasında “Zabul-segah” muğamını müşayiət edərkən, Əlibəndə muğam üçlüyünün tərkibində olub.
Ə.Əliyev 1971-1976-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda qiyabi təhsli alıb və buranı mədəni-maarif işçisi ixtisası üzrə bitirib.
Ə.Əliyev pedaqoji fəaliyyətə 1964-cü ildə Maştağadakı 10 saylı uşaq musiqi məktəbinin kamança sinfində başlayıb. 1966-cı ildə 10 saylı məktəbin Buzovnada filialı açılıb və Əibəndə müəllim burada çalışb. Sonralar həmin filialın bazasında Buzovnada 19 saylı uşaq musiqi məktəbi yaradılıb. O, 1975-1991-cı illərdə Binədəki 24 saylı uşaq musiqi məktəbində də çalışıb. Bütün bu dövr ərzində Əlibəndə müəllimin yetişdirdiyi xeyli şagirdlər A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində (hazırda AMK-nın tərkibində kollec) və Azərbaycan Milli Konservatoriyasında təhsili davam etdirərək, ifaçı, müəllim və inzibati işçi olaraq fəaliyyət göstərib musiqi mədəniyyətinə layiqli şəkildə xidmət edirlər. Onlar arasında fəxri adlar alanlar da var. Tanınan kamança ifaçıları Yusif Quliyev (19 saylı musiqi məktəbinin direktoru olub), Arif Əsədullayev (Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq doktoru), Mirnazim Əsədullayev (əməkdar artist, ADMİU-nun professoru) Əlibəndə müəllimin yetirmələridir. Yetirmələrindən Malik Əliyev Sumqayıt Musiqi Kollecini, Füzuli Rəhimov ADMİU-nu, Ruhan Quliyev AMK-nın magistraturasını bitirib.
Ə.Əliyev 1968-ci ilin noyabr ayından Buzovnadakı mədəniyyət sarayında “Görüş” xalq çalğı alətləri ansamblı yaradıb və 1975-ci ilə qədər rəhbrlik edib. Bu özfəaliyyət ansambldan çox müğənnilər və çalğı alllərləri ifaçıları yetişib. Bu sırada sonralar xalq artisti fəxri ada qədər yüksələn yüksələn tarzən Firuz Əliyev, xanəndə Məmmədbağır Bağırzadə (1950-2005) və müğənnilər Əli Bağbanov (1947-2020), Arif Gözəlov və Sədaqət Vəliyevanın adını çəkə bilərik. Ansambldan tarzən Tofiq Rzayev, qarmonçalanlar-Malik Paşayev, Baxışəli Əliyev, nağaraçalan Nizami Paşayev, klarnet ifaçısı Tahir Quliyev də pərvazlanaraq peşəkar sənətdə tanınıblar. Bu ansambl mədəniyyət sarayının özündə, digər mədəniyyət ocaqlarında, tədris müəssisələrində keçirilən bədii-kütləvi tədbirlərdə və konsertlərdə çıxış edirdi.
Əlibəndə fəal, zəhmətkeş, bacarıqlı musiqiçi olaraq hərtərəfli və səmərəli fəaliyyət göstərib. Ansambllarda çalışaraq teteradioda, müxtəlif tədbirlərdə, konsertlərdə çıxış etməsindən əlavə o, xalqın toy-büsatının çarcısından biri olub. O, toylarda da çalıb. Əslində toylarda çalıb-oxumaq hər kəsə nəsib deyil, yəni bunu hər adam bacarmır. Burada çox məziyyətlər, xüsusuiyyətlər, çətin, məsuiyyətli məqamlar var ki, hər musiqiçi bu işləri bacarmır. Əlibəndə 1969-cu ildən 1990-cı ilə qədər bu şərəfli işə, xalqın toy-büsatına xidmət edib. Çıxış etdiyi ilk toy Buzovnada olub. O, vədələşdiyi toylara xanəndə Arif Gözəlov, Məmmədbağır Bağırzadə və başqa xanəndələri aparırdı. Əlibəndə 1970-ci ildə Buzovnada tarzən Firuz Əliyevin toyunda xanəndə Arif Babayevi mahir tarçalan Sərvər İbrahimovla müşayiət edib. Sonradan onun toy fəaliyyəti genişlənib, Bakının və əyalətlərin əksər nöqtələrində toylarda çalıb-çağırıb. O, 1990-cı ilə qədər tanınan ustad tarzənlər-Fərman Hüseynov, Sərvər İbrahimov, Firudun Yarməmmədovla xanəndə Yaqub Məmmədovu, Sabir Mizəyevi, Razi Şülürovu və başqalarını müşayiət edib.
Xalq artisti Məmmədbağır Bağırzadə 1981-ci ildə “Dilkeş” instrumental ansambl yaradarkən Əlibəndə Əliyevi də ora cəlb etmişdi. Əlibəndə bir müddət həmin ansamblda çalışıb.
Ə.Əliyev xalq artisti, xanəndə Baba Mahmudoğlu ilə də yaradıcılıq əlaqələrində idi. O, bu məşhur xanəndə ilə 1995-ci ildə İran İslam Respublikasının Təbriz şəhərində konsertlərdə olub. Eyni tamaşaçı salonunda 5 gün ardıcıl verilən konsertlər zəngin repertuarlı, musiqisevər tamaşaçılı, gur və alqışlı keçmişdi. Baba Mahnudoğlunun oxuduğu xalq, aşıq, foklor mahnıları, xalqın ruhunu, vətən sevgisini oyadan, milli kimliyini aşılayan “Koroğlular”, “Misri”lər tamaşaçıları coşdurduğu üçün hakimiyyətin tapşırıı ilə konsertlərə daha icazə verilməmişdi.
Ə.Əliyev B.Mahmudoğlunun rəhbər, Əhsən Rəhmanlının musiqi rəhbəri, inzibatçı, aranjemançı olduğu “Misri” xalq çalğı alətləri ansamblında 2000-2004-cü illərdə çalışmışdır. Həmin illərdə xanəndənin radioya səs yazılarında, televiziya çəkilişlərində, bir sıra yerlərdə təşkil olunan konsertlərdə, 2004-cü ilin noyabr ayında Şimali Afrika ölkəsi Tunis ərəb respublikasına səfərdə Ə.Əliyev daim ansamblın tərkibində olmuşdur. Orada verilən iki konsertdə Əlibəndənin də solosu səslənirdi.
O, indi də sənət fəaliyyətindən uzaq deyil. 2019-cu ildə Buzovna mədəniyyət evində “Xəzər” adlı xalq çalğı alətləri ansamblı yaradaraq fəal çalışır. Həmin ilin dekabr ayının sonunda Türkiyənin İzmit şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Ə.Əliyevin rəhbərlik etdiyi ansamblın konsert proqramı maraqla qarşılanıb.
Əlibəndə müəllim ansambl rəhbərliyindən maaş almasa da, işə can yandırır və ətrafına öz-taytuşları, yaşıdları olan musiqiçiləri toplayıb milli musiqimizə ləyaqətlə, böyük sevgi ilə xidmət edir. “Xəzər” ansamblı mədəniyyət evində, məktəblərdə, pansionatlarda, əlillər və qocalar evində konsertlər verir.
2020-ci ildə Əlibəndə Əliyevə Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı tərəfindən ustad sənətkar adı verilib. Biz ona can sağlığı, ömür və yaradıcılıq nailiyətləri arzulyırıq.
ƏHSƏN RƏHMANLI
SƏNƏTŞÜNASLIQ ÜZRƏ FƏLSƏFƏ DOKTORU
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya