Məhkəmələr nə vaxt məhkəmə hakimiyyətini həyata keçirəcəklər?

2022-01-14 17:16:00

Məhkəmələr nə vaxt məhkəmə hakimiyyətini həyata keçirəcəklər?

Məhkəmə hakimiyyətini  məhkəmələr yox, icra orqanları həyata keçirirlər

Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsi Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələrin – Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinin, Ali Məhkəmənin,  apellyasiya məhkəmələrinin, ümumi məhkəmələrin və digər ixtisaslaşmış məhkəmələrin həyata keçirmələrini doğrulayıb. Hakimlərin işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə ,  faktlara əsasən və qanuna müvafiq baxmaları; hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən birbaşa və ya dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması , qanuna zidd təsir , hədə və müdaxilə edilməsinin yolverilməzliyi ; ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi; məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi;  məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququnun təmin edilməsi prinsipləri və şərtləri də ANA QANUNUN 127-ci maddəsi ilə doğrulanıb.

Gerçəkdə hələ də məhkəmələr məhkəmə hakimiyyətini həyata keçirməklə yox, məhkəmənin işinə qadağa qoymaqla pis ad çıxarıblar. Təsəvvür edin, Binəqədi məhkəməsinin hakimi Abbas Rzayev 05.03.2013 tarixli qərardadla tələbkar  1-ci dərəcəli Qarabağ qazisinə ödənilməli sığorta ödənişinin 8800 manat olmasını doğrulayıb və bu məhkəmə aktı Ali Məhkəmədə də qüvvəyə minib, amma birinci instansiya məhkəməsi 9 ildir qəbul etdiyi qərarın icrasını borclu Dövlət Sığorta Kommersiya Şirkətinin qeyri-prosessual qanpulu  basqısı ilə təmin etməkdən imtina edir. Tələbkar qazinin məhkəməyə  icranın təmin edilməsi, indeksasiya və s.  barəsində MPM-in müvafiq maddələri əsasında ərizələri isə hakimi özündən çıxarıb və   tələbkarın ərizələrlə məhkəməni yüklədiyini  (?-M.B. ) vurğulayaraq  ərizələrə baxmaqdan imtina edib. Özbaşınalığa baxın, bəyəm məhkəmənin ərizələrə baxmaqdan özgə işi var? Hələ  Binəqədi məhkəməsi Bakı İnzibati Məhkəməsinin yanında “toya getməlidir” , heç olmasa, ərizəyə baxmayacağını bildirir. Bakı İnzibati Məhkəməsi 6 ildir dövlətin adından çıxardığı 2-1 (81)-1095/2016 saylı 20.06.2016 tarixli qərarının icrasını nəinki təmin edir, heç qərarı icraya belə yönəltməyib. İlk  3 ildə  tələbkar Qarabağ qazisinin borclu inzibati orqanın üzərinə qoyulan öhdəliyi icra etməkdən imtinasından şikayətlərinə baxmayan Şərafət Məmmədova bu “baxımsızlığa” görə yuxarı instansiyaya təyin edilib, apellyasiya instansiyasından Bakı İnzibati Məhkəməsinə “enən” Aygün Abdullayeva isə son 3 ildə tələbkarın ərizələrinə baxmır. Ötən ilin oktyabrında verilən ərizədən də 3 aydır səs – soraq yoxdur. Bakı İnzibati Məhkəməsinin Konstitusiyaya hörmətsizliyi o həddədir ki, daxil olan ərizələr gizlədilir, duyuq düşənlərə 1-3 illik  köhnə tarixə saxta qərardadlar sırınır. Özü də bu qərarların verilməsi də təmin edilmir. Sabunçu məhkəməsindən ləğv edilmiş işini gizlətmək amacı Bakı İnzibati Məhkəməsinə ezam olunan Rüstəm Kərimlinin  Nərimanov bələdiyyəsi qarşısında , Fərid Mədətlinin Ali Məhkəmədən qayıdan iş üzrə “Azəriqaz” İB qarşısında  qeyri-prosessual öhdəlik götürmələri, pandemiya dövründə işlərə baxılmasının dayandırılmasına baxmayaraq, saxta aktlar qəbul etmələrində və bu aktları hələ də verməmələrində üzə çıxır. Nə Ombudsman , nə Məhkəmə Hüquq Şurası,  baş prokurorluq məhkəmə təminatı hüququna qoyulan kobud qadağaya hüquq qiyməti verə bilir. Bəs yuxarı instansiyalar necə? Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası ( sədrlik edən Səadət Bəktaşi, əvvəllər işin baxılmasında iştirak edən Aida Hüseyn , Azər Hüseynov ) 5 aydır Qarabağ qazisi Xaliq Abbaszadənin qanuni qüvvəyə minmiş məhkəmə qərarı və təbii ki , icra sənədi olmadan pensiyasının yarıqat edilməsini qanuni sayan Bakı İnzibati Məhkəməsinin əvvəllər işin baxılmasında iştirak edən  hakimi Nəriman Abıyevin “daxili inam” özbaşınalığını qüvvədə saxladığı 03.08.2021 tarixli qərarını verməkdən imtina edir . Qarabağ qazisi kassasiya hüququndan məhrum edilməklə məhkəmə təminatı hüququndan da məhrum edilmiş olur. Bakı Apellyasiya Məhkəməsinin ölkədə tanınmayan Dağıstan Respublikasının Yujdaq diplomlu hakimi Xəyalə Cəmilova isə 9 aydır 14.04.2021 tarixli qərardadını verməkdən imtina edir. Ali Məhkəməyə MM-dən yenicə transfer olunan Səyyad Kərimov da 4 -cü  aydır “Şəki dövləti” adından çıxardığı 06.10.2021 tarixli qərarını vermir. Xəyalə Cəmilova, ərizə verilmədiyi halda kassasiya şikayəti verməyə  (özünə) vəkil ayırsa da, Səyyad Kərimov əlavə kassasiya şikayəti vermək üçün vəkillə təminat barədə  ərizəyə də baxmır.

Nə isə, təzəsi olan yerdə, “ köhnə palan içi sökməyək”. 21.04.2021-ci ildə Bakının Nizami və Yasamal məhkəmələrinə verilən iki ayrı iddiadan soraq çıxmadığını görən Qarabağ qazisinin şikayətlərinə cavab olaraq Nizami məhkəməsinin hakimi Ülkər Yusifova 3 aydan sonra köhnə tarixə saxta qərardadla iddianı geri qaytardığını, Yasamal məhkəməsinin hakimi Vahid Hacıyev 6 aydan sonra qəbuledilməzliyini bildirib. Nizami məhkəməsinin “Kapitalbank”ın   (sonradan Beynəlxalq Bank də cavabdehliyə əlavə olunub ) istehlakçı hüquqlarını pozmasından müdafiəyə dair geri qaytarılma qərardadını 06.08.2021 tarixli qərardadla ləğv edən Bakı Apellyasiya Məhkəməsi işi baxılması üçün Nizami məhkəməsinə qaytarıb və iş yenidən qərardadı ləğv edilən Ülkər Yusifovaya verilib (?). 5 aydır işə baxmaqdan imtinaya son qoyulması barədə şikayətə cavab olaraq Nizami məhkəməsinin məsləhətçisi  (?) bu günlərdə bildirib ki, 26.11.2021 tarixli qərardadla iş baxılmamış saxlanılıb. Özbaşınalığı təsəvvür edə bilirsiniz? Məhkəmə açıq – aşkar bankların vəkili rolunda çıxış edir. Hələ bu nədir ki, Yasamal məhkəməsinin qərardadından şikayətə Vahid Hacıyev hələ də baxmayıb. Belə məhkəmə hüquq sistemi ilə məhkəmə təminatı hüququ həyata keçirilə bilər? Bəs təhsil hüququ necə? Yasamal məhkəməsində qaldırılan iddia cavabdeh Bakı Dövlət Universitetinin (3-cü şəxs Təhsil Nazirliyi) 15 ildir Qarabağ qazisinin əlavə təhsil hüququna qoyulan qadağanın götürülməsi ilə bağlıdır.

İndi nəticə çıxarın, məhkəmə hakimiyyətini məhkəmələr həyata keçirir, yoxsa?

Məğrur BƏDƏLSOY


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.091179