Saat:20:52
Haqqımızda

"Məhkəmə nəzarəti qaydasında istintaqın hərəkətlərindən şikayət vermişik" - TƏQSİRLƏNDİRİLƏN HƏKİMİN VƏKİLİ

2021-11-30 14:06:00

Baş Prokurorluğun yaydığı məlumata görə, Füzuli rayon Mərkəzi Xəstəxanasının cərrahı Azad Hüseynzadə haqqında cinayət işi başlanılıb. Onun vəkili Ramil Məmmədzadə ittihamla bağlı bəzi "Hürriyyət"ə açıqlamasında məsələlərə aydınlıq gətirib.

R.Məmmədzadə bildirib ki, baş vermiş cinayət hadisəsi ilə əlaqədar həkim A.Hüseynzadə barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; insan ölümünə səbəb olduqda) maddəsi ilə yanaşı 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə də cinayət işi başlanılıb.

Hazırda Füzuli rayon Prokurorluğunda həkim Azad Hüseynzadə ilə bağlı istintaq davam etdirilir.

Vəkil bildirir ki, həkim Azad Hüseynzadə ittiham olunduğu maddələrin dispozisiyasında qeyd edilən vəzifəli şəxs deyil: “Füzuli rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsdir və Azad Hüseynzadə də həmin Publik Hüquqi şəxsdə həkim-cərrah işləyir. Lakin Füzuli Rayon Prokurorluğu haqsız olaraq nəzərə almır ki, publik hüquqi şəxsin işçiləri yalnız təşkilati-sərəncamverici funksiyaları yerinə yetirdiyi halda vəzifəli şəxs hesab edilə bilərlər. Bu barədə Konstitusiya Məhkəməsinin plenum qərarı var.

Prokurorluğun Azad Hüseynzadə vəzifəli şəxs olmadığı halda onu əsassız olaraq vəzifəli şəxs kimi qəbul edərək məsuliyyətə cəlb etməsi qərəzdən irəli gəlir.

Füzuli rayon prokuroru Elnur Rüstəmov nəzarət etdiyi cinayət işini tezliklə bitirərək məhkəməyə göndərmək istəyir. Bu səbəbdən də vəkil kimi etdiyim etirazlarıma və vəsatətlərimə məhəl qoymur”.

R.Məmmədzadə iddia edir ki, Füzuli rayon prokuroru Elnur Rüstəmov hazırki cinayət işi üzrə Baş Prokurora məruzələrində həkim Azad Hüseynzadənin mitinq təşkil etdiyini bildirib: “Bu da əsassızdır. Belə ki, Azad Hüseynzadə prokurorun çağırışı ilə gecə vaxtlarında saatlarla prokurorluq binasında saxlanılanda qohumları etiraz olaraq Baş Prokurorluğun binası önünə gəliblər. Amma prokuror bunu mitinq kimi qələmə verir. Eyni zamanda, hazırda prokuror və müstəntiqə etirazla bağlı məhkəmə nəzarəti qaydasında verdiyim şikayətə baxılsa da, prokuror Elnur Rüstəmov Baş Prokurorluğa istintaqın bitdiyini məruzə edib.

Cinayət işi üzrə alınmış ilkin və təkrar tibbi ekspert rəyləri Azad Hüseynzadənin zərərçəkmişlərin sağlamlıqlarına ziyan vurmadığı, eyni zamanda məhkəmə qərarına əsasən aparılmış ekuskumasiya nəticəsinin ekspert tibbi rəyində isə ölümə həkim Azad Hüseynzadənin səbəb olmadığı göstərilib.

Azad Hüseynzadə xəstə İncibəyim Məmmədquliyevanın müraciətinə əsasən, “herniotomiya yırtıq kisəsinin ləğv edilməsi” cərrahi əməliyyatını aparıb, əməliyyat normal keçib və xəstə evə buraxılıb.

Bundan 20 gün sonra xəstə İncibəyim Məmmədquliyeva Bakı şəhərində yerləşən “Davinçi Hospital”na müraciət edərək, 2-ci cərrahi əməliyyatı keçirib. Xəstə 2-ci əməliyyatdan 20 gün sonra evə buraxıldıqdan sonra vəfat edib.

Xəstələrin də həkim Azad Hüseynzadəyə qarşı hər hansı bir şikayət və tələbləri yoxdur, bu barədə onlar Baş Prokurorluğa teleqramla bildiriblər”.

Vəkil Ramil Məmmədzadə onu da vurğulayıb ki, istintaqın düzgün aparılmaması ilə bağlı məhkəməyə şikayət verilib. Lakin, məhkəmə qanunsuz olaraq şikayəti icraata götürməkdən imtina edib:

"Məhkəmə nəzarəti qaydasında istintaqın hərəkətlərindən şikayət vermişik. Lakin məhkəmə işə baxmır. Qanunla şikayətin verilməsi nəzərdə tutulsa da, məhkəmə bunu rədd edir. Açıq desək, məhdudiyyətlər qoyulur. Vətəndaş kimi hüquqlarımız pozulur".

YƏHYA

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR