“Məhəmməd” surəsi niyə 47 ədədiylə nömrələndi? – Quranın riyazi sirləri
“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94.
“Quran”ı elmi-lədunla tədqiq edərkən onun surələrinin və ayələrinin nömrələnməsində xüsusi bir qanunauyğunluğun olduğu üzə çıxır. Burada hər bir rəqəmin rəmzi mənası vardır və həmin rəqəm altında deyilən sözlər (ayələr) də bir qayda olaraq rəqəmdəki mənanı tamamlayır. Məsələn, götürək Rəsulullahın adına olan "Məhəmməd" (47) surəsini.
Surənin nömrəsi (rəmzi) olan 47 ədədinin sirri elə Rəbbimin Öz adına olan "Rəhimli Allah" (55) surəsində açılır. Yəni, Peyğəmbərin adına olan surə riyazi yolla Allahın adına olan surəyə bağlanır.
Belə ki, "Rəhimli Allah" surəsi 78 ayədən ibarətdir və bu ayələrin 31-də eyni sual təkrar olunur:
"Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!"
Bunu nəzərə alıb, ayələrin ümümi sayından (78), təkrar olunan sualların sayını (31) çıxsaq, “Məhəmməd” surəsinin sıra nömrəsi olan 47 ədədinin alındığını görərik:
78 - 31 = 47
Oxucuda bir sual da yarana bilər: 55-ci surədə verilən sual niyə məhz 31 dəfə təkrarlandı? Bəs bunun hikməti nədir?
31 ədədinin hikmətinə varmaq üçün "Loğman" (31) surəsinə nəzər salaq. Loğman Peyğəmbərə kitab verilməsə də, şəriət sahibi olmasa da, Allahın elm verdiyi şəxsdir (elm sahibidir). Rəbbim Öz adına olan surədə sualı 31 dəfə təkrarlamaqla ona işarə verir ki, bu sualın cavabını (hikmətini) elm verilmiş şəxslər verə bilərlər (dərk edərlər).
Loğmanın adına surə göndərilməsi ona mesaj verir ki, Allahdan elm verilmiş şəxslər peyğəmbər səviyyəli adamlardır.
"Məhəmməd" surəsinin hikmətini də bu sualların fonunda açmasının səbəbi odur ki, Məhəmməd əleyhissalam özü də elm (elmi-lədun) sahibidir...
Bu və digər faktlar, Yaradanla, Onun Peyğəmbəri arasında olan əlaqənin riyazi sübutu olmaqla yanaşı, həm də “Quran”ın düzülüşünün birbaşa Allah-təalanın nəzarətində və iradəsi ilə baş tutduğunu sübut edir. Yəni, surə və ayələrin düzülüşü insan beyninin məhsulu olmayıb, şüurdankənar, fövqəladə bir elmlə baş tutmuşdur.
Bu düsturu insanlara çatdırmaqda Yaradanın mesajı odur ki, müqəddəs kitaba nəyinsə əlavə olunması və yaxud, buradan hansısa ayənin çıxarılmasını iddia edənlər cəfəngiyyatdan başqa bir şey deyil və bunu söyləyənlər “Quran”a və Allahın qüdrətinə şübhə edənlərdir (kafirlər və münafiqlər dir).
“De: Bizim qarşımıza çıxara biləcək bir elminizi varmı?” Quran.
Paşa Yaqub,
Həkim (loğman), elmi-lədun bilicisi