Məhəmməd Əsədullazadə: “Bu təxribat Türkiyəyə qarşı qurulan bir plandır”
Suriyanın mərkəzində, Homs vilayətində yerləşən Palmira şəhəri yaxınlığında ABŞ Silahlı Qüvvələrinin iki hərbçisi və bir amerikalı mülki tərcüməçinin öldürülməsi həm ABŞ, həm də Türkiyə tərəfindən çox ciddi qarşılanıb. Hər iki ölkə rəsmiləri baş vermiş terror aktını qətiyyətlə pisləyiblər. Belə ki, ABŞ-ın müdafiə naziri Pit Heqset sosial şəbəkədə qeyd edib ki, ABŞ hərbçilərinə dünyanın istənilən nöqtəsində hücum edənlər cavabsız qalmayacaq.
Türkiyənin xarici işlər naziri Hakan Fidan da Suriyada ABŞ və Suriya ordusunun birgə patrulu zamanı hərbçilərə atəş açılması nəticəsində iki amerikalı əsgərin öldürülməsi ilə əlaqədar xəbərdarlıq edərək vurğulayıb ki, silahlı mübarizə aparanlar silahla cavab alacaqlar.
Əslində, Hakan Fiadanın Suriyada baş verən təxribatla bağlı bəyanat verməsi onu göstərir ki, bu təxribatı törədənlərin hədəfi Türkiyədir. Bəllidir ki, Türkiyənin bölgədə həm iqtisadi, həm də siyasi maraqları var. Həmçinin mətbuatda yayılan məlumatlara görə, Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu qüvvələri Suriyanın şimalında yerləşən və YPG-nin nəzarətində olan Rəqqa vilayətini azad etmək üçün əməliyyata hazırlaşır və bu təxribat da Türkiyəni hədəfindən yayındırmağa hesablanıb, amma Türkiyənin hədəfinə çatacağı görünür. Çünki Türkiyə hökuməti ilə mövcud Suriya hökumətinin işgüar və mehriban münasibətləri də buna imkan verir.
Mövzu ilə bağlı Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə “Hürriyyət”ə bildirib ki, Suriyada YPG terror təşkilatının ləğv edilməsi istiqamətində addımlar atılır: “Xüsusilə buradakı kürd qruplaşmaları silahı təhvil vermirlər, Suriyanın şimal-şərqində möhkəmlənməyə çalışırlar. İsrail də, Amerika Birləşmiş Ştatları da onlara dəstək verir, amma Türkiyə və Suriya hökuməti buna qarşıdır, onlar inteqrasiyanın tərəfdarıdırlar. Aparılan danışıqlar da nəticəsizdir. Əgər Türkiyə silahı yerə qoymasa, YPG hərbi əməliyyatlar keçiriləcəyini vurğulayır”.
M.Əsədullazadənin fikrincə, Suriyada bu təxribat qəsdən həyata keçirilib: “Guya, yenidən İŞİD var və YPG-yə ehtiyac var. Amerika məhz YPG-ni İŞİD-ə qarşı mübarizə adı altında silahlandırır, dəstəkləyir və bu xüsusda proses davam edir. Ümumiyyətlə, Amerika Birləşmiş Ştatları çalışır ki, YPG-nin varlığını Suriyada qorusun. Çünki buradakı siyasi məqsədləri üçün lazımdır. Amma Türkiyə də israrlıdır. Ona görə də İŞİD məsələsi ortaya atılıb”.
“Ümumiyyətlə, İŞİD Amerikanın və İsrailin daima layihəsi olub və zaman-zaman ondan istifadə edilib. İndi də bu amildən istifadə edilməkdədir. Düşünürəm ki, bu, Türkiyəyə qarşı qurulan bir oyundur, plandır. Türkiyənin şimali Suriyada YPG terror təşkilatına qarşı keçiriləcək hərbi əməliyyatının qarşısını almaq üçündür və belə don geyindirəcəklər ki, YPG İŞİD-ə qarşı mübarizə aparır. Hələ istisna etmirəm ki, müəyyən qruplar tərəfindən guya, İŞİD-çi qiyafəsində silahlı dəstələr formalaşdırıb, yenidən türk əsgərlərinə və yaxud YPG ilə çatışmaya, həmçinin Suriya qüvvələrinə hücumda istifadə edilsin”,-deyə siyasi şərhçi əlavə edib.
CAVİD
