MƏĞLUBİYYƏT BAHASINA QƏLƏBƏ – Və yaxud 9 may günündə əldə edilmiş qələbə nə dərəcədə sevindiricidir?

2022-05-10 10:08:00

MƏĞLUBİYYƏT BAHASINA QƏLƏBƏ – Və yaxud 9 may günündə əldə edilmiş qələbə nə dərəcədə sevindiricidir?

May ayının bayramları arasında, ümumiyyətlə, ilin bayramları arasında ən çox təntənə ilə qeyd ediləni 9 May - Qələbə günüdür. Qələbə! Bu məfhumun özü də, səslənməsi də, mahiyyəti də sevindiricidir. Amma... görək, 9 May günündə əldə edilmiş qələbə nə dərəcədə sevindiricidir? Doğrudanmı, o XX əsrin ən böyük qələbələrindən biridir! Bəs, bu qələbə nəyin bahasına əldə edilib! Və nəyin naminə əldə edilib!

Xalq 1941-in astanasında müharibə gözləyirdimi? Ona hazır idimi? Axı, 1939-cu ildə SSRİ ilə Almaniya bir-birinə hücum etməmək haqqında müqavilə bağlamışdılar. İndi - üstündən 50 il keçəndən sonra bu müqavilənin mahiyyəti barədə müxtəlif söz-söhbət gedir. Bəziləri qəti əmindir ki, Stalin bu müqaviləni bağlamaqla hücumun qarşısını heç olmasa iki il alıb; bəziləri isə sübut edir ki, Hitler bu müqaviləni bağlamaqla SSRİ-ni arxayın salıb, kobud şəkildə desək, «aldadıb». Hər halda, 1917-ci ildən bəri SSRİ-nin gördüyü işlərin, həyata keçirdiyi tədbirlərin bir çoxu kimi, 1939-cu il müqaviləsi də hələ dəqiq araşdırılmayıb; ciddi tədqiqə, təhqiqə ehtiyacı var.

Amma bir şey dəqiqdir ki, Böyük Vətən müharibəsinə sovet xalqı hazır deyildi. Əvvəla, xalq elə müharibəyə qədər də «müharibə» vəziyyətində idi. Bəli, Hitlerdən qabaq Stalinin özü xalqla müharibə aparırdı. Gəlin, bir anlığa fikrə dalaq: xalqı kütləvi qırğına nə verə bilər: ya təbii fəlakət, ya da müharibə. Bəs, 1937-ci ildən 1941-ə kimi 10 milyondan artıq adamı qırdıran nə və kim oldu? Cavab birdir: totalitar sistem, repressiya, Stalin, stalinizm... Deməli, Böyük Vətən müharibəsinə qədər də ölkə daxilində müharibə gedirdi. Xalqla rəhbərlik arasında. Xalq artıq cana yığılmışdı: indiyədək demirdilər, indi deyirlər, - heç demə, 1941-in astanasında ölkənin bir çox regionlarını stalinizmə qarşı etiraz mitinqləri, nümayişləri, tətilləri bürüyübmüş. Elə ona görə də iyunun 22-də Stalin öz bağında dincələrkən Siyasi Büronun üzvləri müharibə xəbərini vermək üçün gəlib onu yuxudan oyadanda rəhbər elə zənn edib ki, onu həbs etməyə gəliblər...

Beləliklə, müharibə başlandı.

Və başlanan kimi də sovet xalqının və onun rəhbərinin müharibəyə hazır olmaması özünü büruzə verdi. Bunu heç olmasa bir fakt sübut edə bilər ki, faşist ordusu çox qısa müddətdə Moskvaya yaxınlaşdı. Niyə? Əvvəla, ona görə ki, 30-cu illərdə bütün «düşünən beyinlər» kimi, hərbi mütəxəssislər, sərkərdələr də repressiya edilmişdilər. 10 minə qədəri güllələnmişdi, 22 mindən çoxu həbs düşərgələrinə salınmışdı.  Beləliklə, müharibə başlananda SSRİ-də bir o qədər də hərb işini bilən mütəxəssis yox idi. Olanlarına da Stalin imkan vermirdi ki, əl-qol açsınlar. Çünki özü-özünü Ali Baş Komandan seçmişdi və böyüklü-kiçikli bütün komandaları özü verirdi. Hətta Jukov, Konev, Çuykov, Voroşilov, Panfilov, Rokossovski... kimi sərkərdələr belə müharibənin ilk aylarında sərbəst hərəkət edə bilmirdilər; hər komandalarını, hər addımlarını Stalinlə ölçüb-biçməli idilər. Yalnız iki ildən sonra, görəndə ki, artıq bu cür «rəhbərlik» üsulu ölkəni, xalqı məğlubiyyətə aparır, Stalin bir qədər «yumşaldı»; sərkərdələrə müəyyən qədər sərbəstlik verdi, onların məsləhətlərinə əməl etməyə məcbur oldu. Yalnız bundan sonra döyüşlərdə irəliləyiş əldə edildi. Yalnız bundan sonra -1943-cü ildə Böyük Vətən müharibəsində böyük dönüş, həlledici dönüş eldə edildi...

Müharibəni uzadan başqa bir amil nə idi? O ki, XX əsrin 90-cı ilində olduğu kimi, 40-cı illərində - müharibə dövründə də adamlar arasında ayrı-seçkilik qoyulurdu. Bəli, nə qədər təəccüblü və acınacaqlı olsa da, 1941-1945-ci ildə də «xüsusi» adamlar üçün «xüsusi» güzəştlər qoyulurdu. Əfqanıstan müharibəsi zamanı Əfqanıstana yalnız kasıb balaları göndərildiyi kimi, Böyük Vətən müharibəsi zamanı da ön cəbhəyə heç də hamı göndərilmirdi. «Xüsusi» adamlar üçün isə rusca «bron» deyilən xüsusi sənəd «icad» edilmişdi. Bu sənədlə onlar döyüşə getməkdən azad edilirdilər. Arxa cəbhədə «ağalıq» edirdilər. Bunu 1942-ci ildə «Raboçiy kray» qəzetinə göndərilən bir məktubun müəllifi neçə də düzgün şərh edir: «Mən... cibində partbilet gəzdirən, «bron»a malik olan, siçan kimi deşikdə gizlənən və başqalarının əli ilə Vətəni, daha doğrusu, özünü müdafiə edən rəhbərlərimizə... faşistlərdən daha çox nifrət edirəm. Biz – sadə adamlar faşizm üzərində qələbə çalandan sonra isə onlar - xüsusi adamlar qələbəni öz adlarına çıxacaqlar». İbrətamiz fikir deyilmi? Və belə məzmunlu məktublar tək bir «Raboçiy kray» qəzetinə 1942-ci ildə 6 mindən çox gəlmişdi.

Qələbəni gecikdirən daha nə idi? Müxtəlif millətlərdən olan döyüşçüləri bir hissədə birləşdirir, rusca mükəmməl bilənə də, bir kəlmə bilməyənə də eyni dildə - rusca komanda verilirdi. Azərbaycanlı Rusiya uğrunda, rus Ukrayna uğrunda, ukraynalı Belarusiya uğrunda, belarus Moldaviya uğrunda... vuruşurdu. Amma rus Rusiyanı, ukraynalı Ukraynanı, qafqazlı Qafqazı... daha yaxşı, daha can-başla qorumazdımı?! Axı, bir var öz torpağın ola, bir də var qonşu (hələ «özgə» demirəm) torpağı... Təəssüf ki, Stalinin bu cür «hərb üsulu» indiyədək davam etməkdədir.

Hər halda, keç de olsa, zorla da olsa, qələbə əldə edildi. İndi isə bütün bu deyilənləri yekunlaşdırıb «Qələbə nəyin bahasına əldə edildi?» sualına cavab tapmağa çalışaq. Bir halda ki, Böyük Vətən müharibəsində SSRİ üst-üstə hamıdan çox - 20 milyon adam itirdi; bir halda ki, 9 May gününə 20 milyonsuz gəlib çıxdıq, daha bunun nəyi qələbə oldu? Deməli, biz yalnız məğlubiyyət sayəsinə, məğlubiyyət bahasına qələbə əldə etmişik. Düzdür, xalq öz torpağı uğrunda lazım gələndə ölümə də gedər, amma daha bu qədər də yox! İtki olar bir milyon, iki milyon, daha 20 milyon yox! 20 milyon adamın qanı bahasına qazanılmış qələbədən biz bu gün nəyə görə sevinclə, fərəhlə söz açmalıyıq?!

Əvvəla, müharibənin ilk iki ili ərzində itkilərin hesabı ümumiyyətlə aparılmayıb; halbuki ümumi itkinin yarıdan çoxu - 53 faizi məhz 1941-1942-ci illərin payına düşür. Bundan başqa, bu iki ildə əsir düşmüş 4 milyona yaxın sovet adamı, faşist ordusunun tərkibində “Qızıl Ordu”ya qarşı vuruşmuş bir milyondan çox sovet adamı da nəzərə alınmayıb.

İkinci bir tərəfdən isə, 1945-ci ilin 9 mayından sonra itkilərin həcmini əlüstü müəyyənləşdirmək üçün olduqca gülməli, daha doğrusu, ağlamalı üsul seçiblər: əhalinin müharibədən sonrakı sayından müharibəyə qədər ki sayını çıxıblar, - 20 milyon edib... Halbuki, müharibəyə qədər siyahıyaalmanın nəticələri saxtalaşdırılıb. Belə ki, bu nəticə Stalini «qane etməyib». Lider idarə etdiyi xalqının sayını yuvarlaq şəkildə 170 milyon görmək istəyib; siyahıyaalmanın elmi rəhbəri O.Kvitkin isə bundan bir neçə milyon aşağı rəqəm aşkar edib. Bu «aşkarlığın» axırı onunla bitib ki, xalqa Stalinin istədiyi rəqəm - 170 milyon elan edilib. Kvitkin və onun həmkarları isə repressiya ediliblər... (heç demə, «pripiska» hələ Stalin dövründə mövcud imiş... heç demə, təkcə pambığın, üzümün deyil, canlı adamların da uçotu saxtalaşdırılarmış...

Beləliklə, indi-indi aydın olur ki, qələbə 20 milyon yox, 40-50 milyon qurban bahasına əldə edilib. Faciədir! Dəhşətdir! Ən dəhşətlisi isə budur ki, Stalin müharibədən cəmisi bir ay sonra Qələbə Paradında... həmin bu 40-50 milyonu, habelə sağ qalan milyonları - qalib xalqı... «vintcik» adlandırıb. Yəni ki, rəhbərin əli ilə idarə olunan, fırlanan vintcik... Yəni ki, müharibəni tək Stalin aparıb, döyüşən xalq isə onun əlində yalnız bir alət olub... Halbuki Stalin nəinki bir vinti, aləti, hoqqa bir... ağ atı belə idarə etməyə qadir deyildi. Əgər qadir idisə, onda nəyə görə Qələbə Paradında Qızıl Meydana həmin o məşhur ağ atın üstündə Stalin yox, Jukov gəldi? «Komsomolskaya pravda» qəzetinin siyasi icmalçısı A.Afanasyev bunu onunla izah edir ki, Paraddan əvvəl Stalin manejdə məşq edərkən... həmin o ağ at rəhbəri belindən yerə çırpıb... Ona görə də dahi rəhbər - qalib rəhbər qorxusundan Paradda Qızıl meydana ağ at üstündə gəlmək şərəfini Jukova həvalə edib...

Qırx-əlli milyon qurban bahasına - məğlubiyyət bahasına əldə edilmiş qələbə göstərdi ki, totalitar sistem hərb mədəniyyətinə malik deyil. Təkcə hərb mədəniyyətinəmi? Çox şeyə malik deyil və qadir deyil. İndinin özündə də...

Çoxları güman edirdi ki, həmin bu məğlubiyyət bahasına əldə edilmiş qələbədən sonra rəhbərlik öz səhvlərini düzəldəcək; totalitar sistem dəyişəcək. Təəssüf ki, belə olmadı. Təəssüf ki, Boris Pasternak demişkən, Qələbə ilə birlikdə xalqa həm də Azadlıq verilmədi. Azadlıqsız qələbənin isə nə faydası?! Axı, 1940-cı və 1950-ci illərdə də Stalin sadə xalq üzərində, qalib xalq üzərində repressiyanı davam etdirdi. Yüz minlərlə adam da müharibədən sonra müharibəsiz qırğına getdi. Stalindən sonra xalq elə bildi ki, artıq rahat nəfəs alacaq, azad yaşayacaq. Heyhat... Dalınca Xruşşov gəldi... Sonra da Brejnev... Sonra da... Bəli, rəhbərlər dəyişir, totalitar sistem isə dəyişmir ki, dəyişmir... İndi də totalitarlığın yeni forması – yenidənqurma diktaturası öz bildiyini edir. Xalqın vəziyyəti isə günü-gündən pisləşir. İqtisadi əzab bir yandan, mənəvi əzab da o biri yandan. Repressiya illərində «başqa cür» düşünənlərə «xalq düşməni» damğası vururdular; yenidənqurma illərində isə «ekstremist» damğası... Daha nə fərqi oldu? Repressiya dövrünün «xalq düşmənlərinə» 1950-ci ildən sonra bəraət verildi; görəsən, yenidənqurma dövrünün «ekstremistlərinə» nə vaxtsa bəraət veriləcəkmi?!

Tarix kitablarında bizə təlqin etməyə cəhd göstərirlər ki, Böyük Vətən müharibəsində sovet xalqının tarixi qələbəsi - Kommunist Partiyasının, sosialist sisteminin qələbəsi idi. Əgər doğrudan da belədirsə, onda bəs biz niyə üstündən 45 il keçəndən sonra həmin o sosialist sistemini əldən veririk? Bu bir faktdır ki, Böyük Vətən müharibəsində faşistlər sovet torpağından 1944-cü ildə qovulub çıxarıldılar. 1944-cü ilin payızından 1945-ci ilin mayına qədər isə sovet xalqı Polşa, Çexoslovakiya, Rumıniya, Macarıstan... uğrunda vuruşdu; bir neçə yüz mini də bu xalqların torpaqların uğrunda qurban verdi. Burada iki sual meydana çıxır: əgər sovet Vətənində müharibə 1944-cü ildə qurtarıbsa, onda nəyə görə yerdə qalan 8-10 ayı da biz Böyük «Vətən» müharibəsi adlandırırıq? Hansı Vətən? Yox, əgər sovet xalqı üçün Polşa, Çexoslovakiya, Rumıniya Macarıstan... da «Vetən»dirsə, onda biz nəyə görə üstündən 45 il keçəndən sonra neçə-neçə qurbanlar bahasına xilas etdiyimiz bu «Vətən»in bir parçasını əldən veririk? Gizlətmək nəyə lazım: indiyədək həmin o Polşa da, Çexoslovakiya da, ADR də... təxminən elə SSRİ-nin on altıncı, on yeddinci, on səkkizinci... respublikaları kimi bir şey idi. Buna kim şübhə edər ki, lap yaxın vaxtlaradək Bakı, Tbilisi, Vilnüs kimi... Varşava, Praqa, Berlin də Moskvadan icazəsiz bir iş görə bilməzdi. Çünki onları faşist zülmündən Moskva xilas etmişdi. Bəs, nə oldu? Nə dəyişdi? Niyə əldən verdik? Niyə itirdik? Məgər itirmək üçünmü qazanmışıq?!

Bu da qələbədən sonrakı məğlubiyyət...

Bəli, məğlubiyyət! Özü də təkcə siyasi yox, həm də iqtisadi məğlubiyyət! İndi – üstündən 45 il keçəndən sonra qalib ölkənin də iqtisadiyyatına baxın, məğlub ölkənin də... Heç müqayisə aparmağa dəyməz. Yadıma çox sevdiyim, şəxsiyyətinə, sənətinə, səsinə və nəğməsinə pərəstiş etdiyim Vladimir Vısotskinin həyat yoldaşı Marina Vladinin «Vladimir, yaxud yarımçıq qalmış uçuş» kitabından bir epizod düşür: Vısotski ömründə ilk dəfə olaraq Qərbə -Almaniya Federativ Respublikasına gedir. Özü də Qələbənin hansısa ildönümü ərəfəsində. Ölkəyə ayaq basan kimi, hər şeyi öz gözləri ilə görən kimi... uşaq təki hıçqırıb ağlayır. Marina səbəbini soruşur. Vladimir cavabında nə desə yaxşıdır: «Axı, müharibəni biz udmuşuq... Axı, hər şey əksinə olmalı idi..."

Mürsəl İRƏVANLI

P.S. Bu yazı 1990-cı il iyunun 16-da müəllifin imzası ilə "Sovetskaya Rossiya" qəzetində çap edilmişdir.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya