Saat:20:24
Haqqımızda

"Mediada intihar hadisələrinin işıqlandırılması yaxşı hal deyil" - GÜLNAR ORUCOVA

2022-08-17 14:42:00

"İnandırım sizi ki, özünə qəsd edən şəxslər həyatı daha çox sevən insanlardır"

Hər il dünyada orta hesabla 800 min insan intihar edir, o cümlədən 67 min yeniyetmə özünə xəsarət yetirərək dünyasını dəyişir. Dünyada hər 40 saniyədən bir hansısa şəxs intihar haqqında qərar verir və ya intihar edir. İntihar hallarının 60%-i yaz-yay aylarında baş verir. Hesab edilir ki, intiharın əsasını, yəni 70%-ni depressiya təşkil edir. İntihar baş verdikdən sonra onun səbəbləri haqqında söylədiklərimiz yalnız mülahizələr və ehtimallar ola bilər. Dəqiq səbəbləri isə intihar baş verməmişdən əvvəl, bu yola doğru irəliləyərkən müəyyən etmək və ona qarşı lazımi tədbirlər görmək olar. Bunun üçün həm ailə, həm də müvafiq qurumlar öz üzərlərinə düşən vəzifəni lazımınca yerinə yetirməlidirlər.

Mürəkkəb psixoloji vəziyyətlərlə üzləşən insanların yardım məqsədilə dəstək xidmətlərinə müraciət üsulları təsvir edilməlidir. Maraqlı faktlardan biri də odur ki, ayrı-ayrı millətlərin öz intihar üsulları var. Ruslarda özünü asmağa, ingilislərdə zəhər udmağa, italyanlarda və amerikalılarda silahdan istifadə etməyə üstünlük verilir. Azərbaycanda intihar hadisələri əsasən özünü asmaqla baş verir. Son dövrlər məlum olduğu kimi, intihar etməyə cəhd göstərənlər özlərini atmağa da üstünlük verirlər. Qeyd edək ki, hər ilin sentyabr ayının 10-da “İntihara qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur.

Beləliklə, "İntiharların sayı niyə artır? İnsanlar niyə intihar edir? Problemin kökündə nə dayanır?" və bu kimi digər suallarla müraciət etdiyimiz psixoloq Gülnar Orucova "Hürriyyət"ə açıqlamasında bildirdi ki, son zamanlar intihar hadisələrinin sayı artıb və daha gənc yaşlara təsadüf edir: "Əvvəllər biz 11, 12, 13 yaşlı yeniyetmələrin intihar hadisələrinə heç rast gəlmirdik. Amma bu gün 11 yaşında intihar edən uşaqlar belə, var. Bəzi media nümayəndələrinin bu cür hadisələri sosial şəbəkələrdə dəfələrlə paylaşması heç də yaxşı hal deyil. Çünki belə olan halda, insanları maarifləndirmək əvəzinə tam tərsi baş verir. İnsanların gözündə intiharı kiçildirlər və səbəblərini yazırlar, universitetə girmədi intihar etdi, sevgilisindən ayrıldı intihar etdi və s. Gənclərin beyninə kodlamağa başlayırlar ki, əgər universitetə daxil ola bilməsən, valideynlərin səni danlayarsa intihar edə bilərsən. Çox zaman elə bilinir ki, intihar edə bilən insanlar həyatı sevməyən insanlardır. Amma inandırım sizi ki, özünə qəsd edən şəxslər həyatı daha çox sevən insanlardır. Onlar həyatı o qədər sevirlər ki, daha böyük işlərə imza atmaq istəyirlər, lakin bunlar alınmayanda isə məyus olurlar".

Psixoloq hesab edir ki, bu cür insanların iradəsi zəif olduğu üçün intiharı seçirlər: "Məsələn, bu gün sosial şəbəkələrdə, FHN-də o, qadınların hamısının intim videoları yayıldı. Bu görüntülər yayıldı, əslində biz bilmirik ki, bundan sonra neçə nəfər intihar edəcək, neçə nəfərin ailəsi dağılacaq. O, xanımlar kiminsə anasıdır, kiminsə bacısıdır, kiminsə gəlinidir. Yəni ki, burada, biz cəmiyyət olaraq bəzən elə bir hadisələri sosiallaşdırırıq ki, bu hadisələrin içindən də intiharlar yaranır. Onu da qeyd edim ki, intihar hadisələrinin son zamanlar uşaqlar və yeniyetmələrin arasında yayılması əslində sevgi, diqqət əksikliyindən, valideyn qayğısızlığından yaranır. Valideyn övladına o qədər çox sevgi bəxş etməlidir ki, övladı başqa yerdə sevgini axtarmasın və yaxud kimsə sevgi etirafı edib həyatından çıxırsa düşünməməlidir ki, bununla da hər şey bitdi. Bu gün gənclərin intihar səbəbini bəzən ailələrdə axtarıram. Aydındır ki, valideyn əziyyət çəkir, övladını hazırlığa qoyur, amma "ali məktəbə qəbul ola bilməsən get özünü öldür" kimi ifadələr gərəksizdir. Hər bir valideyn istəyir ki, övladı universitetdə oxusun, amma təəssüf ki, hər universitet bitirən şəxs həyatda uğura imza ata bilmir. Bütün bunları nəzərə alsaq, gənclərə psixoloji təsir etmərik. Bəzən biz ailələr gənclərə psixoloji şiddət göstəririk, intihar edəndə isə səbəbini başqa yerlərdə axtarırıq, yəni ki, günahımızı boynumuza götürmək çox çətin bir məsələdir".

Qeyd edək ki, istənilən ən çətin anda belə düşünmək lazımdır ki, intihar çıxış yolu deyil. İntihar etmək istəyən insan bir anlığa gözünün önündə öz intiharından sonra sevdiklərinin əzabını, sonsuz kədərini və bir daha bərpa ola bilməyəcək həyatını gətirməlidir. Onu da nəzərə almaq lazımdır ki, həyat problemlərlə də gözəldir. Odur ki, intihara yox deyin!

Nərmin Məmmədli,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR