Saat:12:58
Haqqımızda

“Media qanunu peşəkarlar arasında müzakirə olunmalıdır” - ELÇİN ŞIXLI

2021-07-13 10:41:00

“Media qanunu peşəkarlar arasında müzakirə olunmalıdır” - ELÇİN ŞIXLI

“Gizlədilən və şəffaf olmayan şey həmişə etiraz doğurur...”

“Jurnalist rüşvətxor olmur, jurnalist qapı-qapı gəzib dilənmir, jurnalist heç kimə hədə-qorxu gəlmir, jurnalist adam olmalıdır, adam olmayandan jurnalist çıxamayacaq...”

Medianın İnkişafı Agentliyinin “Kütləvi İnformasiya Vasitələri haqqında” yeni qanun layihəsini qapalı şəkildə müzakirə etməsi birmənalı qarşılanmır. Məsələn, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev qurumun rəhbəri Əhməd İsmayılova müraciət etdi, ardınca isə bir qrup media nümayəndəsi “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun layihəsinin ictimai müzakirəyə çıxarılması ilə bağlı bəyanat yaydı. Bunun ardınca, media ekspertləri Arif Əliyev və Qulu Məhərrəmli “Hürriyyət”ə müsahibəsində media haqqında qanun layihəsinin gizli müzakirəsinin doğru qərar olmadığını vurğuladılar.

Əlbəttə, “4-cü hakimiyyət”i tənzimləyəcək olan yeni qanun layihəsi ölkədə söz azadlığı və azad mediaya dair bir sıra hüquqlar baxımından mühüm əhəmiyyət kəsb edir. Odur ki, “Hürriyyət” olaraq, tanınmış media ekspertlərinin fikirləri, onların “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun layihəsi haqda təklifləri ilə oxucularımızı tanış etməyi davam etdiririk. Beləliklə, budəfəki müsahibimiz media eksperti Elçin Şıxlıdır.

 

- Elçin bəy, “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər var. Medianın İnkişafı Agentliyinin qapalı müzakirələrinə ictimaiyyətin narazılığı, eləcə də bir sıra media ekspertlərinin və müstəqil jurnalistlərin bu qanun layihəsinin ictimai müzakirəyə çıxarılması tələbləri ifadə olundu. Bununla bağlı siz necə düşünürsünüz?

-“Turan” İnformasiya Agentliyi medianın başında gedən, ən güclü və peşəkar strukturlardan biridir və Mehman Əliyevin müraciəti ilə tanışam. Gözəl də məktub yazıb.

- Bu barədə fikirləriniz nədir?

- Bir şey söyləyim. Deyilir ki, qapalı müzakirələr gedir. Müzakirədirsə, bu qapalı ola bilmir. Qapalı ancaq bir adam ola bilir. İki adamdırsa, artıq müzakirədir. Onda bunu qapalı adlandırmaq mümkün deyil.

O ki qaldı ictimaiyyətin müzakirəsinə vermək, bu, tamam başqa şeydir. İkincisi, “ictimaiyyət” deyəndə, mən ancaq peşəkar jurnalistləri nəzərdə tuta bilərəm. Çünki ictimaiyyətin mediadan və ümumiyyətlə jurnalistikadan peşəkar səviyyədə başı çıxmır. İctimaiyyət ancaq onun istifadəçisidir. Qəzetlərin, saytların, televiziya və radionun. İstifadəçinin fikri bu halda peşəkar hansısa bir qanuna, yaxud peşəkar bir normaya nümunə ola bilməz. Çünki o adamın ondan başı çıxmır. Mən, məsələn, neft sahəsində necə gedim geoloqa deyim ki, buradan qazma, oradan qaz?! Mən də ictimaiyyətəm.

- Aydındır. Bəs, qanun layihəsinin geniş müzakirəyə çıxarılması ilə bağlı təkliflərə münasibətiniz necədir?

- Mən etiraz etmirəm, müzakirə olmalıdır, sadəcə auditoriyanın peşəkar olmasının tərəfdarıyam. Siz parlamentdən keçən, qəbul olunan hansısa bir qanunun ictimai müzakirəsinin şahidi olmusunuz?

-Olmamışam.

-Deməli, bu da olmayacaq. Yəni çox sadəlövh olmaq lazım deyil.

-Bəs, sizcə, “Kütləvi İnformasiya Vasitələri haqqında” yeni qanun layihəsini qapalı müzakirəsi cəmiyyətə və azad medaiya müsbət və mənfi mənada hansı sürprizləri vəd edir?

- Mən sizinlə razıyam, qanunda müəyyən istisnalar olur, qapanmalar olur. Çərçivələr daraldılır, çərçivələrin daraldılmasının tam əleyhinəyəm. Məsələn, qanunun içində tam dəqiq nə var, onun bilmirəm. Cümləbəcümlə oxusaydım, ola bilsin deyərdim ki, bu ifadəni belə yox, belə yazsaq daha yaxşı olar. O hüquqi tərəfləridir, burada da media hüquq eksperetləri var ki, onlar daha dəqiq bilirlər. Məsələn, hansısa bir maddə ola bilər ki, deyərlər, filan şey belə edilməlidir, mən də deyərəm ki, nə gözəl maddədir, qəbul edək. Çünki mən jurnalistəm. Amma hüquqşünas, media eksperti deyəcək ki, olmaz, ona görə ki, Konstitusiyanın filan bəndinin, filan maddəsinə uyğun gəlmir. Mən onu nəzərdə tuturam. İndi sizinlə, məninlə müzakirə edək, deyək ki, bu bənd yaxşıdır, bu bənd pisdir... Amma hüquqşünas baxan kimi deyəcək ki, siz unudursunuz ki, misal üçün, bu, reklam haqqında qanunun filan bəndinə uyğun gəlmir. Onda gərək orada da dəyişiklik olunsun, bu maddəni bu şəkildə qəbul etmək olmur. Bu, çox mürəkkəb və incə bir prosesdir və mən düşünürəm ki, media qanununun təbii ki, müzakirəsi lazımdır, amma peşəkarlar arasında müzakirəsi lazımdır. Parlamentə gedəndə, parlamentdəkilər də jurnalist deyillər axı, bir-iki dənə cümlə, imza səhvi tutacaqlar, yaxud kimsə onlara deyəcək ki, bu bizim əleyhimizədir, yaxud xeyrimizədir, bu gedişatla də 25 qanunla bir sırada bu qanun da qəbul ediləcək.

- Bütün dünya dövlətlərinin azad informasiya cəmiyyətinə keçdiyi dövrdə Azərbaycan mediasının müəyyən məhdud, çərçivəyə salınması bizə nə vəd edir?

-Bilirsiniz, texnoloji cəhətdən istəyirsiniz qanunda yazın, istəyirsiniz yazmayın, indi texnologiyalar elədir ki, sabah da elə yeni şeylər çıxacaq, elə platformalar yaranacaq ki, heç bir qanun onun qabağında dura bilməyəcək. Bitdi getdi.

-Bəs, sizcə, azad medianın azad cəmiyyətə gedən yolda rolu hansı miqyasdadır?

-Onun rolu odur ki, gərək dürüst olasan, düzgün yazasan və cəmiyyət də sənin kim olduğunu düzgün anlaya. Belə deyək də, bizdə indi minlərlə sayt var. Orada işləyən bir o qədər də adam var, amma onların peşəkarlığını yoxlasan yüz adam ortalığa gələr ya gəlməz.

- Sizcə, peşəkarlıq məsələsi qanunda öz həllini necə taps bilər?

- Qanunla peşəkarlıq həll olunmur.

-Bəs, bu məsələni necə tənzimləmək mümkündür?

-Peşəkar peşəkar olur. Peşəkar jurnalistlərin məktəbi olur, onların etik kodeksi var, davranış kodeksi var, onlar ona tabe olurlar. Jurnalist rüşvətxor olmur, jurnalist qapı-qapı gəzib dilənmir, jurnalist heç kimə hədə-qorxu gəlmir, jurnalist adam olmalıdır, adam olmayandan jurnalist çıxamayacaq.

- Qəzet və saytların dövlət tərəfindən maliyyələşdirilməsi haqda hansı fikirdəsiniz? Ümumiyyətlə, bu metodun alternativini görürsünüzmü?

-Mən şərait yaradılmasının tərəfdarıyam. Dəfələrlə bu misalı çəkmişəm, indi bir də çəkirəm - balıqçıya balıq vermək lazım deyil, balıqçıya balıq tutmağı öyrətmək lazımdır. Bundan ötrü şərait yaradılmalıdır. Bunu dövlət və hökumət yarada bilər və “mediaya dəstək” deyəndə biz o şəraitin yaradılmasını nəzərdə tuturuq. İndi bunun da ola bilsin ki, ilk addımlarından biri kimi yeni qanunun işlənib hazırlanması nəzərdə tutulur. Bizim heç birimizin həmin qanunun içində cümləbəcümlə nə olduğundan xəbərimiz yoxdur, amma etiraz edirik. Biz bəlkə də onu oxuyandan sonra deyəcəyik ki, heç etiraz etməyinə dəyməzdi. Amma bunu çətin ağlım kəsir, çünki gizlədilən və şəffaf olmayan şey həmişə etiraz doğurur. Mən belə düşünürəm ki, həmin qanunu parlamentə verməzdən əvvəl peşəkar jurnalistlərin və media ekspertlərinin çərçivəsində müzakirəsini təşkil etmək lazımdır, yəni bir, ya iki gün əvvəldən bilənlərə göndərilsə, deyilsə ki, 50-100 nəfər yığışırıq, bu qanunu bənd-bənd, cümlə-cümlə müzakirə edəcəyik, ondan sonra da məqbul olanları qəbul edək, həmin qanuna da düzəliş edirsən, yalnız bundan sonra da hüquqi ekspertizadan keçirəndən sonra onu təqdim edirsən parlament. Parlament komissiyaları da onu oxuyurlar, müzakirə edirlər və nəhayət təsdiqə çıxarırlar.

- Sizcə, maliyyə müstəqilliyi qanunda öz əksini hansı formada tapmalıdır ki, dövlətdən asılılıq azalsın?

- Maliyyə müstəqilliyi haqda nə kimi bəndlər varsa, yəni sahibkarlıq fəaliyyətinə aid qanunlarımız var, onlarda ölkənin qanunları nədirsə ona uyğun hərəkət olunur. Reklam haqqında qanun, MMC-lər haqda qanunlar var. Tək bir qanunla heç nə həll olunmur və biznes strukturlarına aid bütün qanunlar buna da aid olunmalıdır. Yəni aid olunur. ƏDV var, digər xidmət göstəririk, yaratdığımız kontentdə məhsul istehlakçı tərəfindən alınır və işlədilirsə, bu, o deməkdir ki, bizim işimiz biznesdir. İnformasiya əllə toxunula bilməyəcək, lakin ən bahalı məmulatdır. Bunu biz başa düşməliyik, çünki informasiyan düzgün olmayanda sən səhv qərarlar qəbul edirsən, biznesmensənsə işin batır, iflasa uğrayırsan, siyasətçisənsə ölkəni düzgün yönəltmirsən, biabırçılıq olur.

-Sizcə, media orqanları üçün hazırkı biznes mühiti nə qədər effektivdir?

-Bizdə ölkədə qaunlara  tam riayət olunsaydı, nidi sizinlə bu barədə söhbət etməzdik. Bizdə probelm ondan ibarətdir ki, qəbul olunan qanunlar kifayət qədər normaldır. İntəhası, onların icrası bərbaddır.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR