Mədəniyyət Nazirliyi Kukla Teatrında yoxlamalar aparır - YENİLƏNİB

2022-11-22 11:34:00

Mədəniyyət Nazirliyi Kukla Teatrında yoxlamalar aparır - YENİLƏNİB

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabe qurumların fəaliyyəti yoxlanılır, aşkar edilən nöqsanlarla bağlı müvafiq tədbirlər görülür”.

Bu barədə Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Kukla Teatrında aparılan araşdırmalarla bağlı musavat.com-un sorğusuna cavab olaraq bildirib. Həmçinin qeyd olunub ki, nazirliyin tabeliyində fəaliyyət göstərən teatrlarda da yol verilən pozuntu hallarına dair nazirliyə müraciətlər daxil olub və bu barədə mediada da məlumatlar yayılıb:

“Bununla bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmri əsasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb. Xidməti araşdırmanın nəticələri barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək”.

***

Mədəniyyət Nazirliyinin Azərbaycan Dövlət Kukla Teatrında yoxlamalara başladığı haqda məlumat yayılıb. Məlumatda bildirilir ki, noyabrın 18-dən etibarən nazirliyin yoxlama komissiyası teatrda bir sıra araşdırmalar aparır.

İddialara görə, yoxlamalara səbəb bir neçə gün öncə teatrın nəzdində “Oyuq” teatr studiyasının rəhbəri, rejissor Səidə Haqverdiyevanın “Nazirlik əməkdaşı dedi ki, teatrda kasıbın nə işi, ora varlılar üçündür” başlıqlı qalmaqallı müsahibəsi olub.

Qaynar.info-da dərc olunan müsahibədə S.Haqverdiyeva qeyd edib:

“Hardasa keçən il bu vaxtlar idi. Dəqiq desəm, dekabr ayının 29-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 90 illik yubileyinə gələn mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev kollektiv qarşısında çıxış edərək, biletin qiymətindən narazılıq etmişdi. O hesab edirdi ki, biletin qiyməti təcili qalxmalıdır. Teatrın direktoru Rəşad Əhmədzadə isə etiraz etdi! Bildirdi ki, pandemiyadan yeni çıxdığımız üçün camaatın sosial-maddi vəziyyətini nəzərə almalıyıq. Çətin dövrdən çıxmış əhali üçün qiymət artımı yaxşı fikir deyil. Belə olduqda maddi imkanları məhdud ailələr uşaqlarını teatra gətirə bilməyəcəklər. Rəşad Əhmədzadənin bu sözləri Elnur Əliyevin xoşuna gəlmədi və bu fikirlə razılaşmadı. Həmin görüşdən sonra teatrın illik plan proqnozu 50 faiz artırıldı.

Sevda Sultanova da həmin gün Mədəniyyət Nazirliyinin teatr sektorunda məsləhətçi vəzifəsində çalışan Emin Əliyevlə söhbət edərək, Rəşad Əhmədzadə ilə həmfikir olduğunu deyib. Emin Əliyev də cavabında deyib ki, kasıb uşağının teatrda nə işi, teatra varlı uşaqları getməlidir. Ona görə də biletlər qalxmalıdır...”

Məsələyə aydınlıq gətirmək üçün musavat.com olaraq Azərbaycan Dövlət Kukla Teatrı ilə əlaqə saxladıq. Teatrın mətbuat katibi Həmidə Rüstəmova bu barədə yalnız Mədəniyyət Nazirliyinin müvafiq qurumunun açıqlama verə biləcəyini dedi. Nazirlikdən isə bildirildi ki, sorğumuz tezliklə cavablandırılacaq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.221029