Saat:18:47
Haqqımızda

MƏDƏNİYYƏT NAZİRİNƏ TUTARLI CAVAB VERMİŞDİ... - Əhsən Rəhmanlı Ramiz Mirzəyev haqda yazır

2022-08-10 12:03:00

MƏDƏNİYYƏT NAZİRİNƏ TUTARLI CAVAB VERMİŞDİ... - Əhsən Rəhmanlı Ramiz Mirzəyev haqda yazır

Belə insanlara gözütox, alicənab, el arasında sadə dildə çörəkverən deyilir. Şəxsən mən onu tanımamış və heç zaman əlaqədə olmamışam. Lakin XXI əsrdə onun xeyirxahlığı, mərdliyi haqqında cəmiyyətdə fikirlər eşitmişəm. Xüsusilə ölkəmizə neft sənayesindən gələn gəlirlərdən bizim milli musiqiçilərə, rəqs sənətçilərinə də xərclənməsi, onların müəyyən qədər təminatına şərait yaratması məndə ona qarşı dərin rəğbət yaratdı. Düzdür, əvvəl tamam başqa fikirdəydim ki, sənət adamlarına xarclənən vəsait “Azərneftyağ” İstehsalat Birliyi əməkdaşlarının maaşının artırılması üçün xərclənsəydi daha yaxşı olardı. Lakin yadıma düşəndə ki, ölkəmizdə müəyyən maaş həddi, məvacib qədəri var, ondan artıq zəhmətkeşlərə zəhmət haqqı ödənməsinə yuxarıdan icazə verilmir, R.Mirzəyevin bu hərəkətindən razı qaldım. Ölkənin sərvətindən gələn vəsaiti məmurlar o qədər məninsəyib dağıdıblar ki... Ramiz bəy isə belə gəlirlərin müəyyən qədərini sənət adamlarna xərcləyib. Xatirələrdə yaşayıb adı hörmətlə çəkilən bu insanın haqqında məlumatı vikipediyadan götürdüm.

Mirzəyev Ramiz Şəmşəd oğlu 1954-cü il okyabrın 27-də Tovuz şəhərində anadan olub. 1972-ci ildə Tovuz şəhər orta məktəbini bitirib və həmin il Azərbaycan Politexnik İnstitutunun "radiotexnika və radiorabitə" fakültəsinin əyani şöbəsinə daxil olub. 1977-ci ildə institutu bitirərək radio rabitəsi və radio verilişi üzrə mühəndis ixtisası alıb. 1977-ci ilin sentyabr ayından 1980-ci ilin yanvar ayınadək Respublika Rabitə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

1980-ci ilin yanvar ayından 1986-cı ilin aprel ayına qədər SSRİ Qaz Sənayesi Nazirliyinin "Azqaznəql" İstehsalat Birliyində böyük mühəndis, böyük mühəndis qrup rəhbəri, mənzil-məişət və kadrlar şöbəsinin rəisi vəzifələrində, 1986-cı ilin aprel ayından 1988-ci ilin may ayına kimi Azərbaycan SSR Dövlət Qazlaşdırma Komitəsi "Azqaztəmirtikinti" ixtisaslaşdırılmış təmir-tikinti trestinin "istehsal-texnoloji komplektləşdirmə" idarəsində baş mühəndis, rəis vəzifələrində, 1988-ci ilin may ayından 1997-ci ilin iyun ayına qədər Azərbaycan Dövlət Qazlaşdırma Komitəsi, 2 yanvar 1989-cu il tarixindən Azərbaycan SSR Dövlət Yanacaq Komitəsi, 3 sentyabr 1992-ci il tarixindən "Azəriqaz" Dövlət Şirkəti maye qazın istehsalı və ixracı üzrə istehsalat birliyində rəis müavini, rəis, 5 may 1995-ci il tarixindən isə maye qaz üzrə istehsalat birliyinin baş direktoru vəzifəsində işləyib.

Bir 1 nəfər şəkili ola bilər

1997-ci ilin iyun ayından etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərneftyağ" İstehsalat Birliyinin baş direktoru, 31 mart 2003-cü il tarixindən 26 avqust 2006-cı il tarixinə qədər "Azərneftyağ" zavodunun direktoru vəzifəsində çalışıb. 2006-cı ilin avqust ayından etibarən Azərbaycan Respublikası Sənaye və Energetika Nazirinin müavini vəzifəsində çalışırdı.

29 dekabr 2003-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib. 1993-cü il fevralın 23-dən Yeni Azərbaycan Partiyasının üzvü olub. Partiyanın İdarə Heyətinin üzvü, YAP-ın Xətai rayon təşkilatının sədri idi. 1997-ci ildə Azərbaycan Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olub və 2000-ci ildə bitirərək hüquqşünas ixtisasına yiyələnib.

1999-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının "Biznesin İdarə Olunması" istiqaməti üzrə ixtisaslaşdırmaya daxil olub və 2001-ci ildə ümumi təyinatlı biznesin idarə olunması ixtisaslaşması üzrə magistr dərəcəsi alıb.

Bir 2 nəfər, musiqi alətlərində ifa edən insanlar və içəridə şəkili ola bilər

2000-ci ildə Azərbaycan Universitetinin hüquqşünaslıq istiqaməti üzrə ixtisaslaşdırmaya daxil olub və 2002-ci ildə beynəlxalq hüquq ixtisaslaşması üzrə magistr dərəcəsi alıb. Beynəlxalq Ekoenerji Akademiyasının 7 may 1999-cu il tarixli qərarı ilə Akademiyanın elmlər doktoru, 11 fevral 2000-ci il tarixli qərarı ilə akademiki, Azərbaycan Respublikası Ali Attestasiya komissiyasının 14 fevral 2003-cü il tarixli qərarı ilə texnika elmləri namizədi alimlik dərəcələrini alıb.

Nyu-York Elmlər Akademiyasının 2003-cü ilin sentyabr ayında qəbul edilmiş qərarı ilə akademiyanın üzvü seçilib.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyasının 30 iyun 2006-cı il tarixli qərarı ilə texnika elmləri doktoru alimlik dərəcəsini alıb.

50-dən artıq elmi əsərin müəllifidir. Azərbaycan "Bilik" Maarifçilik Cəmiyyətinin 29 dekabr 1999-cu il tarixli qərarına əsasən Yusif Məmmədəliyev adına mükafat və medalla, 22 dekabr 2003-cü ildə "Milli sənaye üçün həvəsləndirmə cəmiyyəti" tərəfindən "Napaleon" medalı ilə, 11 aprel 2004-cü ildə "Qızıl Fortuna" Beynəlxalq Akademik Reytinqi tərəfindən IV dərəcəli "Şərəf. Şöhrət. Əmək" Georqiyev medalı ilə, 18 noyabr 2005-ci ildə "Azərbaycan Həmkarlar İttifaqının 100 illiyi" yubiley medalı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 18 sentyabr 2002-ci il və 15 sentyabr 2004-cü il tarixli qərarları ilə ARDNŞ-nin fəxri fərmanları və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 18 sentyabr 2003-cü il tarixli qərarı ilə AHİK-in fəxri fərmanı ilə təltif edilib. Ölkənin ictimai-siyasi həyatında xüsusi fəallıq göstərib.

30 oktyabr 2007-ci ildə xərçəng xəstəliyindən vaxtsız dünyasını dəyişən, bir evdən, bir eldən yox, Azərbaycandan gedən, ictimai xadim və təvazökar insan Ramiz Şəmşəd oğlu Mirzəyin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Bir 3 nəfər, ayaqüstə duran insanlar və musiqi alətlərində ifa edən insanlar şəkili ola bilər

R.Mirzəyev Azərbaycan incəsənəti və musiqi mədəniyyətinə bağlı olaraq bu sahəni sevir və çiçəklənməsinə çalışırdı. Əbəs deyil ki, onun təşəbbüsü, xeyir-duası, xalq artisti, tarzən Fikrət Verdiyevin təçkilatçılığı ilə 2000-ci ildə “Azərneftyağ” İstehsalat Birliyinn Qara şəhərdəki Mədəniyyət Sarayında “Neftçi” mahnı və rəqs ansamblı yaradılmışdı. Ansamblın fəaliyyəti 2009-cu ildə dayandırılmışdır. “Neftçi” mahnı və rəqs ansamblında tarzən Fikrət Verdiyev bədii rəhbər, qarmonçalan, əməkdar artist Etibar Qasımbəyli (1957-2020) musiqi rəhbəri idi. Az sonra E.Qasmbəyli ansambldan getmiş, heyət üzvlərinin təklifi, xahişi ilə onun yerinə virtuoz qarmon ifaçısı, bəstəkar, aranjemançı, ansambl işini dərindən bilən Xanlar Cəfərov (1956-2020) dəvət olunmuşdu. Burada ciddi yaradıclıq işi başlanmışdı.

Ansambl ilə işləmək, yaradıcılıq məsələləri, musiqi nümunələrinin hazırlanıb araya-ərsəyə gətirilməsi və aranjeman işləri istedadlı qarmonçalan Xanlar Cəfərovun (1956-2020) üzərinə düşürdü. Məşqlər “Neft-yağ” zavodunun mədəniyyət sarayında şənbə-bazar istisna olmaqla həftədə 5 gün, saat 11.00-dan 14.00-a qədər, bəzən isə daha çox davam edirdi. Ansambl üzvlərinə “Azərneftyağ” İstehsalat Birliyinin vəsaiti hesabına yaxşı maaş verilirdi. Birliyin sədri Ramiz Mirzəyev musiqsevər, əsl vətənpərvər olaraq ansambla cəlb olunanların yaxşı yaşamasına, onların öz istedad və bacarıqlarını layiqli şəkildə göstərə bilməsinə, hər kəsin sənətdə öz yerini tapmasına çalışırdı.

Bir 7 nəfər, ayaqüstə duran insanlar, musiqi alətlərində ifa edən insanlar və içəridə şəkili ola bilər

Ramiz Mirzəyevin təşəbbüsü yaxşı nəticə vermiş və xeyli uğurlara imza atılmışdı. Burada həqiqətən yüksək səviyyəli, nümunəvi instrumental ansambl yaradılmışdı. Ansamblın tərkibinə istedadlı, ən bacarıqlı musiqiçilər cəm olunmuşdu. Heyətin tərkibində Əliağa Sədiyev (tar), Vidadi Paşayev, Xəyyam Məmmədov (kamança), Yasəf Eyvazov (ud), Hakim Abdullayev, Qulammirzə Mirzəyev (klarnet), Zülfiyyə xanım (piano), Xədicə xanım (qanun), Malik Paşayev, Ceyhun (sintezator), Gülağa Quliyev, Elşad Şəkili (nağara), Hamlet Hacımirzəyev (qoşanağara), Tofiq, Kamil Mustafayev (skripka) və daha altı nəfər skripkaçı, Şirzad Fətəliyev (balaban), Nazim (violençel), Coşqun Sadıqov (milli nəfəs alətləri) da var idi.

Müğənnilər-Könül Xasıyeva, Aygün Bayramova, Rövşən Behcət, Zahid Quliyev, Feyruz Səxavət, Nəzakət Teymurova, Almaz Orucova, Teyyub Aslanov, Samir Cəfərov, Səbuhi İbayev, Əyyub Aslanov, Cabir Abdullayev, Babək Niftəliyev, İlkin Əhmədov və Ehtiram Hüseynov “Neftçi” ansamblının solisti olublar.

Ansamblın repertuar tərtibində, kompozisiya və aranjeman işlərində Xanlar Cəfərovun həqiqətən böyük rolu vardı. Onun işləyib ortaya qoyduğu “Rast rəngi” və “Rahab rəngi” də konsertlərdə səslənərək repertuar rəngarəngliyi yaradır və tamaşaçı alqışları qazanırdı. Konserlər və müəyyən tədbirlər üçün muğam dəstgahları üzərində yaradıcılıq işləri aparılır və kompozisiya formasında meydana çıxarılırdı. Belə işlərdə də X.Cəfərovun yaradıcılıq fantaziyası öz işini görürdü. Muğamların şöbə və guşələri, təsniflər ansamblın xanəndələri arasında bölünürdü. Bəzən təsniflərin və ya xalq mahnılarının, “Qarabağ şikstəsi”nin son frazasını xanəndələr xor şəklində oxuyurdular.

Bir 2 nəfər və musiqi alətlərində ifa edən insanlar şəkili ola bilər

“Neftçi” ansamblı bəstəkarlar və şairlərin yaradıcılığını özündə ehtiva edən tədbirlər üçün də gözəl proqramlar hazırlayırdı. Tədbirlər məzmun və mahiyyətindən, ssenarisindən asılı olaraq İstehsalat Birliyinin mədəniyyət sarayında və yaxud da həmin sarayla üzbəüz yolun o biri tayındakı restoranda keçirilirdi. Hər ayın əvvəli və sonunda həmin restoranda ədəbi-bədii gecələr və məşhur yaradıcı adamların yubileyləri olurdu. Qonaqlar, tamaşaçılar dəvətnamə vasitəsilə cəlb olunurdular.

“Neftçi” mahnı və rəqs ansamblının filarmoniyada, H.Əliyev sarayında, əyalətlərdə, cəbhə bölgələrində, ölkəmizdə fəaliyyət göstərən bütün televiziyalarda zəngin proqramlarla konsertləri olurdu.. Xanəndə Zahid Quliyevin tələbə yoldaşları olmuş, Moskvada yaşayıb iş adamı kimi çalışanların dəvətilə Rusiyanın paytaxtında “Neftçi” ansamblının bir neçə günlük konsertləri təşkil olunmuşdu.

Afinaya səfərdə ansamblın tərkibində müğənnilərlə birlikdə Aygün Bəylər də oxumuşdu. Almaniya səfərində isə heyətin tərkibinə Gülüstan Əliyeva da əlavə edilmişdi.

Bir 3 nəfər, musiqi alətlərində ifa edən insanlar və içəridə şəkili ola bilər

Ramiz Mirzəyevin təşəbbüsü ilə Tovuz rayonu zəhmətkeşləri ilə, bir zamanlar onun oxuduğu məktəb kollektivi ilə görüş təşkil olunmuş, onun sinif yoldaşları, ziyalılar, müxtəlif peşə adamları toplanmış və “Neftçi” mahnı və rəqs ansamblının çox möhtəşəm konsertləri keçirilmişdi.

Ansambl dövlət konsertlərində də çıxış edirdi. Belə konsertlərin birində ölkə başçısı cənab Heydər Əliyev sonda incəsənət işçiləri ilə görüşüb söhbət aparanda “Neftçi” ansamblı haqqında xoş sözlər söyləmişdi: “Diqqətlə, maraqla tamaşa etdim, dinlədim, çox xoşuma gəldi, bəyəndim, belə çıxış etmək lazımdır. Əsl ansambl belə olar. Bu xalis nümunədir”.

Türkiyədən gələn dövlət nümayəndələri üçün “Çülüstan” sarayında tədbir təşkil olunmuşdu. “Neftçi” mahnı və rəqs ansamblının çıxışı şedevrə çevrilmişdi. Bundan heç də xoşlanmayan Mədəniyyət Naziri Polad Bülbüloğlu Ramiz Mirzəyevə ironiya ilə demişdi: “Bu nədir, mini filarmoniya yaratmısınız?”. R.Mirzəyevin cavabı belə olmuşdu: “Bu sənətkarların hamısı nadir ifaçılardı, sizin sahənin işçiləridir, sizin kadrlarınızdır. Sahib çıxmırsınız, odur ki, onlara biz şərait yaradıb yaşadırıq”.

“Neftçi” mahnı və rəqs ansamblında quruluşçu baletmeyster vəzifəsində çalışmış Fərhad Vəliyev xalq və bəstəkar musiqisi əsasında kütləvi, duet və solo rəqs quruluşları hazırlamışdır. Misal olaraq “Qaytağı” (T.Quluyev), “Ceyranlar”, “Tovuz”, “Satıram” rep-rəqs (C.Quluyev, M.Ə.Sabirin sözləri), “Çağırış” (A.Əlizadənin “Babək” baletindən fraqment üzərində), “Qavalla rəqs” (F.Əmirov), “Dilşadı” (T.Dəmirov), xalq musiqisi üzərində “Qazaxı”, “Uzun dərə”, “Gövhərim” (bəstəkar mahnısı, şirinim şəkərim sən həyatımsan), “İspan” (ispan bəstəkarının oranjemanı ilə ispan xalq musiqisi) rəqslərini gəstərə bilərik. Onun quruluşları içərisində “Tufan” xüsusi yer tutur. Amerikada yaşayan Bejan adlı skripkaçının ifası üzərində qurulmuş rəqs iyirmi altı nəfər rəqqas və rəqqasəni əhatə edir. Oğlanlar ağ ayaqqabı, ağ köynək və qara şalvar, qızlar balet tamaşalarında və milli rəqslər üçün nəzərdə tutulan qara ayaqqabılar, qara şalvar, dizdən yuxarı, çiyinlərə qədər qolsuz müasir köynəklər geyiniblər. Bu möhtəşəm və qetri-adi rəqslə 3 dəqiqə yarım ərzində xeyli maraqlı, çətin, cəld rəqs hərəkətləri nümayiş etdirilmişdi. Möhtəşəmlik daxilində yığcam, lakonik fikirlər öz əksinin tapırdı.

“Neftçi” mahnı və rəqs ansamblında rəqs quruluşlarını və kompozisiyaları müşayiət edən sənətkarlar arasında nəfəs alətləri ifaçıları Qulammirzə Mirzəyev, Balaqardaş Sultanov, tarzən Vahid Bağırov, kamançaçalan Əli Bağırov, qarmonçalan Etibar Qasımbəyli, nağaraçalan Əli Əliyev, Gülağa Quliyev və başqaları olmuşdur.

Əhsən RƏHMANLI

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR