Saat:15:13
Haqqımızda

MAŞIN ALMAQ İSTƏDİ, BAŞINA GƏLMƏYƏN İŞ QALMADI... – Bərdə sakini Nazim Rustəmov: ““Quli” dedi ki, narahat olma, pulunu alıb verəcəyik, amma...”

2022-12-01 13:38:00

MAŞIN ALMAQ İSTƏDİ, BAŞINA GƏLMƏYƏN İŞ QALMADI... – Bərdə sakini Nazim Rustəmov: ““Quli” dedi ki, narahat olma, pulunu alıb verəcəyik, amma...”

Bərdə rayonu, Birinci Qazaxlar kənd sakini Rustəmov Nazim Fazil oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət  məktubu daxil olub. Nazim Rustəmov iddia edir ki, rayonun Kosalar kənd sakini Bağırov Bəxtiyar Saday oğlu onu aldadaraq, xeyli pulunu mənimsəyib.

Şikayətçinin sözlərinə görə, Xocalı qaçqını olan Bəxtiyar Bağırov ona qarşı dələduzluq edərkən özünü “jurnalist” kimi təqdim edib:

“O, maşın satırdı və mən satdığı maşınlardan birini aldım. Sonradan məlum oldu ki, maşının mühərrik nömrəsi səhvdir. Bu səbəbdən də maşını qaytarmaq qərarına gəldim. Lakin ona şikayətimi bildirdikdən sonra, gətirib mənə başqa bir maşını verdi və xahiş etdi ki, mühərri nömrəsi səhv olan maşını satana  kimi ona vaxt verim.

Təzə verdiyi avtomobil 1995-ci ilin istehsalı olan “Hyundai Accent” idi. Mənim aldığım “Daevo Espero” maşını apardı ki, satıb, pulumu gətirsin.

Sonra bildim ki, apardığı maşının bütün ehtiyat hissələrini, hətta təkərlərini belə söküb satıb. Bu hadisədən mənim xəbərim digər maşını da ona qaytardıqdan sonra oldu. Yəni “Hyundai Accent” markalı maşını apararkən dedi ki, onu sata bilməmişəm, aparım bu maşını satım, sənin pulunu gətirim. Razılaşıb, həmini maşını da verdim ki, satıb mənim pulumu gətirsin. Hətta bizi aldatdı ki, alıcı gözləyir, ver satım pulunu qaytarım.

Həmin gündən etibarən Bəxtiyar Bağırovu axtarıb tapa bilmirəm. Bərdə polis bölməsinə dəfələrlə şikayət etmişəm. Rəis müavini Əflatun müəllim Bəxtiyarın qohumu olduğuna görə, mənə dəyən zərər geri qaytarılmadan, işi bağladılar. İşə necə xitam verilibsə, artıq başqa hec bir orqan bu şikayətə baxmaq istəmir. Adını qoyurlar ki, işə baxılıb, xitam verilib.

Yaxın günlərdə Bərdə rayon polisinə yenə şikayət ərizəsi göndərdim. Cavab gəldi ki, Baş tədqiqatçı Fərid Hüseynov tərəfindən imtina verilib. Niyə, nədən, səbəbini hələ də tapa bilmirəm? Belə çıxır ki, polislə əlbir olub məni aldadıblar”.

Nazim Rustəmov deyir ki, polisə ardıcıl müraciətlərdən sonra özünü Qafarov Elmar Oruc oğlu kimi təqdim şəxs ona zəng vurub: “O, mənə dedi ki, maşını göndərırəm, şikaytini geri götür. Bundan sonra “evakuator”la maşının qalıq hissəsini Gəncədən göndərdilər. Daha sonra Elmar Qafarov məni təhdid etdi ki, şikayətini geri götür, bir də şikayət etmə, yoxsa səni “Quli”yə öldürtdürərəm. Soruşdum ki, “Quli” kimdir, dedi Abuzarov Allahverdidir. Biraz keçdi, həmin “Quli” deyilən şəxsi axtarıb tapdım, getdim yanına. Vəziyyəti izah etdim, dedi ki, narahat olma, pulunu alıb verəcəyik. Amma onlardan da bir kömək görmədim.

Bəxtiyar Bağırov

Çox təəssüflə deyirəm ki, bu işə baxan yoxdur. O, yalançı “jurnalist”in arxasında kimlər dayanıbsa, polis onlara bata bilmir. Xahiş edirəm, mənə kömək edən, pulumu qaytarsınlar”.

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevlə əlaqə saxladıq. E.Hacıyev məsələ ilə bağlı araşdırma aparılacağını və vətəndaşa köməklik göstəriləcəyini bildirdi.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR