Saat:15:53
Haqqımızda

Masallı polisi cinayəti etiraf edən oğruları niyə həbs etmir?

2022-05-24 13:35:00

Masallı polisi cinayəti etiraf edən oğruları niyə həbs etmir?

Cinayətkarların həbs edilməməsini görən rayon sakini Rusiyaya getməyə məcbur olub…

Masallı rayon Qəriblər kəndi sakini Cəbiyev Əlisafa Cankişi oğlu "Hürriyyət"ə müraciət edərək, 2020-ci il 26 may tarixində evinə daxil olan oğruların hələ də azadlıqda olduğunu bildirib. Bu azmış kimi, evə daxil olan oğrular ev sahibinə lom vasitəsilə ağır xəsarətlər yetiriblər. Hazırda həyat yoldaşıyla Rusiyada yaşayan 66 yaşlı şikayətçinin sözlərinə görə, Masallı rayon polis şöbəsi oğurluğu etiraf edən şəxsləri həbs etmir:

"2020-ci il mayın 25-də “Vaz 2107” maşınımı satdım. 26 may gecə radələrində oğru evimin pəncərəsini sındıraraq mənzilimə daxil olub. Səsə oyandım. Maskalı şəxs əlindəki lomu başıma vurdu. 64 yaşlı həyat yoldaşım Cəbiyeva Q.A tez bir zamanda qonşulara xəbər verdi. Onlar gələnə qədər lomdan yapışdım. Artıq taqətim qalmamışdı. Qonşuların səsini eşidən oğru lomu buraxıb qaçdı. Polisə zəng elədim. Təcili yardım gəldi. Başıma və ayağıma tikişlər atılıb. Elşad adlı əməliyyatçı mənə suallar verdi. Qonşular da xəbər eşidən kimi mənə dəyməyə gəlmişdilər. Həmin an Ağayev Ağali Azad oğlu uca səslə dedi: "Bu dayını kim bu hala salıb, onun başını kəsərəm". Əməliyyatçı Elşad Ağalini bu sözlərindən sonra götürüb şöbəyə apardı. Sonra mənə zəng edib sual verdi ki, Ağayev Vüsal Asif oğlunu tanıyırsan?... Bildirdim ki, bəli tanıyıram, o bizim qaz sayğacımıza baxan şəxsdir. İki-üç dəfə məndən 200-300 azn pul alıb. Mənə deyib ki, kreditim var, sonra qaytararam. Amma qaytarmırdı. Aramızda söz-söhbət olub. Hətta məni də hədələyib.

Əməliyyatçı Elşad dedi ki, oğrular tapılıb. Bildirdi ki, Ağayev Ağali boynuna alıb. O deyib ki, 3 nəfər - Ağayev Vüsal Vasif oğlu və Ağayev Nasir Asif oğlu ilə birgə oğurluq edib. Vüsal Ağayev polis şöbəsinə gətirilərək 10 saat saxlanılıb. Bir gün sonra mənimlə üzləşmə olub. O, öz “Mercedess” markalı maşınını sataraq işi bağlayıb.

2-ci dəfə rayon prokuroruna şikayət etdim. Maddəni dəyişib ağır xəsarət vurma ilə cinayət işi açıldı. Lakin heç bir nəticəsi olmadı. İşi aparan Şabala adlı istintaqçı işi bağlayırdı”.

Əlisafa Cəbiyev həyatı təhlükədə olduğu üçün ölkəni tərk etmək məcburiyyətində qalıb. O, məsələ ilə bağlı Prezident İlham Əliyevə, Daxili İşlər Nazirinə və Respublika baş prokuroruna müraciət edib: “Məsələylə bağlı cənab Prezident İlham Əliyevə, Daxili İşlər Nazirinə və Respublika baş prokuroruna müraciət etmişəm. Amma heç bir nəticəsi olmadı. Axırda məcbur olub, ölkəmi tərk etdim. Ona görə ki, oğrular həbs edilməyib, rahat gəzirlər. Mənim və həyat yoldaşımın həyatı təhlükədə idi. Səlahiyyətli qurumlardan xahiş edirik ki, bu məsələni araşdırsınlar cə cinayətkarlar layiqli cəzasını alsın. Biz öz Vətənimizə qayıtmaq istəyirik".

Şikayətçinin sözlərinə görə, şübhəli şəxslərdən biri olan Vüsal Ağayev Vasif oğlu Rusiyanın Narilski şəhərinə qaçıb: "Mənim işimi aparan polis rəisi Habil Əmiraslanovun müavini Anar adlı şəxs cinayət axtarışının rəisi Ülvi Abıyev özünü polis rəisi kimi təqdim edib mənə dedi ki, sən hara şikayət etsən cavablar mənə gələcək. Eşitdiyimə görə, polis rəisi Habil Əmiraslanov və müavini Anar adlı şəxs Tovuz rayonuna təyinat alıblar. Biz “Hürriyyət”ə şikayət məktubu ünvanladıq. Daha sonra Masallı rayonunun təzə polis rəisinin müavini mənim qohumumu bölməyə çağırıb deyib ki, Cəbiyev Əlisafaya de, şikayətini geri götürsün, yoxsa onun üçün yaxşı olmaz. Masallı polisini yaxşı başa düşürəm. Cinayətkar Vüsal Ağayev Vasif oğlu üç şəxsdən pul alıb və qaz idarəsinə işə düzəltmə adı ilə dələduzluq etmişdir. Mən sevindim ki, təzə gələn polis şöbəsinin rəhbərliyi onu həbs edəcəklər. Lakin əksinə oldu. Elə bir şərait yaratdılar ki, cinayətkar Vüsal Ağayev Rusiyanın Narilski şəhərinə qaçdı".

Məsələylə bağlı Daxili İşlər nazirliyi ilə əlaqə saxladıq. Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional qrupunun baş inspektoru Məhəmməd Rzayev "Hürriyyət"ə bildirdi ki, hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir:

"Həmin faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Lakin təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından cinayət işinin icraatı dayandırılıb. Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir".

PS. Bu hadisənin baş verməsi çox utancvericidir. Cinayəti etiraf edən şəxslərin həbs edilməməsi və bu günə kimi azadlıqda gəzməsi Azərbaycan qanunvericiliyinə tüpürmək deməkdir. Digər tərəfdən, cinayəti etiraf edən oğruların hələ də rahat gəzməsi zərərçəkmiş şəxsin həyatını da birbaşa təhlükə altında qoyur. Zərərçəkmiş ailənin həyatı təhlükə altında olduğu üçün ölkəni tərk etmək məcburiyyətində qalıblar. Ümid edirik ki, bu işdə əli olan şəxslər, eyni zamanda cinayəti etiraf edən oğruların buraxılmasında iştirak edən Masallı rayon polis əməkdaşları məsuliyyətə cəlb ediləcəkdir.

Ötən yazımızda qeyd etiyimiz kimi hadisə ilə bağlı 3 nəfər şəxs cinayəti etiraf edib. Görünür, həmin şəxslər nəyinsə müqabilində həbs edilməyib. Ümid edirik ki, cənab nazir Vilayət Eyvazov baş vermiş utancverici hadisəni birbaşa nəzarətinə götürəcək, eyni zamanda Azərbaycan polisinin adına ləkə gətirəcək addımlar atan əməkdaşların işdən azad edilməsi ilə bağlı göstəriş verəcək.

YƏHYA

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR