Maliyyə Nazirliyinin və icra hakimiyyətinin adından pul yığan kimdir? – Şok təfərrüat

2022-06-09 14:45:00

Maliyyə Nazirliyinin və icra hakimiyyətinin adından pul yığan kimdir? – Şok təfərrüat

Bakıda 1986-ci il təvəllüdlü Xaliq tanışı İlqara qarşı dələduzluq edib.

Hurriyyet.az bildirir ki, Teleqraf.com-un xəbərinə görə, o, İlqara Bakı şəhərinin Böyükşor qəsəbəsi ərazisində sökülən evlərin alaraq həmin evlərin ölçülərini Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti və Maliyyə Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə artırıb, sonradan həmin evləri baha qiymətə satacağına dair yalan məlumat verib.

Xaliq bu yolla 2016-ci ildən 2020-ci ilədək müxtəlif vaxtlarda İlqardan 121.000 manat alıb.

İstintaq orqanı tərəfindən Xaliqin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

“Pul almaq qərarına gəldim”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xaliq bildirib ki, həqiqətən 2016-cı ildən 2020-ci ilə qədər iş görmək adı ilə İlqardan 121.000 manat alıb: “Biz 2015-ci ildə tanış olduq. İlqar “Bakıxanov” ticarət mərkəzində tikiş maşınlarının təmiri və satışı ilə məşğul idi. Ticarət mərkəzində İlqara bildirdim ki, dərzi sexi açmaq istəyirlər, buna görə bizə usta və texniki avadanlıqlar (tikiş maşını) lazımdır. İlqar dərzi sexinə gələrək avadanlıqları quraşdırdı. Həmin vaxtdan münasibətlərimiz yarandı.

O ərəfədə tikinti işləri ilə məşğul idim. Müəyyən şəxslərlə müqavilə əsasında boş torpaq sahəsində təmirli və yaxud da təmirsiz mənzillər tikərək təhvil verirdim. Lakin əlimdə kifayət qədər pul olmadığından iş götürməkdə çətinlik çəkirdim. Buna görə də pul axtardım.

Fikirləşdim ki, İlqarın maddi cəhətdən imkanı yaxşı olduğundan ondan pul ala bilərəm. Qərara gəldim ki, İlqar Kərimovdan iş görmək adı ilə pul alıb, işlərimi gördükdən sonra qaytararam”.

“Mənə inandı”

Xaliqin sözlərinə görə, İlqardan pul almaq üçün belə bir yalan quraşdırıb: “2016-cı ilin payız aylarının sonunda İlqara yalandan bildirdim ki, Bakı şəhəri ərazisində olan bir mərtəbəli köhnə evlərin yerində yol çəkilən, həmçinin hündür mərtəbəli binalar tikilən zaman həmin evləri sahiblərindən pul müqabilində alaraq müəyyən vəzifəli şəxslərlə danışmaqla həmin mənzillərin kvadrat metrini artıraq və qazanc əldə edək. İlqar bu barədə məndən ətraflı soruşduqda dedim ki, məsələn, 1 mərtəbəli yaşayış evi 50 kvadrat metrdirsə, onu müəyyən adamlarla sənədlərdə 150-200 kvadrat metr edir, həmin obyekt və evlər sökülən zaman orada tikinti işləri aparan şirkətdən və yaxud dövlətdən yaxşı qazanc əldə etmək olar.

Əlavə olaraq da qeyd etdim ki, guya həmin işi bir dəfə edib, 150-200 min manat qazanc əldə etmişəm. İlqar məndən işi kiminlə gördüyümü soruşdu. Yalandan dedim ki, guya Maliyyə Nazirliyində və Nərimanov rayon İcra Hakimiyyətində yuxarı vəzifədə işləyən tanışlarım var, onların köməkliyi ilə işi qururam, iş düzələn kimi onlara əlavə hörmət edirəm.

İlqar mənə inanaraq dedi ki, bu işə əl qoymaq istəyir. Dedim ki, Nərimanov rayonu ərazisində “Böyükşor” deyilən ərazidə xeyli sayda mənzillər dövlət tərəfindən sökülür. Söküntü və yolun tikintisi başa çatana qədər həmin evdə yaşayan şəxslərdən pul müqabilində həmin evləri almaq, evlərin sənədlərin hazırlamaq və evlərin sahəsini artırmaq lazımdır. Soruşdu ki, evlərin sahəsini nə qədər artırmaq olar? Bildirdim ki, məsələn, 50 kvadrat metr evi 150 kvadrat metr, 100 kvadrat metr evi 200-250 kvadrat metr etmək olur”.

“İnandırdım ki, Maliyyə Nazirliyində işləyən şəxslərə pul verməliyik”

Xaliq qeyd edib ki, İlqar onunla razılaşıb: “Dedim, özüm də pul verəcəm, o da pul versin. Həmin pullar müəyyən şəxslərə çatacaq, onlar da evlərin sənədini hazırlayacaq, sonda külli miqdarda pul götürəcəyik. Yalandan İlqarı inandırdım ki, guya biz Nərimanov rayon İcra Hakimiyyətində, Maliyyə Nazirliyində işləyən şəxslərə pul verməliyik. İlqar bunun üçün nə qədər pul lazım olduğunu soruşdu. Bildirdim ki, konkret nə qədər pul lazım olduğunu bilmirəm, pullar hissə-hissə çatacaq, həmçinin özüm də pul qoyacam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, beləliklə, 2016-cı ilin sentyabr 2020-ci ilin oktyabr ayına kimi İlqardan ümumilikdə 119.000 manat alıb:

“Pulu hər dəfə İlqardan alan zaman mənzilləri müəyyən şəxslərdən almaq üçün pul lazım olduğunu demişəm. Pulları Bakı şəhərinin müxtəlif ərazilərində - metropolitenin “Neftçilər”, “Əhmədli” stansiyaları, həmçinin İlqarın işlədiyi “Bakıxanov” ticarət mərkəzi yaxınlığında, bundan əlavə “Yaşıl Bazar” adlanan bazarın yaxınlığında ondan götürmüşəm. Aldığım məbləğlər 8.000-13.000 arası dəyişib”.

“Nazirliyin yanında pul aldım”

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə 24 oktyabr 2020-ci ildə İlqarla əlaqə saxlayıb və yalandan deyib ki, artıq 2 günə sənədlər hazırdır, bunun üçün 3.000 manat şirinlik lazımdır: “İlqar etiraz etsə də, onu inandırdım. Dedim ki, 2.000 manat tapsın, 1.000 manat da guya özüm qoyacam.

Səhəri günü, yəni 25 oktyabr 2020-ci ildə İlqarla Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən Maliyyə Nazirliyinin qarşısındakı istirahət parkında görüşdüm. İlqardan 2.000 manat aldım.

Orada görüşməyimə səbəb o idi ki, yalandan İlqara mənzillərin sənədlərini götürmək üçün nazirlikdə kiməsə hörmət etmək lazım olduğunu deyim”.

“Peşmanam”

Təqsirləndirilən şəxs deyib ki, səhəri günü İlqara zəng vurub və deyib ki, sənədlər hələ hazır deyil: “Həqiqətən İlqardan dələduzluq yolu ilə 121.000 manat almışam. Əldə etdiyim pulları öz məqsədlərim üçün istifadə etmişəm. Sonradan qazanc əldə edə bilmədiyimə görə aldığım pulu qaytara bilməmişəm.

İbtidai istintaq dövründə vurulmuş ziyandan İlqara ümumilikdə 18.000 manat, məhkəmə baxışı zamanı isə 2500 manat ödəmişəm. Əməlimdən peşmanam”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən İlqarın sözlərinə görə, təqsirləndirilən şəxsi 2015-ci ildən tanıyır: “Özüm “Bakıxanov” ticarət mərkəzində tikiş maşınların təmiri və satışı ilə məşğulam. 2015-cı ildə ticarət mərkəzində olarkən bir nəfər kişi qadınla mənə yaxınlaşaraq bildirdi ki, dərzi sexi açmaq istəyirlər, buna görə onlara usta və texniki avadanlıqlar lazımdır. Birlikdə “Əhmədli” metrostansiyasının yaxınlığında yerləşən dərzi yerinə getdik. Həmin yerə baxdıqda lazım olan texniki ləvazimatları onlara dedim.

Bir neçə gün sonra həmin şəxslərlə əlaqə saxladım. Xaliq və qadın iş yerimə gələrək avadanlıqlara baxdılar və xoşlarına gəldi”.

Zərərçəkmiş deyib ki, avadanlıqları dərzi yerinə apararaq quraşdırıb: “Xaliqlə aramızda münasibət yarandı. Tez-tez mənə zəng vuraraq tikiş maşınlarının servisi ilə bağlı xahiş edirdi. Mən də tikiş maşınlarını təmir edərək pulumu alırdım. Boş vaxtlarda yanıma gəlib ordan-burdan söhbət edirdi”.

“Dedi ki, evlərin sənədləri yoxdur”

İlqarın sözlərinə görə, 2016-cı ilin sentyabrında Xaliq ona deyib ki, söküntü işləri ilə məşğul olub:

“Bakı şəhəri ərazisində bir mərtəbəli köhnə evlərin yerində yol çəkiləndə, həmçinin hündür mərtəbəli binalar tikilən zaman müəyyən dövlət nümayəndələri ilə danışıb, həmin evlərin kvadrat metrini artıraraq oradan qazanc əldə edib. Təxminən adama 150-200 min manat qazanc götürüblər. Xaliqdən kiminlə iş gördüyünü soruşdum. Həmin şəxslərin Maliyyə Nazirliyində və Nərimanov rayon İcra Hakimiyyətində işlədiklərini dedi. Lakin konkret ad çəkmədi.

Xaliqin dediklərinə inandım. Daha sonra bildirdi ki, Nərimanov rayonunda “Böyükşor” deyilən ərazidə xeyli sayda mənzil plana düşüb, dövlət tərəfindən sökülür. Həmin yerdə yol çəkiləcək, söküntü işləri başa çatdıqdan sonra evlərə görə pul veriləcək. Xaliqdən həmin evlərin sənədinin olub-olmadığını soruşdum. Dedi, evlərin heç birinin sənədi yoxdur. Söküntü və yolun tikintisi başa çatana qədər evlərin sənədlərini hazırlamaq və evlərin kvadratını artırmaq lazımdır”.

“Dedi ki, İcra Hakimiyyətində işləyən şəxsə 20.000 manat getməlidir”

Zərərçəkmişin sözlərinə görə, Xaliq bildirib ki, bu işlərin görülməsi üçün Nərimanov rayon İcra Hakimiyyətinə, Maliyyə Nazirliyinə pul verilməlidir: “Dedi ki, nə qədər xərcimiz çıxsa, ikimiz ödəcəyik. Lakin işin neçəyə başa gəlməsi barədə söz demədi. Mən də Xaliqlə razılaşdım.

2016-cı ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayına kimi Xaliqə hissə-hissə olmaqla bir neçə dəfəyə 121.000 manat verdim. 2016-cı ilin sentyabr ayının sonlarında Xaliq mənə zəng vurdu. Dedi, Nərimanov rayon İcra Hakimiyyətində işləyən adını çəkmədiyi şəxsə 20.000 manat getməlidir, həmin şəxs də bizi qeydiyyatada almalıdı. Xaliqin dediyinə görə, bütün sənədlər onun adına həll olunacaqdır.

İlk dəfə 2016-cı ilin sentyabr ayının sonlarında Xaliqlə “Əhmədli” metrostansiyasının yanında görüşdük, ona 10.000 manat verdim. Xaliq dedi ki, 10.000 manat da özü qoyacaq və 20.000 manatı dediyi yerə çatdıracaq”.

“Bir neçə gün gözlədikdən sonra şikayət etdim”

Zərərçəkmiş şəxsin sözlərinə görə, 2020-ci ilin martında COVID-19 pandemiyası elan olunub: “Xaliq rayona getdi və 1-2 ay qayıda bilmədi. Mən isə özümə məxsus olan tikiş maşınlarını sataraq əldə olunan pulları Xaliqə verdim. Sonuncu dəfə 2020-ci ilin oktyabr ayının 25-də Xaliq mənə zəng vuraraq dedi ki, evlərin sənədləri hazırdır, sənədləri götürmək üçün 3.000 manat şirinilik verməliyik.

Dedim, pulu həmin adama mən verim, sənədləri götürüm. Xaliq bir neçə dəqiqə keçdikdən sonra mənə zəng vurdu. Dedi, həmin adam şəxslərin işə qoşulmasını istəmir.

Oktyabrın 25-də Xaliqlə Maliyyə Nazirliyinin yaxınlığında yerləşən parkda görüşdük. Ona 2.000 manat verdim. Dedi, 1.000 manat da üzərinə özü qoyub, guya Maliyyə Nazirliyində işləyən kiməsə verəcək, sənədləri alacaq.

Xaliqlə təkrar əlaqə saxladıqda dedi ki, pulu həmin şəxsə çatdırıb, bir neçə gün ərzində sənədləri verəcək. Bir neçə gün gözlədikdən sonra şikayət etdim”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xaliq 6 il 6 il 8 gün müddətinə azadlıqdan məhrum edilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya