Makronun İŞİD və İrəvanla dostluğu - terrorçulara o vaxt da, indi də dəstək verib...

2021-11-26 13:14:00

Makronun İŞİD və İrəvanla dostluğu - terrorçulara o vaxt da, indi də dəstək verib...

44 günlük müharibə zamanı özünü ermənidən artıq erməni kimi aparan Parisin yenidən separatçılarla “qol-boyun”olması Azərbaycan ictimai rəyində ciddi narazılıq yaradıb. Məlumdur ki, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında fəaliyyət göstərən oyuncaq “dqr hökumətinin” bəzi nümayəndələrinin Fransaya “işgüzar səfəri” də olub.

Hayk Xanumyan və Artur Tovmasyanı Fransada “rəsmi qonaq” kimi qarşılayıblar. Onlardan biri özünü “nazir”, digəri “parlament spikeri” adlandırır.

Müharibədən sonra qismən “ağıllanan” Fransanın rəsmi strukturları tərəfindən Azərbaycana doğru ünvanlanmış müsbət jestlər vardır və təəssüf ki, ömrü çox çəkmədi. Qarabağda hazırda da mövcudluğunu davam etdirən ünsürlərin noyabrın 15-19-da Fransaya səfəri və bu ölkənin ayrı-ayrı ərazi vahidləri ilə əlaqələr qurmaq cəhdləri, isti qarşılanmaları heç bir hüquqi əsası olmayan və Fransanın özünün qanunlarına zidd  haldır. Məlumdur ki, hələ 2019-cu ildə qondarma “DQR”lə Fransanın bəzi əyalətləri arasında imzalanmış “sənədlər” Fransa məhkəmələri tərəfindən ləğv edilib. Əgər bu gün də Qarabağdakı ünsürlərin Fransaya səfərinə və müxtəlif ərazi vahidlərinin, dövlət strukturlarının rəhbərləri, senatorlarla görüşünə şərait yaradılırsa, deməli, ortada rəsmi Parisin konkret mövqeyi var və bu qanunazidd hallara görə məsuliyyəti də məhz Fransa rəhbərliyi daşıyır.

Fransanın separatçıları isti qəbuldan öncə Yeni Kaledoniya, Korsikada müstəqillik tələblərini necə boğduğuna izahat verməsi daha məntiqli olardı. Həmin ərazilərdə müstəqillik tələblərini qulaqardına vuran rəsmi Paris digər ölkənin ərazisində oyuncaq dövlət qurmaq istəyən separatçıları və terrorçulara niyə meydan verməyinə izahat verməlidir. Fransa legionunun Afrika qitəsində törətdiyi soyqırımlar mövzusu hələ də gündəmdə olduğu bir vaxtda  Parisin “erməni soyqırımı”, “Qarabağdakı ermənilərin hüquqları”, “Azərbaycanın Ermənistana qarşı təcavüzü” kimi  qondarma məsələlər gündəmə gətirməsi həyasızlıq və dövləti saxtakarlıqdır. Yeri gəlmişkən, “TRT World” Fransa xüsusi xidmət orqanlarının İŞİD və PKK ilə gizli əlaqələrini ifşa edən “Zavod: Gizli Fransız Əməliyyatı” adlı sənədli film yayıb. Sənədli filmdə təkzibedilməz faktlarla Fransanın nəhəng “Lafarge” sement şirkətinin Fransa kəşfiyyatının İŞİD və digər terror təşkilatlarını maliyyələşdirməkdə əsas aləti və örtüyü olduğu sübuta yetirilib. Məlum olub ki, “Lafarge” 2010-cu ildə Suriya bazarına daxil olub, Türkiyə və Suriyanı İraqla birləşdirən nəqliyyat yolunun üzərində zavod inşa edib, hərbi əməliyyatlar səbəbindən Suriyadan bütün şirkətlər qaçdığı halda, Fransanın təkidi ilə şirkət Suriyada İŞİD  və PKK yaraqlıları ilə anlaşıb və fəaliyyətini davam etdirib. Fransada aparılan təhqiqata görə, şirkət vasitəsilə terror təşkilatlarına bunun müqabilində 16 milyon dollara yaxın maliyyə ötürülüb. TRT-nin araşdırmasına görə, bundan Fransa rəhbərliyinin xəbərdar olub. Bütün bunlar indiki prezidenti Emmanuel Makronun həmin dövrdə Fransanın xaricdəki sərmayələrinə məsul olan iqtisadiyyat naziri olduğu dövrə təsadüf edib. Buna baxmayaraq, Fransa Azərbaycana böhtan ataraq 44 günlük müharibədə guya suriyalı terrorçuların Azərbaycan tərəfindən döyüşməsi barədə dezinformasiyalar tirajlayırdı. Azərbaycan dövlətinin bu iddialara sübut tələblərinə qarşı Fransa nə müharibə dövründə, nə də sonra bir fakt belə ortaya qoya bilməyərək rüsvay oldu. Rəsmi Paris İŞİD terrorçu qrupları ilə işbirliyi haqqında irəli sürülən ittihamlara, təqdim olunmuş təkzibedilməz faktlara münasibət bildirmək əvəzinə Qarabağda terrorçuları və separatçılara dəstək ifadə edir.

Hökumətin üstünə çox gedirsiniz" - Aqil Abbas

Aqil Abbas: “Fransa, ya özünü yığışdır, ya da səninlə əlaqələrə yenidən baxarıq”

Deputat Aqil Abbas kifayət qədər qəzəblidir: “Öncəliklə deyim ki, İŞİD deyilən təşkilatı elə Avropa qurmuşdu. Ora qoşulan başkəsənlərə, qətllər törədənlərə diqqət edin, hamısı xüsusi təyinatlılar kimidir. İŞİD Avropa layihəsidir və başında da duran Fransadır. Şamil Qurbanov o vaxt dedi ki, Jak Şirak qudurub, töküldülər üstünə. Nəticədə infarkt keçirib həyatını itirdi. İndi də mən qorxuram ki, Makronun qudurduğunu deyim. Fransanın buradakı tulaları, trolları üstümə gələcəklər. İnfarkt olmaq fikrim yoxdur. Yaşamaq istəyirəm, arzum Ağdamda ev tikməkdir, Şuşada yaşamaqdır. Onu da deyim ki, vaxtilə PKK-nı Rusiya yemləyirdi. İndi isə Avropa dövlətləri yemləyir. Təbii ki, onun da başında Fransa durur. Makron ”Ermənistan bizim bacımızdır" kimi sözlər də deyib. Bunların məqsədləri odur ki, Dağlıq Qarabağa status verilməsinə nail olsunlar. Halbuki Dağlıq Qarabağ anlayışı artıq yoxdur. Məqsədimiz aydındır. Möhtərəm prezident deyir ki, ATƏT Minsk Qrupu yoxdur. Təzədən bunlar qurumu diriltmək istəyirlər, amma xeyri yoxdur. Qələbəmizin fatehi sözünü deyib. Biz kəskin mövqe ortalığa qoymalıyıq ki, Fransa ya özünü yığışdır, ya da səninlə əlaqələrə yenidən baxarıq. Günlər öncə Fransa səfiri Ağdama getmişdi. Boynundan tutub həmin dağıntıları, xarabalıqları göstərmək lazım idi".

azer huseynov.jpg (95 KB)

Azər Hüseynov: “Fransa şirkətlərini heç bir layihəmizə buraxmamalıyıq”

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Makrona qulaqburmasının verilməsinin vacib olduğunu söylədi: “Fransa dünya tarixində xüsusi cinayətlərə imza atmış bir dövlətdir. Bu cinayətlər sırasına Əlcəzair qətliamını misal olaraq vermək olar. Həm də Fransada başlanan siyasi proseslər Yaxın Şərqin və dünyanın son adil dövləti Osmanlının süqutu ilə nəticələndi. Yaxın Şərqi və müsəlman dünyasının istismar və işğalının da ideoloji mərkəzlərindən biri Fransadır. Fransanın mövqeyi, Rusiyanın ikili hərəkətləri onu deməyə əsas verir ki, biz xarici siyasət konsepsiyamızı yenidən işləməliyik. Fransaya qarşı xarici siyasətdə bumeranq effektindən istifadə etmək lazımdır. Fransa xaçlı yürüşlərin mərkəzlərindən olub. Ermənilərə də tarixən dəstək veribdir. Orada XV əsrdən ermənilər vardır. Biz nə etməliyik? Biz ilk öncə sual verməliyik ki, bizim oradakı səfirimiz hara baxır. Biz səfirdən soruşmalıyıq ki, son illər ərzində Fransada ictimai çəkili siyasi xadimlər, məmurlardan kiminlə sıx təmaslar qurulubdur. Bir daha ona qayıdırıq ki, Fransadakı erməni amili tərəfimizdən diplomatik və digər rıçaqlarla neytrallaşdırılmalı idi. Xarici siyasətdə yüksək siyasi iradənin sürətinə sürətini çatdıra bilməyən diplomatik korpusumuzun nümayəndələri bundan məsuliyyət daşıyırlar. Bir də Fransa həmişə Amerika ilə dost olubdur. Ona görə Azərbaycan-Türkiyə qardaşlıq və Azərbaycan-Türkiyə-Britaniya əməkdaşlıq layihəsi olan Zəngəzur, görünür, onu da narahat edir. Fransa şirkətlərini heç bir layihəmizə buraxmamalıyıq. Fransa şirkətləri ziyan edəndə, bu cür layihələrdən xeyir götürməyəndə Makrona və regional rəhbərliklərə bir qulaqburması verilməlidir ki, separatçılara dəstək verilməsin”.

Asif Nərimanlı: “Ermənilərin bir hədəfi də əsgərimizi əsir götürmək olub” -  JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı: “Makron bəzən Ermənistanı ermənilərdən daha çox müdafiə edir”

Siyasi analitik Asif Nərimanlı isə bunları dedi: “Fransanın özünün etdiklərinə görə başqa ölkələri ittiham etməsi yeni deyil. Afrikanın soyqırımlarla dolu qaranlıq tarixində bu ölkənin böyük izi var, amma rəsmi Paris başqa ölkələri, xüsusilə Türkiyəni qondarma, olmayan soyqırımda ittiham edir. Azərbaycana qarşı da rəsmi Parisin siyasəti həmişə ”fransız" olub, yəni mövcud olmayan məsələlər uydurulur, ittihamlar irəli sürülür. Halbuki bu ölkə Qarabağ münaqişəsinin həllindən məsul olan Minsk Qrupunun həmsədr ölkəsi idi və əsas işi münaqişənin ədalətli, beynəlxalq hüquqa uyğun, ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstək vermək olmalı idi. Lakin biz Fransanın həmişə həmsədr kimi neytral mövqe sərgiləmədiyini, işğalçı Ermənistana dəstək verdiyini görmüşük. Bu dəstək hazırkı prezident Makronun dövründə daha açıq xarakter aldı. Hətta Makron bəzən Ermənistanı ermənilərdən daha çox müdafiə edir. Belə bir ölkənin Azərbaycana qarşı uydurma iddialar irəli sürməsi təəccüblü deyil, çünki Makron hakimiyyətinin xarici siyasətinə erməni lobbisinin ciddi təsiri var və bu gün ermənilərin əsirinə çevrilmiş Fransa Azərbaycan və Türkiyəyə qarşı eyni aqressiv, adekvat olmayan münasibət sərgiləyir. 44 günlük müharibədə Fransa Azərbaycanı bölgəyə “terrorçu” gətirməkdə ittiham edirdi. Hətta erməni mediasından tirajlanan, heç bir arqumentə söykənməyən bu iddianı Emmanuel Makron dilə gətirməklə nə qədər qeyri-adekvat olduğunu təsdiqləmiş oldu. Ortaya çıxan faktlarsa terrora dəstək verən ölkənin əslində Fransa olduğunu sübut edir və bu ölkə təkcə İŞİD və PKK-ya deyil, Afrikada Boko Harama da, Qarabağda hələ də qalan separatçı-terrorçulara dəstək verir".