Mağazasından oğurluq oldu, günahı özündə görüb işgəncə verdilər… - NAXÇIVAN SAKİNİNDƏN ŞOK AÇIQLAMALAR

2023-01-17 12:55:00

Mağazasından oğurluq oldu, günahı özündə görüb işgəncə verdilər… - NAXÇIVAN SAKİNİNDƏN ŞOK AÇIQLAMALAR

Naxçıxvan şəhər, Qaracuq kənd sakini Əliyev Fərhad Sultan oğlu tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:

“Mən, Əliyev Fərhad Sultan oğlu, yazaraq sizə bildirirəm ki, 26 mart 2020-ci il tarixində Naxçıvan şəhər Qaracuq kəndində yerləşən kirayə işlətdiyim mağaza yarılıb. Həmin tarixdə Naxçıvan şəhər 1 saylı polis bölməsinə şikayət etmişəm. Polis əməkdaşları mağazaya gəlib, araşdırma etmədən, məni polis bölməsinə aparıb izahat alıblar. Gecə saat 3-ə kimi polis bölməsində saxlanılmışam. Saat 3-də buraxıblar.

27 mart 2020-ci il tarixində, səhər saat 9:00 radələrində yenidən polis əməkdaşları - şəhər şöbəsinin rəisi Mirzə müəllim, Babək Rayon Bolis bölməsinin rəisi “Topal” ləqəbli Elşən müəllim, 1 nömrəli polis bölməsinin rəisi Tariyel müəllim mağazama gəlib, məni qolu qandallı şəhər polis idarəsinə aparıblar. Orada barmaq izi götürdükdən sonra, məni 2-ci mikrorayonda yerləşən 1 saylı polis bölməsinə aparıblar. Məni aparan serjantın adı Hikmət idi. Hikmət polis bölməsində mənə ağır işgəncələr verdi.

3 gün tamam olduqdan sonra məni evə buraxdılar. Evə gəldikdən sonra şəxsi mobil telefonla videomu çəkib, bədənimdəki izləri göstərib, intahar edəcəyimi bildirmişdim. 1 gün sonra, yəni 31 mart 2020-ci il tarixində məni yenidən 1 saylı polis bölməsinə apardılar. “Sedmoy”un rəisi Mustafa müəllim mənimlə söhbət etdikdən sonra telefonumu yoxladı və həmin videonu gördü. Videonu telefonumdan sildikdən sonra polis əməkdaşı Samir Qəmbərov gəlib məni digər otağa apardı. "Oğurluğu boynuna al deyərək", cibindən 1 “paçka” 100 manatlıq çəxarıb stolun üstünə qoydu. Əlavə etdi ki, "əgər oğurluğu boynuna alsan, bu pul sənindir". Mən razı olmadıqda isə yenidən məni “padval”a salaraq döyməyə başladılar. Həmin işgəncə zamanı polis bölməsinin rəisi Tariyel müəllimin özü də iştirak etdi.

Bundan sonra valideyinlərim Naxcivan DİN-ə şikayət etdilər. Zahid müəllim (indiki nazir müavini) işə qarışandan sonra məni buraxdılar. Mən buraxılan müddət ərzində hər gün polis  bölməsinə aparıldım. Yenidən sorğular keçirildi. Aprel ayının 7-də Nəcəf adlı polis əməkdaşı məni çağıraraq şəxsi avtomobilində (ağ rəngli VAZ 21-015) söhbət edərək bildirdi ki, "məni bura cənab Nazir göndərib ki, sən bu oğurluğu boynuna al.  İlin sonunda nazir Bakıya gedəndə 1 oğurluğa görə Azərbaycan Respublikası Daxili İşlər nazirinin qarşısında boynu bükük durmasın". Mən yenə razı olmadıqda isə, hədə-qorxu gəldi ki, "indi mən burdan gedəcəyəm, PPX əməkdaşları səni gəlib ekipaja basıb aparacaqlar, nazirlikdə sənə “tok” verəcəklər."

Bundan sonra, təqribən aprel ayının 15-16-da mənim mağazamı yaran oğru tapıldı. Üzləşmək üçün məni polis idarəsinə çağırdılar. Orada bildirdim ki, gedib sizi şikayət edəcəm. Mirzə müəllim qolumdan tutub məni çölə çıxardı və dedi ki, "elə eləmə bu oğurluğu sənin üstünə qoyum". Bundan sonra mən Naxçıvan şəhər prokroru Elsəvər müəllimin yanına getdim və şikayətimi bildirdim. O, mənə dedi ki, "sən heç bilirsən Tariyel müəllim kimdir? Onun atası cənab sədr Vasif Talıbovla bir sinifdə oxuyub, get başını sal aşağı, mağazanı sakit-səssiz işlət”.

Bundan sonra artıq heç kimə müraciət edə bilmədim. Bildirdilər ki, əgər bu haqda kiməsə şikayət bildirsən, sənin nəslində kimsə varsa, işləyən hamını işdən çıxardacağıq.

Mağaza yarılan tarixdən oğru tapılan tarixə qədər mağazamı açmağa icazə vermədilər. İçərisində qalan bəzi vaxtlı malların tarixi keçdi, soyuducu işləmədiyinə görə xarab olanlar oldu. Ümumilikdə 2-3 min manata qədər maddi ziyanımla birlikdə, mənə verilən işgəncəyə görə heç kim cəzalanmadı. Mənə işgəncə verən serjantın adı Hikmət idi. Əvvəllər “sedmoy” rəisinin şoferi işləyib.

Naxçıvanda bir çox insanların başlarına bundan betər oyunlar açılıb. İnsanlar qorxduqları üçün susublar. Sizin redaskiyadan xahiş edirəm ki, bu məsələni işıqlandırın”.

Jalə FAMİLQIZI

Redaksiyadan. Yazıda adları qeyd olunan şəxslərin mövqeylərini dərc etməyə hazırıq.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.134702