Saat:15:23
Haqqımızda

MAĞAZASINDAN DƏFƏLƏRLƏ OĞURLUQ OLDU, DAHA SONRA QƏSDƏN YANDIRILDI… - Kürdəmir sakini deyir ki, polis cinayət hadisələrini ört-basdır edir…

2023-01-25 14:15:00

 MAĞAZASINDAN DƏFƏLƏRLƏ OĞURLUQ OLDU, DAHA SONRA QƏSDƏN YANDIRILDI… - Kürdəmir sakini deyir ki, polis cinayət hadisələrini ört-basdır edir…

Kürdəmir rayonu, Qaramahmudlu kənd sakini Niftalıyev Azər Yusif oğlu tərəfindən “Hürriyyət” qazetinin redaskiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi deyir ki, mağazası 3 dəfə qarət olunub, oğru kameralara da düşüb, lakin Kürdəmir polisi bu işə başısoyuq yanaşır:

“Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Mən, Niftalıyev Azər Yusif oğlu, 2017-ci ildə öz həyətyanı sahəmdə fərdi büdcəmlə kiçik biznes fəaliyyətinə başlayaraq, kənd sakinlərinə xidmət etmək məqsədilə “Yusuf Market” adlı ticarət dükanı açdım. Bu minvalla kənddə nümunəvi xidmət göstərərək, ticarət fəaliyyətimi genişləndirib, sahibkarlıq fəaliyyətimi davam etdirirdim.

2021-ci il dekabrın 22-də, axşam saat 20:00-da naməlum şəxslər oğurluq məqsədi ilə mənim ticarət obyektimə soxulublar. Ərzaq və spirtli içkilərin obyektə quraşdırdığım kameraların görüntüsündə maskalı şəxslər tərəfindən talan olunduğunu gördüm. Bu hadisə barədə dərhal Kürdəmir rayon Polis Şöbəsinə məlumat verdim. Əfsuslar olsun ki, Polis Şöbəsi heç bir tədbir görmədi.

Bu hadisədən az müddət keçməsinə baxmayaraq, 2022-ci il, 10-11 fevral tarixlərində, axşam saat 20:00-da yenə oğurluq hadisəsi baş verdi. Əvvəlki hadisə kimi, kamera görüntüsündə yenə iki nəfər maskalı şəxsin obyektin arxa tərəfindən mağazanın anbarına soxularaq ərzaq və digər spirtli içkilər apardıqları görünür. Yenə Kürdəmir polisinə şikayət etdim, amma sanki bu hadisəni kimlərsə ört-basdır edirdi.

Bu hadisədən sonra mən izləmə kameralarının sayını artırmağı məqsədəuyğun saydım. Əlavə olaraq obyektə siqnalizasiya qurğuları quraşdırdım. Əlavə etdiyim tədbirlərə baxamayaraq bu maskalı şəxslər 2022-ci ilin mart ayının 8-də gecə, saat 20:00-da mağazanın ön qapısının qıfılını qıraraq içəri daxil olarkən siqnalizasiya aparatı işə düşdü və mənə zəng gəldi. Mən dərhal hadisə yerinə getdim. Lakin həmin vaxtadək artıq oğrular qaçmışdı.

Növbəti dəfə də Kürdəmir polisinə müraciət etdim, iradımı bildirdim. DİN-in 102 xidmətinə də məlumat vermişəm. 2022-ci il, mart ayının 16-da, gecə saat 3-də siqnalizasiya qurğusu yenidən işə düşdü və gördüm ki, artıq mənim ticarət obyektim yanır. Mən dərhal yanğınsöndürənə və 102 xidmətinə məlumat verdim. Lakin artıq mallarla birlikdə mağaza yanıb kül olmuşdu. Kürdəmir rayon polis şöbəsi hadisə yerinə gəldi, amma heç bir tədbir görmədilər. Hadisədən 2 gün sonra özüm yaxın qohumlarımla birgə hadisəni törədən şəxslərin izinə düşdüm. Hadisə yerindən 100 metr məsafədə hadisəni törədənlərin bir ədəd lom, dörd ədəd maska, iki ədəd əlcək və yandırıcı butulkadakı maddələrin qalıqlarını aşkarladıq. Həmin dəlil-sübutları dərhal rayon Polis Şöbəsinə təqdim etdim. Onlar bu dəlil-sübutlara, kamera görüntülərinə istinad etmədən, araşdırmanı qeyri-obyektiv apararaq tələm-tələsik bu cinayət işini bağladılar. Dəfələrlə şikayətlər etdikdən sonra kameradakı görüntülərə bənzəməyən bir neçə kənd sakini polis bölməsinə çağırıldə. Çalışırdılar ki, mənim hadisəni konkret törədənlərdən fikirlərimi yayındırsınlar. Şübhələndiyim insanları polis bölməsinə çağırmırdılar. Halbuki, görüntülərdən aydın başa düşmək olur ki, bu oğrular kimlərdir.

Ardıcıl şikayətlərimdən sonra həmin 2 şəxsi də polisə çağırıb, izahatlarını alıb, inzibati cəza verərək buraxdılar. Odur ki, Kürdəmir rayon Polis Şöbəsi rəhbərliyinin qəsdən törədilmiş bu yanğın hadisəsi nəticəsində mənə dəymiş 70-80 min manat civarında maddi ziyanı ört-basdır etməyə çalışdığı haqda məndə konkret şübhələr yaradır.

Cənab Prezident!
Mən və ailə üzvlərim adından yazıb sizlərdən xahiş edirik ki, bizim ölkəmizdə dövlətin və onun vətəndaşının hüquq və azadlıqlarını müdafiə edən hüquq-mühafizə orqanlarının öz vəzifələrini, yəni Kürdəmir rayon polis şöbəsinin öz şərəfli işinə və vətəndaşına qarşı laqeydsizliyi aidiyyəti orqanlar tərəfindən ciddi araşdırılsın. Qəsdən törədilmiş yanğın hadisəsinin obyektiv araşdırılması və bizim ailəyə küllü miqdarda maddi ziyan vurmuş cinayətkarların cəzalandırılması və bizim təhlükəsizliyimizin hüquq-mühafizə orqanları tərəfindən qorunması üçün aidiyyəti orqanlara ciddi göstəriş vermənizi xahiş edirik”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR