Saat:11:58
Haqqımızda

“Mağaza sahibinin dələduz olduğunu qızım gəlin köçən gün başa düşdük”

2021-09-21 10:40:00

“Mağaza sahibinin dələduz olduğunu qızım gəlin köçən gün başa düşdük”

Vətəndaş Qasım Quliyev "Riyad" mebel ticarət mərkəzində yerləşən “Avanqard” dükanının sahibi Rahim Mütəllimov tərəfindən dələduzluğa məruz qaldığını iddia edir.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya müraciət edən ehtiyatda olan hərbçi Q. Quliyev bildirib ki, bu ilin iyulun 5-də Xırdalan şəhərində yerləşən həmin dükanın sahibi Rahim Mütəllimovdan qızı üçün cehizlik yataq dəsti almaq məqsədilə 2400 dollar (4080 manat) ödəyib: “Malın anbarda qalması barədə qaimə almışam. Rahim mənə bildirmişdi ki, istənilən tarixdə yataq dəstini Bakı şəhəri ərazisində lazım olan ünvana çatdıracaq. Lakin etibarımdan sui-istifadə etdi və dələduzluq edərək nə təyin etdiyim günü, nə də sonradan yataq dəstini mənə çatdırdı. Mən dəfələrlə Rahimlə əlaqə saxlayıb, yataq dəstinin çatdırılmasını tələb etsəm də, mənə cavab olaraq hər gün "yarım saata, bir saata, iki saata, bü gün ərzində” çatdıracağına söz versə də, buna əməl etmədi.

Avqustun 22-də qızım gəlin köçdü. Səhər saat 09:00-dan 21:00-dək "Riyad" ticarət mərkəzində bütün ailə üzvlərimlə birlikdə yataq dəstinin çatdırılacağı ümidi ilə gözlədik və sonradan Rahimin pulu mənimsədiyini, anbara ödəmədiyini və bu səbəbdən anbardan malın buraxılmadığını, aldadıldığımızı başa düşüb “102” xidmətinə məlumat verdik. Abşeron rayon Polis Şöbəsinə də ərizə ilə müraciət etdik. Abşeron rayon Polis Bölməsində polis əməkdaşları onu tibbi maskada olmağına baxmayaraq tanıdılar, köhnə tanışlar kimi onunla əllə görüşdülər və ona verdikləri suallardan məlum oldu ki, Rahim dəfələrlə başqa vətəndaşlara da eyni hərəkətlər edib aldadaraq onlara qarşı da dələduzluq edib.

Rahimin bu dələduzluğu nəticəsində övladım cehizsiz olaraq gəlin köçdü və bu da məni oğlan evi qarşısında biabırçı duruma saldı. Məcbur olub yaxınlarımdan borc götürərək avqustun 23-də həmin mebel dəstini başqa mağazadan 620 manat ziyanla, yəni 4700 manata almalı oldum. Bundan sonra mən Rahimlə əlaqə saxlayıb artıq mebel aldığımı ona bildirdim və ondan 4080 manat ödədiyim pulu geri tələb etdim. Bu günədək pulu geri qaytarmır, hər gün bu gün-sabah deyə-deyə vədinə əməl etmir. Bununla bağlı “Riyad” ticarət mərkəzinin rəhbərliyinə də məlumat vermişəm. Rəhbərlikdən də mənə bildirildi ki, yalnız Abşeron rayonu Polis İdarəsində Rahimin əməllərinə hüquqi qiymət verildikdən və bu barədə rəsmi məktub göndərildikdən sonra onun biznes fəaliyyətini qiymətləndirə bilərlər”.

Q. Quliyev əlavə edib ki, 3 ildir ki, ordudan ehtiyata buraxılıb: “26 il Azərbaycan Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət etmişəm. Xidmətim dövründə dəfələrlə medallar, fəxri fərmanlarla təltif edilmişəm. Həmçinin 90-cı illərdə Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərək yaralanmışam”.

“Qafqazinfo” yazıda adıçəkilən mebel dükanın sahibi Rahim Mütəllimovla əlaqə saxlayıb. O qeyd edib ki, müştəri ilə aralarında anlaşılmazlıq yaranıb: “Onlar malı yox, pullarını nağd şəkildə istəyirlər. Biz də pulu yaxın günlərdə geri qaytaracağıq”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR