Saat:08:51
Haqqımızda

Lökbatanda vulkan püskürməsi ilə bağlı yeni AÇIQLAMA - YENİLƏNİB + VİDEO

2022-08-11 13:45:00

Lökbatanda vulkan püskürməsi ilə bağlı yeni AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu ərazisində püskürən palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

O qeyd edib ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir:

“Müvafiq monitorinqlər həyata keçirilir. Lökbatan palçıq vulkanı Bakıdan 15 km cənub-qərb istiqamətində Xəzər dənizi sahilində eyniadlı neft-mədən sahəsində yerləşir. Lökbatan palçıq vulkanı dünyada 5 ən aktiv palçıq vulkanından biridir. 1810-cu ildən bu günədək vulkan 25 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2017-ci ildə qeydə alınıb”.

11:26

“Lökbatan vulkanı Abşeronda olan aktiv vulkanlardan biridir. Burada dəfələrlə güclü vulkan püskürməsi hadisəsi qeydə alınıb”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınan vulkan püskürməsi hadisəsi çox güclü olmasa da, dörd dəqiqə ərzində davam edib.

Baş direktor bildirib ki, vulkanın dərinliyi 3 kilometr olub: 

“Yəni, palçıqla birlikdə püskürmə 3 kilometrdən başlayıb. Ümumilikdə, cəmi bir püskürmə qeydə alınıb. Amma xırda püskürtülər isə hündürlüyə qalxmasa da, davam edəcək”.

AMEA-nın Geologiya və Geofizika İnstitutundan qeyd edilib ki, bu, güclü püskürmədir:

“Gurultulu səslə başlamış vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb. Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb. Məlumat üçün bildiririk ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib”.

11:02

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində palçıq vulkanı püskürüb. 

Hurriyyet.az bildirir ki, püskürməni əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.

Videoda palçıq kütlələrinin bir neçə metr yüksəkliyə atıldığı görünür. 

Həmin videonu təqdim edirik:

Qeyd edək ki, Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı, Abşeron yarımadasında yayılıb. 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR