"Lirənin kəskin dəyərsizləşməsi Azərbaycan hökuməti üçün də dərs olmalıdır" - QUBAD İBADOĞLU

2021-11-25 10:35:00

"Neft-qaz gəlirləri azalan kimi həm Rusiyada, həm də Azərbaycanda qara günlər başlayacaq"

"Son günlər Türk lirəsinin kəskin dəyərsizləşməsi Azərbaycan hökuməti üçün də dərs olmalıdır. Türkiyənin bu günü bir neçə ildən sonrakı post-neft Azərbaycanının və Rusiyanın gələcəyidir". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğluya məxsusdur.

"Heç kəsə sirr deyil ki, hazırda Azərbaycan manatı və rus rublunun sabitliyi yalnız neft-qaz gəlirlərinin sayəsində təmin olunur" deyən iqtisadçı alim hesab edir ki, bu gəlirlər azalan kimi həm Rusiyada, həm də Azərbaycanda qara günlər başlayacaq: "Təəssüf ki, büdcə xərclərini son 4 ildə 23,2 faiz artırıb, həmin dövr ərzində qeyri-neft sektorunun 4 dəfəyədək az - 6,2 faiz artımına malik olan Azərbaycan hakimiyyəti bu təhlükənin qarşısını almaq üçün lazım olanların heç onda birini etmir. Çünki ölkədə idarəetməyə məsul olan hər kəsin başı korrupsiya, inhisarçılığa, büdcədən talanan, gizli iqtisadiyyatdan formalaşan kapitalın ölkədən çıxarılıb ofşor şirkətlərin qurulmasına qarışıb".

Türkiyə gəlincə, Qubad İbadoğlunun sözlərinə görə, təhlükə hələ də sovuşmayıb, xüsusilə də bu və gələn ay kritik olacaq.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az