LENTSOVU “MÜƏLLİM-GENERAL”LA ƏVƏZ EDİRLƏR - “Sülhməramlılar”ın yeni komandiri kimdir? + FOTO

2023-08-28 16:17:55

LENTSOVU “MÜƏLLİM-GENERAL”LA ƏVƏZ EDİRLƏR - “Sülhməramlılar”ın yeni komandiri kimdir? + FOTO

Rusiya son zamanlar özünün Qarabağdakı müvəqqəti hərbi kontingentinin başçılarını necə deyərlər, “əlcək kimi” tez-tez dəyişməkdədir.

Hurriyyet.az xəbər verir ki, erməni KİV-lərinin yazdığına görə, cari ilin aprelində bu vəzifəyə təyin olunan və separatçı erməni hərbi birləşmələrinin təminatı üçün əlindən gələni edən general Aleksandr Lentsov başqa bir generalla – Kirill Kulakovla əvəzlənəcək.

Xatırladaq ki, Lentsovun təyinatından cəmi üç gün əvvəl Azərbaycan Laçında öz sərhəd keçid məntəqəsini quraşdırmışdı. Həmin vaxt ermənilərin arvadının erməni millətindən olduğu bildirilən general Lentsovdan yolun açılması və sərhəd keçid məntəqəsinin götürülməsi ilə bağlı ciddi gözləntiləri vardı. Onlar hesab edirdilər ki, Moskvanın və Qərbdəki ermənipərəstlərin təzyiqləri, eləcə də Lentsovun şəxsi təşəbbüsləri nəticəsində Azərbaycanı geri çəkilməyə məcbur etmək mümkün olacaq. Ancaq xam xəyallar növbəti dəfə “suya düşdü”...

 

 

İndi yəqin ki, Lentsov da digər əksər sələfləri kimi Ukrayna cəbhəsinə atılacaq. Girdiyi bataqlıqda çapalayan Rusiya ordusunun belə təcrübəli generallara böyük ehtiyacı var. Ancaq Ukraynadakı müharibənin ötən bir il yarımlıq gedişatı göstərir ki, Rusiya generalları barədə rəvayətlər reallıqda özünü qətiyyən doğrultmur və Rusiya ordusunun ən başlıca problemlərindən biri məhz korrupsiyadan “şişmiş” savadsız generalların bacarıqsızlığıdır...

Maraqlıdır ki, Kreml ilk dəfə Qarabağa döyüş təcrübəsi olmayan, Rusiyanın xaricdəki və separatçı bölgələrdəki əməliyyatlarında iştirak etməmiş bir generalı göndərir. Kirill Kulakovun rütbəsi də böyük deyil. Məsələn, onun sələfi olan, Suriyada, Gürcüstanda, Çeçenistanda, hətta Əfqanıstandakı əməliyyatlarda iştirak etmiş Lentsov general-polkovnik rütbəsində ikən, Kulakov general-mayordur. Onun hərbçi bioqrafiyası da olduqca zəifdir.

 

1969-cu ildə Rostov vilayətinin Novoandrianovka kəndində Ukraynadan köçmüş ailədə anadan olan Kulakovun hərbçi karyerasının böyük hissəsi hərbi məktəbdə müəllimliklə keçib. Kulakov 20 ilə yaxın müddətdə - 1995-ci ildən 2014-cü ilə qədər Kazan Ali hərbi məktəbində müəllim kimi çalışıb. Hərbi ixtisası tankçı olan Kulakov 2014-2017-ci illərdə tank briqadasına rəhbərlik edəndən sonra yenidən Kazandakı məktəbə qayıdıb və 2017-ci ildən bu günə kimi həmim məktəbə rəhbərlik edib.

Öz sələfləri ilə müqayisədə kifayət qədər sönük hərbi keçmişə, təcrübəyə malik olan Kulakovun belə bir mürəkkəb dövrdə Qarabağdakı hərbi kontingentə rəhbər göndərilməsi kifayət qədər düşündürücüdür...

Ümumiyyətlə, indiyə kimi “sülhməramlı” komandirlərin ən iddialısı və özündənrazısı Rüstəm Muradov olub. Bu da onun Qarabağdakı hərbi kontingentə rəhbərlik dövrünün hələ Rusiyanın “havalı” – Ukraynada burnu əzilməmiş vaxtlara düşməsilə ilə bağlıydı. 

 

 

Sonradan bu başa bəla general Ukrayna müharibəsində özünün bütün “istedadını” göstərdi. Uqledar ətrafında cəmi bir döyüşdə Rusiyaya aid 10-larla hərbi texnikanı və yüzlərlə əsgəri güdaza verən Muradov bir müddət sonra ümumiyyətlə, cəbhədən çəkilərək, uzaq hərbi dairələrdən birinə “istirahətə” göndərildi.

Ən əsası isə odur ki, komandirlərinin kim olmasından asılı olmayaraq, Azərbaycanın bədənindəki yad cisim olan “sülhməramlı” kontingent 10 noyabr sazişində göstərilən müddət bitən kimi çıxarılaraq, məlum “rus gəmisi”nin istiqməıtində göndərilməlidir...

Cəlal Məmmədov

“AzPolitika.info”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.135540